EN

Zamanın nəbzini tutan tamaşa...

Nə gizlətməli, son vaxtlar Azərbaycanın teatr səhnəsi güclü, sanballı əsərlərdən  ötrü sankı “aclıq” keçirir. Sabit Rəhman, İlyas Əfəndiyev kimi yazıçı - dramaturqların tamaşıçının qəlbini oxşayan, onları günlərlə  düşündürən;  qəlblərinə hakim  kəsilən, bəzən kövrəldən, bəzən isə ürəkdən güldürən səhnə əsərlərindən sonra  teatrımızda müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə özünü  qabarıq şəkildə göstərən nöqsanların qamçılandığı əsərlərə o qədər də rast gəlinmir.  Bu,  bir   faktdır! O baxımdan, iyunun   14-də    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan tamaşaçısına “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız qalası”, “Bakı nefti və Nobellər” və s. bədii və sənədli filmlərin, eləcə də “İnsan və iblis”, “İstədiyim yar idi”, “Henrix və Leyla” kimi teatr tamaşalarının libretto müəllifi kimi yaxşı tanış olan yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir  dünya” adlı tamaşasının premyerasını nəzər-diqqəti cəlb edən əsil teatr hadisəsi hesab etmək olar.  Son dərəcə həssas və  təzadlı   olan   yeni  dünya düzəni - Qarabağ probleminin tamamailə   xalqımızın   xeyrinə   həll   edildiyi,   Rusiya-Ukrayna, İsrail-Hamas qarşıdurması, Qafqazda Rusiyanın getdikcə sıxışdırılıb çıxarılması, Turan dünyasının yaradılması istiqamətində getdikcə daha real və təsirli addımlar atıldığı bir dövrdə belə bir tamaşanın səhnəyə qoyulmasının ictimai-siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. 

Belə ki,  tamaşada böyük ustalıqla məişət məsələlərinin, cəmiyyətin sarsılmış sosial sütunlarının psixoloji durumunun deyərdim ki, bütün türk dünyasını  narahat  edən qlobal problemlərin fonunda, həm də komik  formada ustalıqla tamaşaçının nəzərinə çatdırılması, bu məsələlərin uğurla  əlaqələndirilməsi, o cümlədən, vahidlik və tamlıq şəklinə gətirilməsi  tamaşaçıda dramaturqa olan rəğbət hissini birə on qat artırır. Teatrın vətəni hesab edilən Yunanıstanda  teatrı “böyüklər  üçün  məktəb” adlandırırdılar. Bu baxımdan vurğulamaq istərdim ki, tamaşanı izlədikcə müəllifin intellektual potensialı, siyasi savadı, müşahidəçilik qabiliyyəti də özünü qabarıq şəkildə göstərir və tamaşaçıda yeri gəldikcə cəmiyyətdə rast gəlinən neqativ hallara – rüşvətə, korrupsiyaya, var-dövləti əsas həyat kredosu hesab edib təmiz, saf, pak hisslərin tapdanmasına yönəldənlərə nifrət hissi yaradır. Türk xalqlarının mədəni  irsinin öyrənilməsi istiqamətində Türksoyun təşkil etdiyi mədəniyyət günlərində  azərbaycanlı Şəriflə  özbək  qızı  Müyəssərin bir - birləri ilə tanış olmaları, onların arasında dərin sevgi hisslərinin yaranması əsərin əsas ana xəttini təşkil edir.lakin Şərifin atası - Şiraslanın oğlunu başqa, dövlətli  bir  adamın  qızı  ilə evləndirmək istəməsi, həm də qızın atası Batırın qızını ayrı bir dövlətli adamın oğluna ərə vermək istəməsi vəziyyəti dramatikləşdirsə də son nəticə hər iki gəncin xeyrinə həll olunur. Lakin bu işin alınmaması  üçün olan  maneələr-qısqancıqlar, paxıllıq  və  gözügötürməməzliklər əsər boyu müşayət olunur. Bəlli olur ki, Şərifin qonşuluğunda olan, yaşı ötmüş Safuranın da Şərifdə gözü varmış. Təsadüfən Şərifin və Müyəssərin  şəxsiyyət sənədlərini ələ keçirən bu xanım yaxın rəfiqəsi ilə bu nigahı pozmağa çalışır. Lakin komediya janrının tələbləri çərçivəsində son anda Asan Xidmət və ara mollası - tamada vasitəsi ilə problemlər  taleyin və qismətin  hökmünə uyğun olaraq  sevən gənclərin arzuları əsasında həll olunur. 

