EN

Gözəllik salonunda DƏHŞƏT: Şəhid oğlu kişilərlə gəzən boşandığı arvadına 25 bıçaq zərbəsi vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Qaradağ rayonunda 1982-ci il təvəllüdlü Nəcəf qısqanclıq zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Nəcibəni (adlar şərti verilib - red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Nəcəf Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmin hökmə əsasən cəzası 2 il sınaq müddətinə şərti hesab edilməklə məhkum edilib.
Nəcəfin həmin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş halda o, daha bir ağır cinayət törədib. 2023-cü ilin yanvarın 11-də Tərtər Rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş keçmiş arvadı Nəcibənin dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib.
Nəcəf gözəllik salonuna girib və Nəcibəni yanına çağırıb. Ona sürdüyü yüngül həyat tərzinə son qoymasını bildirib. Nəcibə isə keçmiş ərinə "get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm" deyib.
Bu zaman Nəcəf qısqanclıq zəminində qisas almaq niyyəti ilə əvvəlcədən yaşadığı mənzildən götürərək gödəkçəsinin sol cibinə qoyduğu mətbəx bıçağını çıxarıb və Nəcibəyə çoxsaylı zərbələr vurub. Ümumilikdə 25 bıçaq zərbəsi alan qadın ölüb.
İstintaq orqanı tərəfindən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Nəcibə ilə 2004-cü ildə ailə qurub, 2022-ci ildə boşanıblar: "İki övladımız olub. Nikah dövründə münasibətlərimiz yaxşı olub. Boşanmağımıza səbəb evdən pul götürərək getməyi olub. Boşanma səbəbi olan pul oğurluğu ilə bağlı polisə müraciət etməmişəm. Nikahımız pozulandan sonra Nəcibə gözəllik salonunda işləməyə başladı. Ona orada işləməməsi barədə xəbərdarlıq etdim. Lakin xeyri olmadı. Atasına və qardaşına xəbər yollayaraq bildirdim ki, sizin uşağınız düz yolda deyil. Onlar da gəlib-getmədilər, baxmadılar. Ancaq anası gəlib-getdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, Nəcibənin tanımadığı yad kişi ilə maşına minərək getdiyini gözü ilə görüb: "Xəbərdarlıq edərək dedim ki, sənin maşına mindiyini görmüşəm, bu yoldan qayıt, mən də məhv olaram, sən də məhv olarsan, uşaqların gələcəyi var. Bizim 17 və 18 yaşlı iki qız övladımız var. Onları da nəzərə almaq lazımdır ki, gələcəkləri məhv olub getməsin. Uşaqlarla görüşdüm, uşaqlar da bildilər. Böyük qızım hamısını danışdı, dedi ki, anası evə gəlmir. Hadisədən qabaq neçə dəfə xəbərdarlıq etdim. Dəyişmədi deyə, onu vurası oldum. Öldürəsi olsa idim, iki ildir orada işləyirdi, gedib həmin dəqiqə öldürərdim. Ondan boşanmışdım. Hərə öz işində olub. Amma ona dedim ki, yüngül həyat tərzi keçirdiyin o yoldan qayıt. Gözəllik salonuna da danışmaq üçün getmişdim. Orada söhbət başqa cür oldu. İçəriyə girəndə balaca otağa çağırdım. Gözəllik salonunun içinə girsəm də, xanımlara yaxın getmədim. Çağıraraq dedim ki, səhv yollara gedirsən, bunu etmə. Cavabında "nə edirəm yaxşı edirəm, nə istəyərəm edərəm, get işinlə məşğul" dedi. Mən də öldürdüm. Bıçaqlayarkən heç bir müqavimət göstərmədi. Bir-iki dəfə qışqırdı. Sonra səsi kəsildi. Niyə bu qədər çox bıçaq vurmağımı özüm də bilmirəm. Özümdə olmamışam. Sənədi oxuyanda o qədər bıçaq vurulduğunu görmüşəm. Hadisə salonda olub, orada əlavə iki nəfər qadın da olub".
Təqsirləndirilən şəxs qeyd edib ki, qətl hadisəsi olandan sonra heç evə də getməyib: "Birbaşa 35-ci Polis Bölməsinə gedərək təslim oldum. Mən özüm şəhid övladıyam. Yalan ifadə vermirəm. Nə varsa, onu deyirəm. Orada özümdə olmamışam. Mən namus təmizləmişəm, uşaqlarımın gələcək həyatlarının məhv olmaması üçün etmişəm. Altı ay Nəcibəyə xəbərdarlıq etmişəm. Yenə də xəbərdarlıq etməyə getmişdim. Lakin orada elə sözlər dedi ki, özümü ələ ala bilmədim".
İş üzrə təqsirləndirilən şəxsin qızlarından biri də ifadə verib. O, ifadəsində baş verən olayları belə izah edib: "Bizim anamız ölüb. Lakin bu, valideyn itkisi deyil, elə bil ki, həyatımız əlimizdən alınıb. Anam üç il idi ki, boşanmışdı, heç bir günahı olmayıb, qeyri-etik bir hərəkət etməyib. Atam üç ildir ki, bizi ancaq tənqid və təhqir edib. Bizə çox iyrənc söyüşlər söyüb. Bununla bağlı sübutum da var. Bu, planlaşdırılmış bir işdir. Bizə ancaq deyib ki, sizi öldürəcəyəm, yaşadığınız yeri bilirəm, ananızı da, sizi də öldürəcəyəm. Ondan əvvəl də babamı bıçaqlamışdı. Babam polisə şikayət etməyə qoymayaraq, sabah üz-üzə gələcəyimizi demişdi. Anam ilə görüşüb hazırlığa getdim. Sonra bacım zəng etdi ki, deyəsən anama nəsə olub, get bax. Salonun yanına getdim. Oranın qanın içində olduğunu gördüm. Gözəllik salonunun yanında yaşamamışıq. Oradan köçmüşük. Anam hər gün saat səkkiz, doqquza qədər işləyib. Boşandıqdan sonra atamın bizə maddi köməyi yalnız aliment olub".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəcəf 17 il 7 ay 22 gün azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Chosen
283
50
oxu.az

10Sources