"Bakı şəhərində subay oğlan və tək yaşayan kişilərə kirayəyə ev verənlərin sayı azalıb. Mənzil sahibləri aylarla evlərini boş saxlayır, amma onu nə tək yaşayan kişilərə, nə oğlanlara vermək istəmir. Hər kəs evini ancaq qızlara və ailəli şəxslərə kirayə verməyi üstün tutur”. Bunu Qaynarinfo-ya açıqlamasında şair Əsəd Qaraqaplan deyib.
Şair bildirib ki, ailəli olmadığı səbəbindən kirayə ev tapa bilmir:
"Kirayə evləri ailəli şəxslərə verirlər. Sanki bu ölkədə bütün ailələr xoşbəxtdi... Sanki evləri dağıdan və evləri dağılan ailəlilər yox, ancaq təklərdi”...
Mənzil eksperti Nüsrət İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, subay kişilərə kirayə evlərin verilməməsinin səbəbi risklə əlaqədardır: "Subay kişilərə mənzil vermək böyük riskdir. Onlardan problem qaçılmazdır. Ya bir-biri ilə dava edib polisə düşürlər, ya da adam öldürürlər. Hadisə onlardan qaçmır. Bəziləri evin pulunu vermədən qaçıb gizlənir. Ona görə ev sahibləri bu təhlükədən qaçır”.
Ekspert deyir ki, yaxın illərdə tək yaşayan kirayə ev tapması daha da çətinləşə bilər:
"Mənzil sahiblərini qınamaq mümkün deyil. Kirayə evləri ya qızlara, ya da ailəli şəxslərə verirlər. Düzdür, elə adam var gözünü yumub verir, amma kütləvi şəkildə bu adamlara ev verən, qapı açan yoxdur”.
Bahar Rüstəmli