(fəlsəfi yanaşma)
II MƏQALƏ
Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Tədqiqat azadlığı ilə sosial məsuliyyətin münasibətinə AMEA-nın yeniləşmə kursu kontekstində yanaşanda təşkilat rəhbərliyinin fəaliyyətinin çox məqamları aydın olur. Öncə, şübhə doğurmur ki, yeniləşmə mütləq surətdə ölkənin strateji inkişaf kursunun tələblərinə uyğun aparılmalıdır. Bunun reallaşma mexanizmi isə AMEA-nın struktur-funksional ənənəsi ilə dövlətçilik və müasirliyin optimal sintezinin müəyyən edilməsi əsasında mümkün ola bilər. AMEA-da yeniləşmə, məncə, məhz bu istiqamətdə aparılır. Burada “struktur-funksional ənənə”dən I məqalədə bəhs etmişik, “dövlətçilik” anlayışı haqqında da kifayət qədər izahlar müxtəlif mənbələrdə verilmişdir. “Müasirlik” termininin baxdığımız kontekstdə nəyi ifadə etdiyi üzərində dayanmağa ehtiyac vardır.
Elm, müasirlik və aktuallıq
Müasirliyin fəlsəfi anlamı mürəkkəbdir və çoxaspektlidir. Çünki bu termin hazırda cəmiyyətlərdə, şüurlarda və dövlət idarəetməsində baş verən dəyişmələrin modernləşmə aspektində özəlliklərini ifadə edir. Ancaq modernləşmənin özünün fəlsəfi anlamı da qeyri-müəyyəndir. Əgər iqtisadi modernləşmə nəzərdə tutulursa, bir qrup parametrlər nəzərə alınmalıdır.
Siyasi-ideoloji modernləşmə dedikdə, adətən, vesternizasiya (qərbləşmə) nəzərdə tutulur ki, bunun da müxtəlif anlamları mövcuddur.
Mənəvi-mədəni, əxlaqi müasirləşmək də eyni qaydada, adətən, vesternizasiya kontekstində başa düşülür. Hazırda vesternizasiya heç də normal və tərəqqi kimi qəbul edilən proses deyildir.
Bu baxımdan “elmin vesternizasiyasi” həm məzmun, həm də yeniləşmə istiqaməti olaraq qeyri-müəyyənliyi və xeyli absurd yanaşmanı ifadə edir. Lakin bu, ümumiyyətlə, “elm - müasirləşmə” yanaşmasını arxa plana atmır. Xüsusilə, AMEA-nın yeniləşmə fəlsəfəsinin dərki baxımından onun əhəmiyyəti çoxdur.
Elmi kontekstdə müasirləşmə iki cəhətdən əhəmiyyətli görünür. Birincisi, elmi fəaliyyətin təşkilinin inkişaf etmiş ölkələrdə uğurlu olan təcrübəni nəzərə alaraq yenidən məzmunlaşdırılmasıdır. İkincisi, elmi tədqiqatların nəticələrinin dövlətin strateji inkişaf kursunun daxili məntiqi və tələblərinə uyğun qiymətləndirilməsi və tətbiq edilməsi mexanizmlərinin yeniləşməsidir.
Birincini qısa olaraq “xarici təcrübə” adlandırsaq, maraqlı mənzərə qarşıya çıxır. Çünki həmin təcrübənin özü tərkib və məzmunca heterogendir (eyni faktorlardan deyil, fərqli faktorlardan ibarətdir). Bunu son illər elmlərarası əlaqələrin inkişafı kontekstində dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlarda alınan nəticələr sübut edir. Məsələn, Latın Amerikası ölkələrində yeniləşmə təcrübəsi Uzaq Şərqin (məsələn, Sinqapurun) və Avropanın yeniləşmə təcrübəsi ilə üst-üstə düşmür. Avropa üçün səmərəli ola bilən təcrübə Latın Amerikasında elmi fəaliyyətin təşkilini geri ata bilir. Eyni məntiqlə Sinqapurda və ya Koreyada elmi yeniləşmə prosesi haqqında demək olar. Hər üç qitə üçün konkret aparılan tədqiqat əsasında biz bu qənaəti ifadə edirik.
Amerikalı və ya avropalı pedaqoqun yaradıcılıq haqqında təsəvvürü koreyalı və sinqapurlu pedaqoqun təsəvvüründən məzmunca fərqlənir. Koreyalı filosoflar və sosioloqlar bu nəticəni apardıqları geniş araşdırmalar nəticəsində almışlar.
Eynilə Latın Amerikasında intensiv olaraq elmin fənlərarası tədqiqat aspektində modernləşməsi ilə bağlı araşdırmalar aparılır. Onlar da təcrübə və ənənəyə görə, başqa regionlardan fərqli olduqlarını qəbul edirlər.
