EN

“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH

“Əgər beynəlxalq maliyyə korporasiyaları bu dövlətlərə investisiya qoyursa, insan haqları ilə bağlı hesabatları əsas götürürlər və reytinqlərdə ölkələrin iqtisadi rentabelliyini azaltmağa çalışırlar. Məsələn, az maliyyə qarşılığında çox sayda şərt qoymaqla dövlətləri bir növ maliyyə ağırlığı içərisində ilə yükləmək siyasətinə üstünlük verirlər. Bu mənada təsiredici mahiyyət var, amma əslində dünyanın aparıcı dövlətləri insan hüquqları hesabatında demək olar ki, pislənir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli ABŞ Dövlət Departamenti İnsan Haqları Təcrübələri üzrə illik Ölkə Hesabatını şərh edərkən bildirib. Azərbaycan əleyhinə irəli sürülən arqumentlərə diqqət çəkən Əziz Əlibəyli vurğulayıb ki, bu arqumentlərə ayrı-ayrılıqda cavab vermək olar: “Azərbaycanın bir günlük əməliyyat keçirməsinin əsas səbəbi suverenliyin bərpası idi. Bilavasitə insan haqları hesabatını əlində əsas tutub dövlətlərə təsir mexanizmini yaratmaq istəyən ABŞ nəzərə almalıdır ki, hər bir dövlətin suveren hüquqlarını müdafiə etməsi onun beynəlxalq hüquqla nəzərdə tutulan haqqı və BMT-nin Nizamnaməsindən irəli gələn vəzifəsidir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan ərazisində Dağlıq Qaranbağ adlı ərazi vahidi yoxdur. Bununla da ABŞ Dövlət Departamenti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir”.

Paşinyan

Hesabatda şiə müsəlmanlarının İranla əlaqədə olduqları iddiası ilə həbs edilməsi də qeyd olunub. Bu məsələni şərh edən Əziz Əlibəyli qeyd edib ki, hesabat hazırlanarkən məhkəmə hökmünə istinad edilməli idi: “Bu iddia adlandırılmamalı idi. İran qonşu müsəlman ölkələrində apardığı şiə ideologiyası ilə hərbi, yarım-hərbi və kəşfiyyat sistemi qurub. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu ifşa olundu və darmadağın edildi. Şübhə yoxdur ki, bu Azərbaycanı ittiham etmək və əslində arxasında İranın dayandığı şiə narazılığından ABŞ-nin yararlanmaq ehtimalını önə çıxarır. Məmurların əksəriyyətinin cəzalandırılması məsələsinə gəlincə, bu kimi addımların qənaətbəxş olub-olmaması ilə bağlı fikir söyləmək çətindir. Bizim diqqətimiz daha çox təhlükəsizlik məsələsinə yönəldiyi üçün biraz zamana ehtiyac var. 2020 və 2022-ci illərdə hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri və ya ayrı-ayrı şəxslər tərəfindən törədilmiş iddia edilən sui-istifadə halları ilə bağlı düşünürəm ki, Azərbaycan tərəfinin kifayət qədər sənədləri və materialları var. Hesabat beynəlxalq insan hüquqlarına əsaslanırsa, nə üçün torpaqların işğal altında qalması, insan hüquqlarının pozulması, Ermənistanın cinayətləri, onların dəstəklədikləri Qarabağdakı separatçıların cinayətləri, müharibə və insan haqları cinayətləri, bunların nəticəsi kimi sosial-siyasi paktın şərtlərinin pozulması kimi məsələlər gündəmə gəlmədi? Azərbaycanın müstəqilliyinə zərbə vuran İran kəşfiyyat sisteminin ifşa olunması və bununla bağlı siyasətə nəyə görə dəstək göstərilmir? Halbuki, ABŞ bu mövzuda daha çox həssas idi. Azərbaycan terrora qarşı apardığı mübarizədə nəyə görə dəstəklənmir? ABŞ-nin ikili rolunda ortaya erməni lobbisinin, İranın nə qədər təsiri var? kimi suallar çıxır. Türkiyənin Xarici işlər naziri də bu məsələyə ciddi reaksiya verdi. Türkiyə terrorla mübarizə aparır, amma hesabatda PKK ilə bağlı heç bir cümlə yoxdur. Eyni zamanda mənbələr göstərilmir, ümumi şəkildə hədəf göstərilir. Həqiqətən insan haqları barədə hesabat işlənirsə, nə üçün Qəzzada davam edən soyqırım, Fələstin xalqının haqlarına hesabatda yer verilməyib? Bu mənada hesabata ABŞ-nin təsir aləti kimi baxmaq olar. Azərbaycan reaksiya versə də, ciddi əhəmiyyət verməyəcək”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İnsan Haqları Təcrübələri üzrə illik Ölkə Hesabatını dərc edib. Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, sentyabrın 19-20-də Azərbaycan Dağlıq Qarabağa tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat keçirib.

“Sentyabrın 24-dən oktyabrın 1-dək 100 000-dən çox Dağlıq Qarabağ sakini - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb”.

Sənəddə həmçinin deyilir ki, il ərzində hökumətin qeydə aldığı qurumlardan kənarda ibadət edən çox sayda şiə müsəlmanları İranla əlaqədə olduqları iddiası ilə həbs edilib.

“Hökumət insan haqlarını pozduğu bildirilən məmurların əksəriyyətini cəzalandırmaq üçün etibarlı addımlar atmayıb. 2020 və 2022-ci illərdə hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri və ya ayrı-ayrı şəxslər tərəfindən törədilmiş iddia edilən sui-istifadə halları ilə bağlı hökumətin araşdırmaları ilə bağlı heç bir irəliləyiş qeydə alınmayıb”, sənəddə qeyd edilir.

Hesabatın əhatə etdiyi 2023-cü il Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünə təsadüf edib. Hesabatlar digər sazişlərlə yanaşı, bəyannamədə qeyd olunan beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına əsaslanır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
58
1
musavat.com

2Sources