EN

Güclü Azərbaycan həmişə hədəfimiz olub

Milli Qurtuluş Günündən başlanan inkişaf yolu Azərbaycanı tarixi Zəfərə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə qovuşdurdu

Dörd ildir qalib xalq olaraq bayramlarımızı, tarixi günləri Zəfər ruhunda qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəbhərliyi ilə rəşadətli ordumuzun yazdığı Zəfər səhifəsindən sonra uğurlarımızın davamlılığı diqqətdən kənarda qalmır. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Azərbaycanın Günəş kimi dünyaya doğmasını təmin edən Ümummilli Lider belə bir əminliyi də ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərdə yeni həyat başlayacaq. Dahi şəxsiyyət Heydər Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərinin birində səsləndirdiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik» fikirləri də bu inamın, əminliyin təsdiqi idi. 1993-2003-cü illərdə görülən işlər bugünkü reallıqlarımızın bütövrəsidir. Cənab İlham Əliyev Ümummilli Liderin etimadını doğrultdu, torpaqlarımızın xilaskarı kimi adını tarixmizə qızıl hərflərlə yazdırdı. Bu gün qalibyyət rəmzi olan üçrəngli Bayrağımız Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda dalğalanır.

Keçilən yolun təhlili fonunda belə bir ümumiləşdirməni apara bilərik ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı kimi yazıldı.

Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun 1993-cü il tarixindən bizləri 31 illik zaman ayırır. İllər keçdikcə bu günün əhəmiyyətini, Azərbaycanın müstəqilik tarixində rolunu daha aydın şəkildə dərk edirik. 31 il zaman baxımından böyük olmasa da, uğurların zənginliyi ilə bir əsrə bərabər yol kimi dəyərləndirilir. Hər bir önəmli hadisə, bayram tədbiri daim keçirilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Bu il Milli Qurtuluş Gününü fərqli şəkildə böyük sevinclə qeyd edirik. Belə ki, 9 ay bundan öncə, ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi və suverenliyimiz tam bərpa edildi. Ötən ilin 20 oktyabr tarixində Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaldıldı. Xankəndi şəhərində Zəfər paradı keçirildi. Bu il Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar dövlət başçısı İlham Əliyev Xocalı şəhərində bu rayonun ictimaiyyətinin nümayəndələri ilə görüşdü və Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Bu ilin fevralın 7-də isə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə növbədənkənar prezident seçkləri keçirildi. Cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xocalı şəhərində səs verməsi tariximizin qürurverici hadisələri sırasında xüsusi yer tutdu. Son 9 aya yaxın müddətdə bayramlarımız, o cümlədən Milli Qurtuluş Günü suverenliyimizin tam bərpa edilməsi fonunda qeyd edilir.

Yazıya tarixi Zəfərimizə gedən yoldan deyil, məhz onun yaratdığı reallıqlarla bağlamağımız səbəbsiz deyil. Çünki bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib Azərbaycanın vətəndaşı olmağı ilə qürur duyur, gələcəyə böyük inamla addımlayır. Bu inamı, əminliyi yaradan təbii ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu. Ümummilli Liderin möhtəşəm qayıdışı olmasaydı və Milli Qurtuluş baş tutmasaydı biz tamamilə fərqli Azərbaycanda yaşamağa məcbur olardıq. O Azərbaycan təbii ki, bugünkü uğurlu inkişaf yolunda inamla irəliləyən Azərbaycandan fərqli olacaqdı. Milli Qurtuluş Günündə iki mühüm məqama diqqət yönəldilir. Biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və bu qayıdışın Azərbaycanın qarşısında açdığı imkanlardır.

Milli Qurtuluş Günü tariximizin ən parlaq səhifəsi kimi qeyd olunur. Bu, onunla bağlıdır ki, insanlar öz həyat tərzlərinin bugünkü səviyyəsini, Azərbaycanın davamlı uğurlarını və gələcək perspektivlərini qurutuluşla və Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ilə əlaqələndirirlər. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsin yaddaşındadır. Bütün sahələrdə böhran, xaos, anarxiya hökm sürurdü. Xalqın sabaha ümidi yox idi. Yaşananlar insanları narahat edirdi. Onlar ölkənin gələcəyinə inamı itirmişdilər. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışını şərtləndirdi və reallığa çevirdi. Heydər Əliyevin qayıdışı ilə Milli Qurtuluş Günü başladı. Azərbaycanda problemlər Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və yüksək idarəçiliyi sayəsində öz həllini tapmağa başladı. Ölkədə sistemli iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın taleyində əhmiyyətli rol oynayan neft strategiyası işlənib hazırlandı. Bu da öz növbəsində həm insanların, həm də ölkəmizin iqtisadi inkişafına böyük töhfələr vermiş oldu.

