EN

Mütəxəssis: Qan qrupundan asılı olmayaraq, hər zaman donorluğa ehtiyac var

Mütəxəssis:

Bakı, 14 iyun, AZƏRTAC

Qanın yeganə mənbəyi insandır və onun heç bir əvəzedici preparatı yoxdur. Elmi tədqiqatlara görə, hər 5 nəfərdən ancaq 2-si qan verə bilir. Aşağı yaş həddi 18, yuxarı yaş həddi isə 65 olan fiziki tam sağlam şəxslər qan verə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva deyib.

Q.Vəliyeva diqqətə çatdırıb ki, qanvermədən öncə qan donoru olacaq şəxsin bol maye, kofein tərkibli içkilər içməsi və düzgün qidalanması tövsiyə edilir: “Donor olmaq üçün lazım olan rəsmi sənəd şəxsiyyət vəsiqəsidir. Qan verən şəxs Səhiyyə Nazirliyi Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı və bölmələrinə gəldiyi zaman əvvəlcə qeydiyyata yönləndirilir. Sonra donor həkim tərəfindən müayinə olunmaq üçün müayinə otağına göndərilir. Burada ondan səhhəti ilə bağlı ümumi məlumat (anamnez) toplanılır, boyu və çəkisi ölçülür, hemoqlobin dəyərləri və təzyiqi yoxlanılır. Qan donoru olmaq üçün hemoqlobin səviyyəsi kişilərdə minimum 13.5g/dl, maksimum 18.0 g/dl, qadınlarda isə müvafiq olaraq 12.5 g/dl və 16.5 g/dl-dir. Qan donoru olacaq şəxsin minimal çəkisi 50 kiloqram olmalıdır. Qan təzyiqi isə minimum 90 mmHg-60 mmHg, maksimum 180 mmHg-100 mmHg olmalıdır. Kişilər ildə 4 dəfə, qadınlar isə ildə 3 dəfə qan donoru ola bilərlər”.

Mərkəzi Qan Bankının rəhbərinin sözlərinə görə, hər gün müxtəlif qəzalar, xəsarətlər, əməliyyatlar baş verir, bu zaman qan ehtiyacı yaranır: “Donor bir və ya bir neçə nəfərin həyatını xilas edə bilər. Qan və qan komponentləri irsi qan xəstəlikləri (talassemiya, hemofiliya və s.), immun çatışmazlığı, ağır anemiya, qan və sümük illiyi xəstəliklərindən əziyyət çəkən, fövqəladə hallar, fəlakət və qəzalarda travma alanlar, tibbi və cərrahi prosedurlardan keçən xəstələrə və hamiləlik və doğuşla əlaqəsi qanaxması olan qadınlara sərf olunur. Bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsinə zərurət yaradır. Bu səbəbdən də qana daimi ehtiyac var və alınandan sonra 42 gün ərzində istifadə edilməlidir. Qan vermək insanlarda ürək-damar sisteminin fəaliyyətini normalaşdırır, infarkt, insult və xərçəng riskini azaldır, yeni qan hüceyrələrinin istehsalını artırır və ən önəmlisi isə emosional vəziyyətimizə müsbət təsir göstərir. Qan verdikdən sonra bədəndəki qan hüceyrələri yenilənir, bir çox müsbət dəyişikliklər baş verir. Bunun sayəsində insan orqanizmi daha sağlam və gümrah olur. Xüsusilə də yüksək qan-damar təzyiqi, stress, yorğunluq kimi narahatlığın azalmasına yaxşı təsir edir. Bir vahid qan verməklə, 3 insanın həyatını xilas edirik. Çünki bir vahid qandan 3 fərqli qan komponenti hazırlanır və 3 fərqli xəstəyə göndərilir”.

Q.Vəliyeva vurğulayıb ki, Azərbaycanda, eləcə də dünyada ən çox rast gəlinən O (I) Rh+ və A (II) Rh+ qan qruplarıdır: “Bu qan qruplarından olan insanların çox olması qan donorluğunda da öz təsirini göstərir. Çünki xəstələrin əhəmiyyətli bir hissəsi O(I)Rh+ və A(II)Rh+ qan qruplarına aiddir. Qan qrupundan aslı olmayaraq, hər zaman donorluğa ehtiyac var. Qan donoru kimi sağlam insanların qəbul ediləcəyini nəzərə alaraq, imtina kriteriyaları 2 qrupa bölünür: daimi və müvəqqəti. Daimi imtina meyarlarına Addison xəstəliyi, Hepatit (B və C), AIDS (HIV), sifilis, xroniki ürək damar, böyrək, qaraciyər çatışmazlığı olan şəxslər, xronik nefrit, kardiomiopatiya, orqan transplantasiyası olan şəxslər, irsi qan xəstəlikləri, anemiyası olanlar və s. tibbi göstərişlər daxildir. Müvəqqəti imtina kriteriyalarına isə cərrahi əməliyyat və Hepatit A xəstəliyi keçirən şəxslər aiddir. Onlar sağaldıqdan 12 ay sonra qan donoru ola bilərlər. Tatuaj və pirsing etdirən şəxslər bu əməliyyatı etdikləri gündən 1 il sonra qan donoru ola bilərlər. Bundan əlavə, respirator xəstəliklər keçirən şəxslər sağaldıqdan sonrakı 1 ay müddətində qan donoru ola bilməzlər. Həmçinin epilepsiyası olan şəxslər son 3 ildə epileptik tutma yaşamayıbsa və hazırda dərman vasitələri qəbul etmirlərsə, qan donoru ola bilərlər. Qeyd edim ki, hamilə qadınlar qan verə bilməzlər. Qadınlar doğum və ya hamiləliyin sona çatdırılmasından 9 ay sonra, qeysəriyyə üsulu ilə doğuş keçirən qadınlar isə 12 ay sonra qan donoru ola bilərlər”.

“Qan verdikdən sonra 30 dəqiqə ərzində avtomobil idarə etmək tövsiyə olunmur. Həmçinin bədənin bərpası üçün şokolad yemək, şirə, kompot və ya çay içmək lazımdır. Bundan əlavə, gün ərzində ağır fiziki işlərlə (intensiv məşq, yük qaldırma) məşğul olmaq məqsədəuyğun sayılmır.Həmçinin tütünçəkmə və spirtli içkilər kimi zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur”, - deyə Qumral Vəliyeva əlavə edib.

Chosen
196
4
azertag.az

10Sources