EN

Smit: “UkraynaNATO-ya daxil olmağa hazırdeyil”

AzVision.az həmin müqavilənin mətnini yayan “Reuters” agentliyinin məlumatına istinadən xəbər verir ki, tərəflər bu sənədi Ukraynanın NATO-ya potensial üzvlüyü yönündə “körpü” kimi qiymətləndirirlər.

“Hər iki tərəf etiraf edir ki, Ukraynanın təhlükəsizliyinin təminatı üçün əhəmiyyətli hərbi qüvvələr, möhkəm imkanlar və NATO standartlarına cavab verən müdafiə sənayesi bazasına davamlı investisiyalar lazımdır”, - sazişdə deyilir.

Sənəddə bildirilir ki, ABŞ Ukraynaya uzunmüddətli maddi yardım, həmçinin “təlim, konsaltinq, kəşfiyyat, təhlükəsizlik, müdafiə-sənaye, institusional” və digər sahələrdə dəstək göstərmək niyyətindədir. Ukraynaya silahlı hücum və ya təhdid olarsa, ABŞ-nin yüksək rütbəli rəsmilərinin 24 saat ərzində ukraynalı həmkarları ilə növbəti addımları və ölkənin müdafiə ehtiyaclarını müəyyənləşdirmək üçün görüşəcəkləri vurğulanır.

Bununla belə, sazişdə ABŞ-nin Ukraynanı qorumaq üçün Amerika ordusundan istifadə etmək öhdəliyi ehtiva olunmur. Həmçinin Vaşinqtonun Kiyev qarşısında heç bir maliyyə öhdəliyi öz əksini tapmayıb.

Qeyd edək ki, Böyük yeddiliyin (G7) İtaliyanın Apuliya şəhərində keçirilən sammiti çərçivəsində Ukrayna Yaponiya ilə də 10 illik ikitərəfli təhlükəsizlik sazişi imazalayıb. Zelenskinin sözlərinə görə, Tokio 2024-cü ildə Kiyevə 4,5 milyard dollar həcmində yardım göstərəcək və müqavilənin qüvvədə olduğu müddət ərzində Ukraynanı dəstəkləməyə davam edəcək.

Ötən aylarda Ukrayna dünyanın ondan çox ölkəsi ilə oxşar təhlükəsizlik sazişləri imzalayıb. Onların sırasında Almaniya, Böyük Britaniya, Fransa, Kanada, İtaliya, Hollandiya, İspaniya və digər ölkələr yer alıblar. Beləliklə də, G7 ölkələrinin hamısı Ukraynanın təhlükəsizliyinin qarantı olacaqları barədə bir növ öz üzərlərinə öhdəlik götürüblər.

Lakin həmin dövlətlərin beynəlxalq siyasi konyunkturadan asılı olaraq onların öhdəliklərinin ehtiva edən sənədləri lazımsız bir kağız parçası kimi zibil qutusuna atması təcrübəsini nəzərə alsaq, vaxtı çatanda Ukraynanın da belə acı reallıqla üzləşəcəyi istisna deyil.

Yeri gəlmişkən, Ukraynanın Şimali Atlantika Alyansına üzv ola bilməsi yönündə Ukrayna-NATO münasibətlərinin perspektivləri barədə Co Baydenin “Time” jurnalına müsahibəsinə ABŞ-nin alyansdakı daimi nümayənədəsi Culiann Smitin verdiyi şərh Kiyevin belə ssenariyə hazır olmasına xəbərdarlıq təsiri baışlayır.

- Güman edirəm ki, bu müsahibədə prezident ABŞ-nin NATO-ya daxil olmaq üçün zəruri sayılan meyarlara və islahatlara cavab vermək naminə ukraynalıların hələ də bəzi işləri görəcəyinə inandığını nəzərdə tuturdu. NATO üzrə müttəfiqlər isə bu yöndə gələcək irəliləyişlərə kömək etmək üçün ya ikitərəfli əsaslarla, ya da alyansın ümumi xətti vasitəsilə ukraynalılarla əməkdaşlıq edirlər”, - xanım Smit vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Ukrayna sürətləndirilmiş əsaslarla NATO-ya daxil olmaq üçün müraciət edib.

Sahil İsgəndərov
AzVision.az


Chosen
326
50
azvision.az

10Sources