Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram teatrında Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır.
Gənc rejissor Fuad Cavadzadənin quruluşunda hazırlanan tamaşanın bədii tərtibatı Nizami Dadaşova, musiqi tərtibatı sənətşünasııq üzrə fəlsəfə doktoru Telman Qəniyevə məxsusdur. Qrafika və montaj işlərini Sahil Nəzərov həyata keçirir.
Səhnə əsərində Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Siyavuş Mahmudov, Akif Mirzəyev, Cavanşir Eyyubzadə, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova ifa edirlər.
Rejissorun ilk yaradıcılıq prosesi ilə maraqlanmaq üçün teatrın direktoru Samir Şəfiyev və baş rejissoru Xalq artisti Firudin Məhərrəmov yaradıcı heyətlə görüşüb. Samir Şəfiyev müqəddəs Vətən müharibəsi ilə bağlı əsərlərin aktuallığını vurğulayıb, məşq prosesinin gedişatı ilə maraqlanıb.
Teatrın baş rejissoru, tamaşanın bədii rəhbəri Firudin Məhərrəmov tamaşanın yaradıcı heyətinə uğurlar arzulayıb.
Ona göstərilən etimada görə teatrın rəhbərliyinə minnətdarlığını bildirən Fuad Cavadzadə vətənpərvər ruhda səhnə əsərini ərsəyə gətirməyin qururverici və məsuliyyətli olduğunu söyləyib.
Məlumat üçün bildirək ki, gənc rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr sənəti fakültəsində rejissorluq ixtisasına yiyələndikdən sonra Mədəniyyət Nazırliyinin dəstəyi ilə təhsilini Türkiyədə davam etdirib. İstanbul Universiteti Dövlət Konservatoriyasında teatr sənəti üzrə magistr təhsili alıb. "K.Stanislavski ve V.Meyerholdun Oyunculuk Yöntemlerinin Karşılaştırmalı İncelemesi" adlı dissertasiyasını müdafiə edib. Eyni zamanda Türkiyədə yayımlanan Uluslararası Eğitim Bilimleri Dergisində "Stanislavskinin Oyunculuk Eğitiminde Karakter Yaratımı Yöntemi" adlı elmi araşdırmalara əsaslanan məqaləsi akademik hakimlər tərəfindən incələnib, qəbul edilərək yayımlanıb.
Qeyd edək ki "Xeyir xəbər" tamaşasının premyerası iyun ayına planlaşdırılır.
XQ