CEYHUN ƏLİYEVGeridə qoyduğumuz mövsüm fiaskoya uğrayan "Neftçi" ardıcıl 2-ci dəfə eyni aqibəti yaşasa, klub rəhbərliyində yer alanlara bunu bağışlayan olmayacaq. Ötən ili silib atmaq da doğru olmaz. Hər halda, bu cür rəzalətdən doğru-dürüst nəticə çıxarmaq lazımdı. Müxtəlif vəzifələr yaratmaq, ora əcnəbiləri gətirmək və bəd ayaqda həmin kəslərdən sipər kimi istifadə etmək metodu yalnız diletantların gözündən pərdə asa bilər. Ancaq bu cür gedişlər əzəmətli klub adına yaraşa bilməz. "Günah keçisi" axtarmaq və daha bir mövsüm kreslosunu qorumaq istəyənlərlə işimiz yox. Bu yazının məqsədi "xəstə"yə ("Neftçi") əlac tapmaqdı. Kim nə deyir desin, "Neftçi"nin ən böyük problemi məşqçi seçiminin düzgün aparılmamasıdı. Komandanı məşqçi formalaşdırır, onun ideyalarını meydanda futbolçular həyata keçirir. Heç görün kimdənsə eşitmisiniz ki, filan prezidentin/direktorun komandası qalib gəldi? Bu da təbiidi. O başqa məsələ ki, məşqçini seçən idarəedicidi və uğursuzluq yaşananda yaxasını kənara çəkə bilməz. Və belə bir məqamda əvvəlcə Mutunu, ardınca Bojoviçi gətirən "ekspert"in yenicə yola salınan Fərrux Mahmudov olması qəti inandırıcı deyil. İndi həmin cənabın kim olmasını bilmək üçün ancaq bilənlərdən soruşmaq mümkündü. Ancaq indiyədək həmin ad çəkilməyibsə, bundan sonra deyiləcəyi də real görünmür. "Neftçi"ni yerdən yerə çırpan şəxsə əcnəbi idarəedicilər növbəti planını - SOCAR-ın ayırdığı şlanqdan axan valyutanı sovurmaq üçün ən ideal variantdır. Və indi, məhz indi azarkeş səsinin çıxma vaxtıdı. Təyinatlar reallaşdıqdan sonra "dünyanı bir-birinə vurmağın" heç bir faydası yoxdu.Bəs konkret xilasedici mütəxəssisi tapmaq olarmı? Birmənalı şəkildə bəli! Bunun üçün velosiped ixtisasına ehtiyac yoxdu. Çünki "Neftçi" - brenddir və bu klubun üzərində neftçilərin alın təri var. Deməli, məşqçi eksperimenti aparmaq üçün yer ola bilməz bu klub. Madam ki, SOCAR rəhbərliyi yerli mütəxəssis fikrini yaxına buraxmır, o zaman əcnəbilərin arasında seçim edərkən "9-luğ"a vurulmalıdır. Yeganə düzgün variant isə Azərbaycan futboluna bələd olan mütəxəssisdi. Özü də sadəcə, bələd olan yox, burda iz buraxmış mütəxəssis. Belələrinə zaman-zaman rast gəlinib. Məsələn, Yuri Syomin, Mirça Rednik, Murad Musayev kimi məşqçilər bu gün də xoş sözlə xatırlanır. Ancaq heç şübhəsiz ki, avanqardda gedən isim - Roman Qriqorçukdu. Ukraynalı çalışdırıcının "Qəbələ"ni ardıcıl 2 dəfə Avropa Liqasının qrupuna daşımasının dadı hələ də damaqlarımızdan getməyib. Eyni gündə 2 Azərbaycan klubunun "Köhnə Qitə"nin nüfuzlu turnirində iştirak etməsi xatirələrini yaddaşlardan necə silmək olar?! Bəli, Roman İosifoviç bu nailiyyətə komanda ilə imza atmışdı. Söhbət futbolçu komandasından getmir, onları bu gün də toplamaq mümkündür. Məsələ vəhdət təşkil edən idarəedici komandadan gedir. Həmin vaxt "Qəbələ"nin Fariz Nəcəfov - Zaur Əzizov - Səbuhi Səfiyarlı - Səməd Nəsibov - Nail Kərimovdan ibarət "vəhşi diviziya"sı var idi. Bu gün bu "beşbaşlı əjdaha"nın başları müxtəlif istiqamətlərə səpələnib: Nəcəfovla Səfiyarlı "Qəbələ"də olsalar da, Nəsibov "Turan"da, Kərimov isə "Qarabağ"dadı. Ancaq bu "başlar"dan biri də "Neftçi"dədi axı! Söhbət Zaur Əzizovdan gedir. Bildiyimiz qədəri ilə Zaurun Qriqorçukla çox isti münasibəti var. Fikrimizcə, təcrübəli mütəxəssisin istəklərini yerinə yetirmək üçün "Neftçi"nin kifayət qədər büdcəsi də var. Ən vacibi isə sələflərindən fərqli olaraq Roman İosifoviç "komanda qurmağa uzun zaman lazımdı" tipli bəhanə gətirməyəcək. Çünki Azərbaycan çempionatını içəridən tanıyır. Yuxarı-aşağı nə qoyub getmişdisə, eyni mənzərəyə də şahidlik edəcək. Yeganə ştrix Adil Şükürovun qayıdışıdı ki, bu mütəxəssislə də mübarizədən bir dəfə məğlub ayrılsa da (Şükürovun "Zirə"si gümüş, Qriqorçukun "Qəbələ"si isə bürünc medal qazanmışdı), indi azərbaycanlı mütəxəssis heç bir sponsorun yaxın durmaq istəmədiyi və ancaq Premyer Liqada yerini qorumağa can atan "Kəpəz"i çalışıdırır.Qriqorçukun namizədliyinin "Neftçi"də müzakirə olunub- olunmamasını bilmirik, amma bir şeyə əminik ki, ukraynalı mütəxəssis "Neftçi" brendi üçün ən uyğun və uğurlu seçim olar. Hə, bu başqa məsələ ki, Qriqorçuk "Neftçi" qazanında çömçə" qarışdıranlara sərf edəcəkmi? Bütün hallarda, gündəm aşağıdakı sualları ortaya gətirir: 1) Zaur Əzizov Qriqorçuku istəyirmi;2) İstəyirsə, dəvət edilməmə səbəbi nədi?3) Əzizovun gətirmək istəyini "Neftçi"dən əngəlləyirlər?4) Əngəlləyən varsa, həmin şəxs kimdi?