Yeni neft strategiyasının uğurları bu gün Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında özünün aydın ifadəsini tapır. 30 il bundan öncə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən Ümummilli Lider atılan addımın əhəmiyyətini belə xarakterizə etmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.» Son 20 ildən artıq dövrdə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması çağırışına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir, nəinki paytaxt Bakı, eyni zamanda, bölgələrimiz iqtisadi inkişafı ilə xarici investorların diqqətindədir.

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu məqamı xüsusi olaraq bildirmişdir ki, gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.

1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» tezisinin təsdiqidir.

Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində daha bir tarixi saziş imzalandı. 2017-ci ilin sentyabr ayının 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Həmin sənədə əsasən, neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni sazişin imzalanması mərasimində “Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir» söyləyən dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: «Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.»

Milli Qurtuluş Günundən başlanan tarixi yol uğurludur. Azərbaycanın bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də Qurtuluşdan başlayır, ondan güc alır. Qurtuluşun tarixindən və ölkəmizin həyatında rolundan bəhs edərkən gözümüz önündə olan reallıqlarımıza diqqət yetirmək gərəkdir. Azərbaycanın inkişafı, davamlı iqtisadi islahatları təqdir olunur. Son 20 ildən artıq dövrün sosial-iqtisadi göstəriciləri təqdirqəlayiqdir. Ölkə iqtisadiyyatının artımı insanların sosial müdafiəsinin gücləndirilməsi üçün etibarlı baza yaradır. Maaşlar, pensiyalar artırılır. Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını önə çəkərək, iqtisadi göstəricilərin insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirir. Əhalinin bugünkü sosial durumunu müstəqilliyimizin ilk illərindəki durumla müqayisə etdikdə hazırkı inkişafa nail olmaq üçün hansı addımların atıldığını daha aydın şəkildə görürük. Qurtuluş Azərbaycanın tarixində böyük inkişaf mərhələsinin əsası kimi qeyd edilir. Ölkəmizin gələcək inkişafı üçün möhkəm baza yaradıldığı inkardeilməzdir.

Azərbaycan son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Qurtuluşun yaratdığı imkanlardan istifadə edərək Azərbaycanın qısa müddətdə köklü şəkildə dəyişdirilməsinə nail olunub. İqtisadiyyatda, infrastrukturda çox ciddi dəyişikliklər baş verib. Azərbaycan elə bir ölkəyə çevrilib ki, öz inkişafını davamlı etmək üçün yeni-yeni hədəfləri müəyyənləşdirir və onlara çatmaq üçün icra mexanizmi ortaya qoyur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsas səbəbləri iqtisadiyyatı daha da inkişaf etdirmək, insanların yüksək rifah şəraitində yaşamasını təmin etmək, bütün bu istəklərə nail olmaq üçün zəruri olan addımları atmaqdır. Cənab İlham Əliyevin «Neft kapitalını insan kapitalına çevirək!» tezisinə uyğun olaraq regionların malik olduğu resurslardan səmərəli istifadə etmək üçün Dövlət proqramları təsdiqlənir və uğurla icra edilir. 2003-cü ildən bu günədək 4 Dövlət Proqramının icrası başa çatıb. Tarixi Zəfərimizdən sonra sənədlərin qəbulunda və təsdiqlənməsində də yeniliklər, təkmilləşmə özünü qabarıq şəkildə büruzə verir. Belə ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», rayonlar üzrə yeni iqtisadi bölgünün həyata keçirilməsi ilə bağlı imzalanan Fərman və sair bunun bariz nümunəsidir. Günümüzün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur zəngin bərpaolunan enerji potensialına malikdir. "Yaşıl dünya naminə həmrəylik ili»ndə, həmçinin COP29 tədbirində bu potensialımıza, eyni zamanda, Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi və qarşıdakı illərdə verəcəyi töhfələrə bir daha diqqət yönəldiləcək.

