Ermənistanda müxalif qüvvələrin güclənən etirazları fonunda iyunun 17-də parlamentin hökumətin istehfası ilə bağlı növbədənkənar iclası keçiriləcək. Bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan göstəriş verib.
Bəs Ermənistanda hökumət dəyişikliyinin baş verməsi nə dərəcədə realdır? Dəyişiklik baş verərsə, bunun Azərbaycan-Ermənistan nizamlanma prosesinə təsiri necə olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirdi ki, müxalifətinin növbəti dəfə əlini gücləndirən amil keşiş Baqrat Qalstanyanın son zamanlarda olan performansıdır. Lakin onun sözlərinə görə, proses uğursuzluqla müşahidə olunur:
"Bu da Ermənistan hakimiyyətinin sosial dəstəyinin güclü olmasından xəbər verir. Baxmayaraq ki, Ermənistan parlamentinin 33 deputatı bu məsələ ilə müraciət edib. Amma “Şərəfim var” bloku bu yetərsaydan üstündür. Ən azından baş nazirin istehfasına yönəlik addımların atılması kimi proseslər uğursuzluqla başa çatdı. Bütün hallarda iqtidar səs çoxluğunda müxalifətdən öndədir. Ona görə də Ermənistan hökuməti parlamentin növbəti iclasında səsvermə ilə konstitusiyanın 100-cü maddəsini müzakirəyə çıxaracaq. Bu dəfə Nikol Paşinyan hökuməti qanunverici hakimiyyətin təsiri ilə müxalifətə təsir edəcək".
Ə.Əlibəyli qeyd etdi ki, hazırda Azərbaycan alternativ ssenariləri arzulamır.
"Bunu prezidentin çıxışında da aydın şəkildə görmək olar. Prezident çıxışında Ermənistanda bəzi revanşistlərin olmasını vurğulayıb. Məsələ burasındadır ki, indi bu proseslərin reallaşmasını gözəmirik. Lakin yenə də radikal müxalifətə məxsus “Tavuş hərəkatı” ölkəmiz üçün arzuedilməz ssenari sayılır”, - deyə politoloq vurğuladı.
Yusif SƏMƏDZADƏ