“Napoli”nin prezidenti Aurelio De Laurentis İtaliya A Seriyasında çıxış edən komandaların sayının azaldılması zərurətindən danışıb.
Arena.az bu barədə “Football Italia” dərgisinə istinadən məlumat verir:
“A Seriyası heç vaxt klubların sayını azaltmaq üçün kifayət qədər güclü olmayacaq, ona görə də bunu milli hökumət etməlidir. Onlar qərar verməlidirlər ki, A Seriyasında Y deyil, X sayda klub olmalıdır, çünki hətta gəlirlər də onların bu sayda mövcud olmasına haqq qazandıra bilməz.
Bu liqada cəmi altı-səkkiz klub var və hökumət bunu dərk etməlidir. Qalanları sadəcə dolduruculardır. Biz hökumətdən liqa üçün vacib olan altı-səkkiz klubun lehinə səsverməni sabitləşdirməsini istəyirik, çünki əks halda liqa tab gətirməyəcək”, deyə Aurelio De Laurentis bildirib.
Xatırladaq ki, İtaliya A Seriyasının müvafiq nizamnaməsinə əsasən, yarışda 20 komanda iştirak edir. 2023/2024-cü illər mövsümünün qalibi isə digər rəqiblərindən bir neçə baş üstün təsəvvür yaradan, çempionluğu erkən təmin etmiş “İnter” olub.
Ötən mövsümün çempionu “Napoli” isə 37 oyundan 52 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Mövsümün gedişində “eşşəkciklər” iki dəfə baş məşqçi dəyişikliyi etsələr də, komadan bərbad çıxışdan başqa heç nə ilə yadda qalmadılar. “Napoli” avrokuboklara da vəsiqə qazana bilməyib.