EN

Çində ali məktəblərə qəbul imtahanlarında 13,42 milyon abituriyent iştirak edir

Çində ali məktəblərə iyunun 7-dən başlayan qəbul imtahanlarında (“qaokao”) 13 milyon 420 min abituriyent iştirak edir. Bu, test qəbul imtahanının bərpa olunduğu 1977-ci ildən bəri rekord göstəricidir.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, imtahan müxtəlif ixtisas qrupları üzrə iyunun 7-dən və 10-dək keçirilir. Abituriyentlər ümumrespublika imtahanında 3 əsas fəndən – Çin dili, riyaziyyat və xarici dildən başqa, seçdikləri ixtisasa uyğun olaraq ideologiya və siyasət, tarix, coğrafiya, fizika, kimya və biologiya fənlərinin üçündən də imtahan verməlidirlər. İmtahanın təşkili üçün ölkə üzrə yüzlərlə məkan ayrılıb, milyondan çox nəzarətçi imtahanlara cəlb olunub.

Qeyd edək ki, “qaokao” dünyada ən kütləvi imtahan hesab olunur. Çində ümumrespublika vahid qəbul imtahanının tətbiqinə 1952-ci ildə başlanılsa da, təlatümlü “mədəni inqilab” dövründə dayandırılıb. Bu da öz növbəsində ölkədə təhsilin səviyyəsinin aşağı düşməsinə və kadr çatışmazlığına səbəb olub. Çin lideri Den Siaopin 1977-ci ildə “qaokao” sistemini bərpa edib.

Bu sistem Çində islahatların aparılması üçün tələb olunan kadr təminatını ödəyib. O vaxtdan bəri ümumilikdə 175 milyon nəfər “qaokao”da iştirak edib.

Çində abituriyent sayının çox olması ali məktəblərə qəbul prosesində böyük müsabiqə yaradır.

Elə bu səbəbdən “qaokao” abituriyentlərlə yanaşı, onların ailə üzvləri, müəllimləri üçün də sanki bir sınaqdır.

Chosen
123
4
tehsil.biz

5Sources