EN

Krunoslav Renduliç: “Matçın taleyini daha erkən həll edə bilərdik”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 33-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Onlarla fəxr edirəm. Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil. Ayaz Quliyevin uzaqdan vurduğu mükəmməl zərbə ilə hesabda önə keçdik. Qoldan sonra sanki nəticədən məmnun idik. Futbolçulara demişdim ki, bu gün çətin oyun olacaq. İlk hissədə “Araz-Naxçıvan” topa daha çox nəzarət edirdi. İkinci hissədə biz daha yaxşı oynadıq. Penaltini qaçırdıq. Oyunun taleyini daha erkən həll edə bilərdik. İki yaxşı qol fürsətimiz oldu. 3-4 epizodda son ötürmələri düzgün verə bilmədik. Oyundan və 3 xaldan məmnunuq. Hələ heç nə bitməyib. Qarşıda 3 oyun və 9 xal var. Növbəti matça hazırlaşmalıyıq.

Qaçan penaltilər də oyunun bir hissəsidir. Bu, sadəcə keyfiyyətdən asılı deyil, bəzən konsentrasiyadan da asılıdır. Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi. Hər kəs artıq qolu qeyd edirdi. Penaltilərdə şanslar bərabər olur. Ona görə də erkən qeyd etmək lazım deyil”.

Krunoslav Renduliç gələcək mövsüm və heyətlə bağlı planlardan söhbət açmaq istəməyib:

“Hazırda bu söhbətlərin yeri deyil. Qarşıda üç oyun var. Yeni oyunçuların axtarışındayıq. Xorvatiyadan olmağım o demək deyil ki, xorvat oyunçular gətirəcəyəm. Əlbəttə, Xorvatiyada yaxşı futbolçular var. Amma realist olmaq lazımdır”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Oyunu iki hissəyə ayırardım. İlk yarıda meydanda istədiyim komandanı görə bilirdim. Çoxlu hücumlar etdik. Son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komandanın əzmkarlığından razı qaldım.

Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Amma “Sabah” bəxt sayəsində qalib gəldi. Ən azından məğlub olmaya bilərdik. Bu gün şans rəqibin tərəfində idi. Bu da futbolun bir hissəsidir. Epizodları dəyərləndirməyəndə qapında belə qol görməlisən.

Qarşıda üç oyun var. İnanıram ki, daha artığını edə bilərik”.

Chosen
135
1
arena.az

10Sources