“Rus tortu” adına görə Fransa Prezidenti Emmanuel Makron və Çin lideri Si Szinpinin nahar menyusundan çıxarılıb.
Axar.az xəbər verir ki, bu barədə “La Depeche” nəşri yazıb.
“Bir neçə həftə əvvəl Yelisey Sarayına menyu təklif etdim”, - Makron və Szinpinin nahar etdikləri “L'Etape du Berger” restoranının sahibi Erik Abadi nəşrə açıqlamasında deyib.
Qəzet yazır ki, liderlərin nahar menyusu qaragilə piroqu da daxil olmaqla, Pireney mətbəxindən ibarət olub:
“Bununla belə, əvvəlcə dövlət başçılarına Makron və arvadı Bricitin də çox sevdiyi “rus tortu” verilməli idi. Bu desertin resepti 1920-ci illərdə Fransanın cənubundakı Bern bölgəsində yaranıb. Ona görə “rus tortu” adlanıb ki, tortun hazırlandığı peçenye üçün badam o vaxtlar Krımdan gətirilirdi. Bundan başqa, bu desert “Rusiyanın qarla örtülü düzənliklərini” xatırladır. Geosiyasi kontekstlə əlaqədar olaraq menyudan deserti çıxarmaq qərarına gəliblər”.
Qeyd edək ki, Çin lideri Si Szinpin mayın 5-də Fransaya rəsmi səfər etmişdi.