Ümummilli Liderin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının da uğurlarımızda öz payı vardır. Xalqa, dövlətə xidməti fəaliyyətinin ana xətti kimi qəbul edən Yeni Azərbaycan Partiyası yeni hədəflərin gerçəkləşməsi istiqamətində mühüm addımlar atır. Partiyanın hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Azərbaycan tarixində qürurverici hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması, gücünün günbəgün artması və ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli və özünəməxsus yer tutmasıdır. Yeni Azərbaycan Partiyasının 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda keçirdiyi VII qurultayında dövlət başçısı İlham Əliyev böyük əminliklə qeyd etdi ki, YAP bunda sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır. YAP-ın üzvlərinin sayı 800 minə yaxındır. Bu, böyük ordudur. Bu ordunun silahı Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar, uğurlu siyasətdir. Qurtuluşun müəyyənləşdirdiyi yeniləşmə, müasirləşmə həyata keçirilən siyasətin əsasında dayanır. Azərbaycan hazırda bütün sahələrdə inkişaf dövrünü yaşayır. Bu inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısı İlham Əliyev biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar imzalayır, Dövlət proqramlarını təsdiqləyir.

Qurtuluş Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan sabit, demokratik dəyərlərə hörmətlə yanaşan və bu yolda inamla irəliləyən, dayanıqlı iqtisadi inkişafa malik olan, beynəlxalq münasibətlər sisteminin əhəmiyyətli yer tutan ölkə kimi nüfuz qazanıb. Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir. Həmçinin Ümummilli Liderə bu müraciəti etmişdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı qüdrətləndirəcəyik, gücləndirəcəyik, zəfərlərə doğru aparacağıq.

Son 20 ilin reallıqlarının təhlili hər bir vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Dövlət başçısı İlham Əliyev 2024-cü il 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində « 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik» söyləyərək onu da əlavə etdi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan həmişə hədəfimiz olub.

Cənab İlham Əliyev son 20 ildə Azərbaycanın qazandığı uğurları geniş təhlil edərək onların fonunda böyük qürur hissi ilə qeyd etdi ki, bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.

Hazırda işğaldan azad edlimiş bütün torpaqlarımızı cənnət məkana çevrilir. Dövrün müasir tələbləri əsasında yenidən qurulan, bərpa edilən bu torpaqlarda həyat canlanır, soydaşlarımız qayıdışdan böyük sevinc hissini keçirirlər. Bu ərazilərimizdə sakinlərin rahat, təhlükəsiz yaşayışlarının təmin edilməsi üçün bütün zəruri olan şərait yaradılıb. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında yenidən qurulan şəhərlərimiz, kəndlərimiz dünyaya şəhərsalmanın yeni təcrübəsini təqdim edir.

Qurtuluşun Azərbaycana nə verdiyini təhlil edərkən gələcəyimiz olan gənclərin inkişafını xüsusi qeyd etməliyik. Bu gün Azərbaycana qalibiyyət qazandıran, torpaqlarımızın 30 illik işğalına son qoyan, suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa edən Azərbaycan əsgəri dünya hərb tarixinə yeni səhifə yazdı. Bir daha sübut olundu ki, Azərbaycan gənci vətənpərvərdir, dövlətinə, xalqına bağlıdır, yeni texnologiyaların öyrənilməsinə və inkişaf etdirilməsinə xüsusi maraq göstərir. Azərbaycan innovasiyalar ölkəsi kimi dünyada tanınır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Bu gün Azərbaycan gəncinin səsi yüksəklərdə eşidilir, imzalanan Dövlət proqramları onların hərtərəfli inkişafını təmin edir. Gənclərimiz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşir, gələcəyə böyük inamla addımlayırlar.

Bu gün, Milli Qurtuluş Günündə böyük fəxrlə bəhs etdiyimiz tarixi Zəfərimiz, bütövləşən Azərbaycan 1993-cü ildən başlanan inkişaf yolunun zirvəsidir. Sübut olundu ki, ən yenilməz, məğrur xalq Azərbaycan xalqı, məğlubedilməz ordu Azərbaycan Ordusudur. 28 ildən sonra işğaldan azad edlimiş ərazilərimizdə Novruz tonqalları yandırıldı, Şuşada «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq.

Milli Qurtuluş Günün mübarək, bütövləşən Azərbaycan! Qarşıdakı dövrdə bayramlarımızı daha yeni-yeni zəfərlərlə qeyd edəcəyimizə əminik. Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, Qələbədən-Qələbəyə aparır.

Yeganə Əliyeva, «İki sahil»

Chosen
199
ikisahil.az

1Sources