EN

G7 ölkələrinin qərarının Rusiyaya hansı təsirləri olacaq? - RƏY

Rusiyaya qarşı sanksiyalar genişləndirilməyə davam edir. 

Belə ki, G7 ölkələrinin energetika nazirləri Rusiya qazının idxalından imtina etmək üçün işi davam etdirmək barədə razılığa gəliblər. Bu, nazirlərin İtaliyanın Turin şəhərində keçirilən görüşün yekunlarına dair bəyanatında qeyd olunub. 

Bəs bu həmlə Rusiyaya nə qədər təsir göstərəcək? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, daha öncə də Avropa İttifaqı tərəfindən Rusiya qazından imtina etməklə bağlı müəyyən qərarlar verilmişdi:

"Həmin qərarlardan sonra bəzi imkanı olan ölkələr Rusiyadan qaz almaqdan imtina etdilər. Rusiya qazından asılı olan bəzi ölkələr isə ödənişi rublla edərək prosesi davam etdirdilər. Çünki alternativi olmadan birdən-birə Rusiya qazından imtina etmək mümkün deyil. Amma tədricən bu istiqamətdə müəyyən addımlar atıldı.

Məsələn, Rusiya 2-3 il bundan öncə Avropa İttifaqı ölkələrinə təxminən 145 milyard kubmetr qaz ixrac edirdisə, keçən il bu rəqəm təqribən 25 milyarda qədər düşdü. Bu da faktiki olaraq Avropa İttifaqı ölkələrinin təxminən 70-75 faiz Rusiya qazından imtina etməsi deməkdir".

349139

Ekspertin fikrincə, G7 ölkələrinin sözügedən qərarının Rusiyaya təsiri olacaq:

"Təbii ki, bu, Rusiya iqtisadiyyatına da mənfi təsir göstərəcək. Amma məsələ burasındadır ki, Avropada hələ də Rusiya qazından asılı olan və bunu almaqda maraqlı olan ölkələr var. 

İstər G7, istərsə Avropa İttifaqı ölkələri bununla bağlı sanksiya tətbiq etsələr də alternativ olmadığı üçün hələ də Rusiya qazı almağa möhtacdırlar. Yəni birmənalı şəkildə G7 ölkələrinin qərarının Rusiya iqtisadiyyatına təsiri olacaq. Lakin bununla Rusiyanı dayandırmağın mümkün olacağına inanmaq sadəlövhlük olardı". 

Müsahibimiz onu da diqqətə çatdırıb ki, Rusiya alternativ istiqamətlərdə qazın ötürülməsinin həcmini artırıb:

"Xüsusən də Hindistan və Çin istiqamətində özünün qaz, neft və neft məhsullarını satışını artırmaqla bağlı işlər gedir. Artıq bağlanmış müqavilələr də var. Düzdür, Rusiya həmin istiqamətdə qazı Avropaya satdığı qiymətə sata bilmir. Buna baxmayaraq, satışlar davam edir.

Ümumiyyətlə, bu cür qərarlar birdən-birə effekt vermir, iqtisadiyyata tədricən öz təsirini göstərir. Rusiya isə qaz və neft məhsulları ilə zəngin ölkə olduğu üçün sadəcə hasilatı artırıb ucuz qiymətə satmaqla digər bazarlara çıxış imkanı əldə edə bilir. Bununla da Avropaya satılan qazdan gələn valyutanı təmin edir".

Pərviz

Chosen
302
50
hit.az

10Sources