EN

Naxçıvanda doqquz vəkil and içib, onlara vəsiqələr təqdim edilib

Naxçıvan Muxtar Respublikasında (MR) vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu gün Naxçıvan MR-da vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin ilk dəfə təntənəli andiçmə mərasimi olub.

Tədbirdə vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildən indiyədək Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4 min 808 namizəddən 1483 nəfəri ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib.

Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran doqquz vəkil andı içərək Naxçıvan Respublikasının Vəkillər Kollegiyasına qəbul olunublar. Beləliklə, Azərbaycanda vəkillərin sayı 2463 nəfərə, Naxçıvanda isə 29 nəfərə çatıb.

Andiçmə mərasimində iştirak edən vəkillərdən 8 nəfəri kişi, 1 nəfəri isə qadındır. Bununla da Azərbaycanda qadın vəkillərin sayı 473 nəfərə çatıb. Onların ölkə üzrə ümumi vəkil sayında nisbəti 18 faiz təşkil edir.

Chosen
80
5
report.az

10Sources