ABŞ Konqresinin Nümayəndələr Palatası uzun həftəlik gecikmələrdən sonra inamlı səs çoxluğu ilə Ukraynaya dəstəklə birbaşa və ya dolayısı ilə əlaqəli məqsədlər üçün təxminən 61 milyard dollar ayıran qanun layihəsinin lehinə səs verib. Qanunvericilik prosesi başa çatdıqdan sonra Vaşinqton Kiyevə bir neçə aydır dayandırılan hərbi təchizatı bərpa edə biləcək. Ukraynaya dəstək qanun layihəsinə ümumilikdə 60,84 milyard dollar xərclənmə daxildir, lakin bu, Kiyevə hərbi təchizatdan sonra azalan ABŞ hərbi təchizatını bərpa etmək üçün 23,2 milyard dollar və ABŞ-ın regionda davam edən hərbi fəaliyyətləri, məsələn, Ukrayna hərbçilərinin öz ölkəsindən kənarda təlimi və hərbi mövcudluq kimi 11,3 milyard dolları əhatə edir. “Politico” və “Washington Post” qəzetlərinin bu həftə bildirdiyinə görə, Pentaqon Ukraynaya yenilənmiş hərbi yardımın böyük bir hissəsini əvvəlcədən hazırlayıb ki, büdcə yekunlaşdıqdan sonra Ukrayna ordusuna döyüş sursatı çatdırmaq “bir həftədən az vaxt aparacaq”. Həmçinin şənbə günü Nümayəndələr Palatası İsrail və Tayvana yardım paketlərinə ayrı-ayrılıqda səs verib. Amerika Birləşmiş Ştatlarının nümayəndələr palatasında keçirilən müzakirələr və əldə olunan nəticə ABŞ-ın geopolitik maraqlarının təminatını yönündədir. "Ukrayna, İsrail eləcə də Tayvana 4 hissədən ibarət 95 milyard dollarlıq xarici yardım paketinin qəbul edilməsi məhz Vaşinqtonun dünyanın müxtəlif bölgələrdə maraqlarının təminatı yönündə maliyyə yardımı kimi anlaşılır. Şübhəsiz ki, Ukrayna ərazisində gedən müharibə Şərqi Avropa və ümumilikdə Avropanın təhlükəsizliyi üçün İsrailin həyata keçirdiyi yerüstü əməliyyatlar yaxın Şərqdə İsrail- ABŞ müttəfiqliyinin daha da möhkəmlənməsi üçün, Tayvana verilən dəstək Çinin iqtisadi qüdrətinə və iqtisadi hegemonluğuna qarşı ABŞ-ın maraqlarının təsirli olması yönündə atılan mühüm addımdır". Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq İlyas Hüseynzadə bildirib ki, Amerika Birləşmiş Ştatları həmdə dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsilə bağlı uzun müddətdir ki, müzakirə olunan məsələni qanunvericilik müstəvisində həllinə nail oldu və Amerika Birləşmiş Ştatları bununla Rusiyaya güclü zərbə vurmaq niyyətini güdür. İlyas Hüseynzadə “Bu addım Kreml tərəfindən böyük narahatlıqla və qəzəblə qarşılanıb. Amerika Birləşmiş Ştatları nümayiş etdirir ki, öz maraqları naminə böyük həcmdə vəsaitləri xərcləməkdə maraqlıdır. Bu, hazırda ABŞ-ında maraqlarının təmsil olunduğu münaqişələrdə mövqeləri daha da artırmağa yönəlib. Amerika Birləşmiş Ştatları həm də bu münaqişələrin müddətini bir qədər də uzatmış oldu. Həm Qəzza bölgəsində, həm Ukraynada, həm Sakit-Hind Okeanı hövzəsində Vaşinqton geopolitik ambisiyalarını daha da sürdürür. Bu, həm də ilin sonunda Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkilərinə dair bir ictimai rəyi qazanmaq məqsədi daşıyan qanun lahiyəsi kimi də başa düşülə bilər”-deyən politoloq bildirib ki, burada demokratları respublikaçılarla çox gərgin bir mübarizə gözləyir. İradə Cəlil, Bizimyol.info