Əsərdə  digər bir maraqlı obraz  Müyəssərin atası  Batırdır. Ümumiyyətlə, Batır adı özbək və qazax xalqlarının ən brend adı hesab olunur. Qazax xalqının ən populyar epik nümunələrindən sayılan "Koblandı-batır" dastanında yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilən batırların doğma Vətənə bağlılığı, onların öz təfəkkürü, qüvvəsi, gücü və cəsurluğu məharətlə təsvir olunur. Deməliyəm ki, Batır  adı ümumiyyətlə  türk xalqlarında güclü, qüvvətli   mənada işlənən ümumiləşdirici bir addır. Biz azərbaycanlılarda bu ad Bahadır kimi işlənir. Hətta ruslar da işlənən – “Boqatır”, yəni güclü, qüvvətli sözü də buradan götürülmüşdür. Bu mənada müəllifin Batır adı ilə tarixi və qan yaddaşını canlandırması səyahəti heç də təsadüfi deyildir. Burda bir kökün, bir nəslin, bir tayfanın, bir qövmün qəhrəmanlıq tarixini ön plana çəkən Əmir Pəhləvan müasirliyi özündə əks etdirən texnoelectron eranın keçmişə - türklüyə, soykökə qayıdışı üçün yeni Birlik, Barış və Sülh   çağrışı   etmişdir. Bu mənada müəllif zərif və incə məqamları böyük profesionallıqla işləyib ortaya qoymuşdur. Qeyd etmək yerinə düşərdi ki, müəllif komedik janrın xüsusiyətlərindən istifadə edərək bəzən eyni sözün müxtəlif türk xalqlarının dilində ayrı -ayrı məna kəsb etməsi faktından çox səmərəli şəkildə istifadə edir ki, bu da tamaşaya xüsusi rəng qatır və onu daha da baxımlı edir.Tamaşa haqqında danışarkən daha bir cəhəti-səhnə tərtibatını, rəqqasların geyimini   də   qeyd   etmək   istərdim.   Belə   ki,   səhnə   tərtibatında,   rəqqasların geyimində Azərbaycan və  Özbək   milli   rəsmləri,   xüsusiyyətləri   də   öz   inikasını tapmışdır.   Təbiidir   ki,   bu   xüsusiyyətlər   də   xalqlarımız   arasındakı   yaxınlığı, doğmalığı, birliyi, eyni kökdən olmağımızı simvolizə edir. Bütün bu detallar isə tamaşanın   çəkisini,   təsir   gücünü   artırır,   onun   emosional   xüsusiyyətlərini gücləndirir, nəticə etibarı ilə daha yadda qalan edir.

Burada dramaturqun bir   çox cəhətləri – Azərbaycanın Özbəkistanla olan dostluq və qardaşlıq əlaqələrini ön   plana çəkməsi xüsusilə diqqəti   cəlb edir. Məlum olduğu kimi  süni Qarabağ  problemi ortaya atılandan  bəri Özbəkistan həmişə Azərbaycanın haqq işini müdafiə etmişdir. Digər tərəfdən       isə yaxın keçmişdə Möhtərəm Prezidentimiz İlham Əliyevlə Özbəkistan Prezidenti Şövkət Mirziyayevin rəsmi dostluq səfərləri, Mirziyayevin Fizuli şəhərində Uluqbəy adına orta məktəb binası tikdirməsi bu iki qardaş xalq arasında səmimi münasibətlərin  daha  aydın  təzahürüdür. Başqa bir tərəfdən isə Zəngəzur dəhlizinin açılması istiqamətində son dövrlərdə gedən danışıqlar, bu layihənin həyata keçirilməsi üçün göstərilən cəhdlər, aydındır ki, bütün türk dünyasının, Böyük Turan  ideyasının həyata keçirilməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Hadisələrin bu fonda inkişaf etməsi, tamaşa  komik janrda olsa  belə, burada qlobal ideyaların qoyulması, tamaşaçıda dramaturqa böyük hüsn – rəğbət qazandırır. Yeri gəlmişkən, qeyd etmək yerinə düşərdi ki, dramaturq Əmir Pəhləvan Mərkəzi  Asiya respublikalarında kifayət qədər yaxşı tanınan bir simadır. Belə ki, o, Qazaxıstan və  Qırğızıstan Respublikalarının Dövlət Mükafatları laureatlarıdır və bu möhtəşəm ideya onun üçün heç də təsadüfi deyildir!  Bundan başqa müəllif 1998-ci ildə ABŞ da, Los – Ancelesdə, (Hollywood,) Baş mükafat (iki medal və Qran – pri), 2000-ci ildə Fransanın   Nant   şəhərində   keçirilən   “Üç   qitə   kinofestivalı” nın qalibi olmuş, Yaponiya və Amerikanın birgə təsis etdikləri Sülhməramlı dünya səfiri fəxri tituluna layiq görülmüşdür. Bütün deyilənlərlə bərabər müəllif həm də Amerikada çıxan nüfuzlu “World Literature Today” jurnalının mükafatçısı olmuşdur. Bəli, yuxarıda sadaladığım titul və   nailiyyətlər Əmir Pəhləvanın Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti, teatrı qarşısında gördüyü xidmətləri əyani şəkildə əks etdirir. Lakin   müdriklərdən birinin dediyi kimi “Yaradıcılığın sonu yoxdur!”

Bu baxımdan inanıram ki, artıq Azərbaycan ədəbiyyatında, mədəniyyətində, incəsənətində özünü kifayət qədər yüksək səviyyədə təsdiq etmiş Əmir Pəhləvan bundan sonra da bizi daha maraqlı ekran və səhnə əsərləri ilə sevindirəcəkdir.

İlqar Abdullayev,
Tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

Chosen
120
ikisahil.az

1Sources