Azərbaycan indi bu təcrübələrdən hansını “müasir və yenilikçi” saysın? Bunun üçün kifayət qədər geniş fəlsəfi, sosioloji, kulturoloji, korss-kültür və konkret elmi-psixoloji araşdırmalar aparmaq lazımdır. Hələ o araşdırmaların nəticələrini necə ümumiləşdirməyin lazım gəldiyi ayrıca yanaşma tələb edir.
Bundan başqa, Azərbaycanda elmi fəaliyyətin təşkili təcrübəsi mövcuddur. Deməli, çıxış yolu ondan ibarətdir ki, mövcud Azərbaycan təcrübəsini müasir dövləti və toplumsal inkişafın müəyyən edilmiş şərtlərinə uyğun inkişaf etdirmək daha doğru yoldur. Burada bir mühüm məqamı təkrar vurğulamaq lazımdır, çünki haqsız iradlar da yarana bilər.
Mən heç də xarici uğurlu təcrübədən uzaq durmağı təbliğ etmirəm. Əksinə, onları sistemli və ardıcıl olaraq dərindən öyrənməliyik. Ancaq AMEA kimi təşkilatda elmi fəaliyyətin təşkili Azərbaycandakı ənənədən qaynaqlanaraq, onun müasir yanaşmalarla sintezində həyata keçirilməlidir. Bunun üçün isə Azərbaycanın strateji inkişaf kursunun təməl şərtləri fonunda kollektiv yaradıcılıq formalarının praktiki-tətbiqi məqamı ciddi nəzərə alaraq yeniləşməsi ilə beynəlxalq əlaqələri gücləndirmək gərəkdir. AMEA indi məhz bu istiqamətdə yeniləşmə kursunu ardıcıl olaraq gücləndirir. Burada gecikmək qədər, tələsmək də risklidir!
Bir qədər də ümumiləşdirsək, deyə bilərik ki, AMEA malik olduğu təcrübəni dövlət və ölkənin inkişaf xətti çərçivəsində innovativlik aspektində müasirləşdirməlidir. Bu müstəvidə elmi-tədqiqat institutlarının struktur-funksional təşkili, onlar arasında əməkdaşlığın daha səmərəli olması və konkret nəticə verən komanda yaradıcılığın irəli aparılması zəruridir. Müşahidələr göstərir ki, AMEA həmin istiqamətdə fəaliyyətini davam etdirir.
AMEA-nn malik olduğu mövcud təcrübə nəzərə alınmasa, ümumiyyətlə, ölkə elminin perspektiv inkişafını riskə atmış oluruq. Bu təməl üzərində AMEA həm özü yeniləşməli, həm də digər elmi təşkilatları yeniləşməyə stimullaşdırmalıdır. Başqa heç bir elmi qurum bu işin öhdəsindən gələ bilməz. Çünki yalnız AMEA ən ümumi və geniş miqyasda illərdir ki, Azərbaycanda elmi fəaliyyətin və onun institutlaşmasının aparıcısı rolunda çıxış edir.
Nəhayət, AMEA-nın yeniləşməsinin, bütövlükdə, cəmiyyət üçün əhəmiyyətinin sosial-psixoloji aspekti də çox önəmlidir. Məsələ ondan ibarətdir ki, Azərbaycan ictimai şüurunda və rəydə AMEA-nın yüksək elmi nüfuzu vardır. Bu, illərdir insanların psixologiyasında formalaşmışdır. Buna görə də cəmiyyət hər zaman AMEA-ya yüksək nəticələrin alındığı təşkilat kimi baxır və onu nümunə hesab edir. Əgər AMEA yeniləşməni uğurla etməsə, bu, cəmiyyətə sosial-psixoloji olaraq neqativ təsir edə bilər. Ümumiyyətlə, Azərbaycan elminə inam azalar.
Bunlardan aktuallıq məsələsinin fəlsəfi anlamına keçid etmək mümkündür. Yəni AMEA-nın yeniləşməsi Azərbaycan üçün hansı səbəblərdən aktual hadisə sayılmalıdır? Bunun dövlət, cəmiyyət və elmi camiyə üçün əhəmiyyəti nədən ibarətdir?
AMEA-nın yeniləşməsi aktuallığı
Elmi yeniləşmənin müasirliklə bağlı bir sıra məqamları haqqında yuxarıda dediyimiz fikirlər özlüyündə tədqiqat sərbəstliyi ilə məsuliyyətin optimal nisbəti məsələsini ön plana çıxarır. Bu faktorun işığında AMEA-nın yeniləşməsinin bütün cəmiyyət üçün aktuallığı aydın olur.
