Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin (BMM) tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun iştirakı ilə Bakı Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Konsert proqramı Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə başlayıb dahi bəstəkarın “Ey, Vətən” əsəri ilə yekunlaşıb. Ü.Hacıbəyli, C.Cahangirov və R.Mustafayevin bədii rəhbərliyi dövründə ifa edilən əsərləri özündə cəm edən proqramda, həmçinin müasir dövrün yeni işləmələri, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr də səsləndirilib.
Xorun bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifovadır.