Türk ölkələri arasında inteqrasiyanın genişlənməsi istiqamətində son illərdə ciddi addımlar atılır. Bu prosesin güclənməsində Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq münasibətləri, birgə fəaliyyətləri mühüm rol oynayır”.
Bu fikirləri Prezident İlham Əliyevin TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışı ilə əlaqədar Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, Türk ölkələri arasında inteqrasiya, daha sıx birlik yaradılması Azərbaycan dövlətinin prioritetidir: “Bu prioriteti cənab Prezident sonuncu andiçmə mərasimində bütün dünyaya bəyan etdi. Bildirdi ki, bizim ailəmiz Türk dünyasıdır. “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Sözügedən fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir”. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Azərbaycan bu potensialdan səmərəli istifadə olunması üçün konkret addımlar atır, real ideyalarla çıxış edir”.
Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcəyini deyən A.Məmədov, bu Zirvə görüşünün keçirilməsinin həm də simvolik xarakter daşıdığını söyləyib: “Türk dövlətlərinin rəhbərləri ilk dəfə olaraq eyni vaxtda Azərbaycanın qədim şəhəri, mədəniyyət, musiqi beşiyi, eyni zamanda, qələbəmizin rəmzi Şuşada bir araya gələcəklər. Bu, Azərbaycan xalqı üçün, eyni zamanda, bütün Türk dünyası üçün fəxr ediləsi tarixi hadisədir. Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsi ilə öz müttəfiqlik münasibətlərinin yeni mərhələyə keçirdi. Türk dövlətləri liderlərinin Şuşa görüşündə də bu münasibətlərə yeni güc əlavə olunacaq. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir”.
Millət vəkili əlavə edib ki, Türk ölkələrinə aid şirkətlər işğaldan azad edilmiş ərazilərdə uğurla fəaliyyət göstərir. Eyni zamanda, qardaş ölkələr yenidən qurulan rayonlara mədəniyyət mərkəzi və ya təhsil müəsisəsi inşa edərək hədiyyə edirlər: “Bu addımlar birliyimizi daha dagücləndirəcək”.
Eltac Zülfüqaroğlu/Turkustan.az