Çünki AMEA elmi təşkilat kimi ciddi məsuliyyəti olan bir qurumdur. İndiki mərhələdə bu aspektə çox diqqət yetirilir və təşkilatın rəhbərliyi bunda tam haqlıdır. Yenləşmə, doğrudan da, elə bir hadisədir ki, orada məsuliyyət ön plana çıxır. Yeniləşmənin aktuallığının məsuliyyət tərəfi məsələnin dövlətin inkişaf strategiyası ilə birbaşa bağlı olmasından qaynaqlanır.
AMEA indi həmin kontekstdə məsuliyyətini tam dərk edən təşkilat təsiri bağışlayır və buna görə də yeniləşmənin uğurlu olacağına inam böyükdür. Ancaq burada başqa bir incə məqam da vardır. Məsələ əməkdaşların məsuliyyəti ilə bağlıdır. Əməkdaşlar fərdi və kollektiv miqyaslarda dövlət və cəmiyyət qarşısında məsuliyyəti dərindən dərk etməlidir ki, bütövlükdə, AMEA miqyasında yeniləşməyə konkret töhfə verə bilsinlər. Burada başqa mexanizm işləmir. Təşkilatın hər struktur səviyyəsində dinamik fəaliyyət olmalıdır. Deməli, institut kollektivləri tərəfindən AMEA rəhbərliyinin yeniləşmə kursuna ciddi dəstək olmalıdır.
Yeniləşmə prosesinin bu aspekti şübhə doğurmur. Onu nəzərə almaq lazımdır ki, yeniləşmə yalnız AMEA hüdudları çərçivəsində aktual deyildir – dövlət miqyasında da aktualdır! Çünki yeniləşmə strateji inkişafın uğurlu olması naminə aparılır və onun aktuallığının mərkəzi punktunu bu tezis təşkil edir. Faktiki olaraq AMEA-nın inkişafı məsələsi dövlətçiliyin inkişafı kontekstinə tam yerləşdirilmişdir. Təşkilat rəhbərliyi bunu bacardı və şübhəsiz ki, böyük nailiyyətdir. Həm AMEA-nın gələcəyi, həm də dövlət səviyyəsində həyata keçirilən və keçiriləcək islahatların elmi əsaslarının daha da genişləndirilməsi baxımından.
AMEA faktoru bu prosesə nə qədər dərindən nüfuz etsə, idarəetmədə elmin rolu bir o qədər artacaq. Əlbəttə, Azərbaycanda elmin dövlət idarəetməsində iştirakının ciddi ənənəsi mövcuddur. Ulu öndər Heydər Əliyev məsələnin bu tərəfinə daim böyük diqqət göstərmişdir. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin prosesi yeni mərhələyə yüksəldir. O, dövlət, ölkə və cəmiyyət üçün aktual olan məsələlərin araşdırılması ilə əlaqədar elmi camiyəyə müraciətlər edir. Məsələn, milli ideya ilə bağlı Prezident İlham Əliyevin ziyalılara səslənişi tarixi əhəmiyyətli hadisədir.
Bu fakt da onu göstərir ki, Prezident İlham Əliyev yeni, daha geniş miqyasda ölkənin elm camiyəsini dövləti işlərdə fəal iştiraka istiqamətləndirir və bunun həyata keçməsi üçün lazım olan bütün şəraiti yaradır. Buna görədir ki, Azərbaycan ziyalıları dövlət başçısının dəvətinə fəal reaksiya verirlər. O cümlədən, AMEA-da milli ideya ilə bağlı araşdırmalar intensiv olaraq aparılır.
Bunlardan aydın olur ki, Prezident İlham Əliyev alimlərlə ünsiyyətə ciddi diqqət yetirir və elmi nəticələrə böyük maraq göstərir. Strateji inkişafa aid sənədlərdə də mütləq elm və təhsil nəzərə alınır.
Yüksək strateji zəka sahibi olan Prezident dövlətin gələcək inkişafında, şübhəsiz ki, alimlərin iştirakını davamlı olaraq dərinləşdirəcək və genişləndirəcək. Bu, o deməkdir ki, Azərbaycan alimləri dövlət qarşısında böyük məsuliyyət daşıdıqlarını bilməli və ona uyğun fəaliyyət göstərməlidirlər. Daha konkret səviyyədə bu, tədqiqat sərbəstliyi ilə alim məsuliyyətinin optimal nisbətinin təminatını ifadə edir.
AMEA-nın yeniləşmə ruhu bu istiqamətə tam uyğundur və təşkilatın rəhbərliyinin fəallığının artması bu baxımdan çox müsbət haldır. Bu məqamda AMEA-nın yeniləşməsinin dövlətçilik və müasirliklə əlaqəli başqa bir əhəmiyyətli özəlliyinə baxmaq ehtiyacı yaranır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru