Lənkəran rayonunun Göyşaban kəndində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində iki nəfər yaralanıb.
“Report”un cənub bürosu xəbər verir ki, Lənkəran rayonunun Viravul kənd sakini 1961-ci il təvəllüdlü Əlövsət Ağamalı oğlu Məmmədov idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü və minik avtomobilində sərnişin qismidə olan sürücünün həmkəndlisi 1947-ci il təvəllüdlü Şakir Əliağa oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara sağ baldırın aşağı 1/3-nin sınığı, üst dodağın kəsilmiş yarası, döş qəfəsinin və hər iki baldırın küt travması diaqnozu qoyulub.
Vəziyyəti daha ağır olan 77 yaşlı Ş.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Sürücünün müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.