Bakı, 30 aprel, AZƏRTAC
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İnam Kərimov Əlcəzair Xalq Demokratik Respublikası Ali Məhkəməsinin yaradılmasının 60 illiyi münasibətilə müxtəlif ölkələrin Ali Məhkəmələrinin sədrlərinin və rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq konfransda iştirak edib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, digər sahələrdə olduğu kimi, məhkəmə sahəsində də rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Konfrans çərçivəsində, həmçinin ikitərəfli görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Səfərin ikinci günü İnam Kərimovla Əlcəzairin Ali Məhkəməsinin sədri Tahar Mamouni arasında ikitərəfli görüş keçirilib. Tahar Mamouni ötən il Bakıya etdiyi səfəri xatırladaraq Azərbaycan Respublikası Ali Məhkəməsi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib və hər iki ölkənin məhkəmələri arasında əməkdaşlıq perspektivlərinə toxunub.
Səfər çərçivəsində ədalət mühakiməsinin inkişafı, iki dost dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb.
Görüşlərdə Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev də iştirak edib.