EN

Paşinyan yenə sülh müqaviləsi ilə bağlı tarix verdi: "Əslində sülhə hazır deyil"

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi barədə də danışıb. 

Onun sözlərinə görə, Ermənistan noyabr ayına qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. 

Maraqlıdır ki, İrəvan hakimiyyəti tərəfindən daha öncə də dəfələrlə bənzər bəyanatlar səsləndirilib. Hər dəfə sülh müqaviləsinin imzalanması ilə bağlı fərqli tarix verilib. Amma nəticədə etibarı ilə Ermənistan hər dəfə geri addım atıb. 

Politoloq Aydın Quliyev də Hit.az-a açıqlamasında deyib ki, Ermənistan artıq neçənci dəfədir Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edir:

349707

"Amma hər dəfə həmin dediyi tarix gəlib çatanda bəlli olur ki, Ermənistanın yeni bəhanələri var. Əslində sülh müqaviləsinin imzalanmasına hazır olan tərəf Azərbaycandır. Üstəlik, sülh müqaviləsinin imzalanmasının zəruriliyi ilə bağlı ilk çıxış edən ölkə də məhz Azərbaycan oldu. 

Sülh müqaviləsinin imzalanması üçün zəruri olan prinsiplərin ilkin siyahısını da ölkəmiz verdi. İndi Ermənistan sülh müqaviləsinin imzalanmasına necə hazır ola bilər ki, bunun üçün çox vacib olan şərtlərlə bağlı konkret bir mövqe ortaya qoymayıb". 

Ekspert qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü sadəcə sözdə dəstəkləməklə iş bitmir:

"Rəsmi İrəvan gələcəkdə də ölkəmizə qarşı ərazi iddialarının olmayacağı ilə bağlı hansısa təminat verməyib. Ermənistan Konstitusiyasının preambula hissəsi dəyişilməyib. Hansı ki, orada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. 

Həmçinin, uydurma "soyqırım" iddialarından da imtina olunmayıb. Keçmiş separatçı rejimin sonuncu "rəhbər"inin də Ermənistandakı fəaliyyətinin qarşısı alınmır".

Aydın Quliyev onu da diqqətə çatdırıb ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı revanşist iddialarla çıxış edən siyasi qüvvələrə lazımi iradəni göstərmir:

"Bundan başqa, vaxtilə Ermənistanın bəzi dövlət qurumlarının Qarabağla bağlı qəbul etdiyi aktların ləğv olunması ilə bağlı heç bir rəsmi addım atılmayıb. Ermənistan bütün bu addımıarı atmalı və Qarabağı rəsmi şəkildə Azərbaycan ərazisi kimi tanımalıdır. 

Əgər bunları etsələr, Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduğunu demək olar. Ancaq bunlar edilmədən Paşinyanın bu bəyanatlarının sülhə hazırlıq əlaməti kimi qəbul edə bilmərik".

Pərviz

Chosen
119
50
hit.az

10Sources