İtaliya A Seriyasının 36-cı turunda “Napoli” ilə səfər oyununda 2:0 hesablı qələbə Emilya-Romnya təmsilçisi “Bolonya” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu qələbə sayəsində sözügedən klub növbəti, 2024/2025-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasında işitirakını rəsmiləşdirib.
Beləliklə “Bolonya” 60 ildən sonra ilk dəfə Avropanın ən mötəbər klub yarışına qatılacaq.
Sonuncu dəfə Berqamo təmsilçisi 1963/1964-cü illər mövsümü İtaliya çempionluğunu qazandıqdan sonra, 1964/1965-ci illər mövsümü Avropa Çempionlar Kuboku yarışında iştirak etmişdi.
Xatırladaq ki, “Bolonya”nın sükanı arxasında komanda uğurla çalışdıran, hazırda bir çox Avropa nəhənglərinin diqqət mərkəzində olan italiyalı mütəxəssis Tyaqo Motta dayanır.
Vurğulayaq ki, 36-cı tur çərçivəsində “Yuventus”un evdə “Salernitana” ilə heç-heçəsi (1:1) mənzərəsində, “Atalanta”nın Berqamoda “Roma”nı 2:1 hesabı ilə məğlub etməsi, həm “Qoca sinyora və həm də Berqamo təmsilçisi üçün sərfəli olub. Belə ki, bu nəticə ilə “Yuventus” da növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmiin edib. “Atalanta” da öz növbəsində mötəbər yarışda iştiraka vəsiqə verən 5-ci pillədə mövqeyini mökəmləndirib.
İtaliya A Seriyasına 36 oyundan 92 xalla çempionluğu erkən təmin etmiş “İnter” başçılıq edir. “Milan” 74 xalla 2-ci pillədə yer alıb. “Bolonya” və “Yuventus” isə 67 xalla müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər. 35 oyundan 63 xalla “Atalanta” 5-cidir.