Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması saktorunun müdiri Aynurə Zeynalova deyib ki, uşaqlarda anadangəlmə qüsurlar da çoxalıb.
“Müayinələr zamanı vətəndaşa deyə bilmirik ki, evlənməyin. Biz tövsiyə verə bilərik ki, siz talassemiya daşıyıcısısız. Evlənsəniz, xəstə uşaq doğulacaq. Onları evlənib-evlənməməsi özlərindən asılıdır. Bu gün hətta talassemiyanın artıq ağır formaları çoxalıb. Əvvəl alfa forması çox idisə, indi isə delta formasına keçib”.
Uşaqlarda anadangəlmə başqa hansı qüsurlar ola bilər? Bu qüsurların qarşısını əvvəlcədən almaq mümkündür?
Bu sualları ginekoloq Rəşad Sultan Referans.az" target="_blank">Referans.az-a açıqlamasında cavablandırıb.
“Qüsurların sayının artması üçün hansısa dəyişikliyin olduğunu düşünmürəm. Radiasiyanın artması, ekologiyada kimyəvi kirlənmənin artması və s. səbəblər daha çox qüsurlu uşaqların doğulmasına səbəb ola bilər deyirlər. Lakin inanmıram ki, qüsurlu uşaqların sayında artış ola bilər. Diaqnoztikasında artış ola bilər, işıqlandırılmasında artış ola bilər. Məsələn, əvvəllər hansısa kənddə ürək qüsurlu bir uşaq dünyaya gəldikdə bu işıqlandırılmırdı. Amma indi statistikalara təsir edir bu faktlar və daha çox olduğu düşünülür”.
Ginekoloq bildirib ki, körpələrdə qüsurlar qohum evlilikləri zamanı da daha çox rast gəlinən məqamlardan biridir. Lakin bu da Azərbaycanın çoxdankı problemlərindən biridir və buna görə də bu faktorun da artışa səbəb olması gözlənilmir.
“Körpələrdə baş verən qüsurları iki qrupa bölə bilərik. Birinci qrupa genlərin vəziyyətindən asılı olmadan normal bədən üzvlərindən kənara çıxmalar aiddir. Məsələn dovşandodaqlılıq, bir barmağın artıq olması, ürəkdə qapaq qüsurları, ayaqda hansısa sümüyün və ya barmağın olmaması və s.
Digər qrupa isə quruluşu normal olan və ya normal olmayan uşaqlarda xromosomlarda artıqlıq və ya əksiklik. Bunlardan ən çox yayılmışı daun sendromudur. Bu xəstəlik atadan-anadan keçmir, təsadüfi yaranan sendromdur. Digər tərəfdən isə nəsildən keçən genetik deffektlər var”.
Rəşad Sultan qeyd edib ki, hələ doğulmamış körpələrdə qüsurların qarşısını almaq üçün bir neçə yanaşma mövcuddur.
“Körpələrdə qüsurların qarşısını almaq üçün iki üç cür yanaşma mövcuddur. Birincisi gen xəstəliklərinin rast gəlmə tezliyini azalmaq üçün qohum evliliklərinin qarşısını almaq. İkincisi hər kəs özündə və ailəsində hansı xəstəliklər olduğunu əvvəlcədən bilməlidir. Ailədə olan genetik xəstəliyi ört-basdır edib gizlətməkdənsə, xəstəliyin adını və xüsusiyyətlərini, əhəmiyyətlilik səviyyəsini öyrənmək gələcəkdə ailə qurarkən bizə kömək edəcək. Digər bir yanaşma isə hamiləlik dönəmində vaxtı-vaxtında həkimə getmək, həkim nəzarətində hamiləlik keçirməkdir. Düzdür, biz bir çox xəstəlikləri uşaq ana bətnində olarkən müəyyə etməkdə çətinlik çəkirik. Bunun üçün detallı müayinəyə ehtiyac yaranır ki, bəzi pasiyentlər də bunu etdirməyə üstünlük vermirlər. Bu baxımdan ən böyük nailiyyətlər daun sendromunun aşkar edilməsindədir ki, bunun üçün ikili, üçlü testlər, amiosentez mövcuddur”.
Həkim deyib ki, son zamanların ən böyük nailiyyətlərindən biri isə ana bətnindəki dölün DNT-ni aşkar etməkdir. Bunun üçün NİP testinə ehtiyac duyulur, lakin çatışmayan cəhət odur ki, olduqca bahalıdır və bir o qədər də əlçatan hesab olunmur.
“Hamiləlikdə qüsur aşkarlanarsa, əlimizdən müalicə üçün çox da bir şey gəlmir. Bu qüsur həyatla üst-üstə düşmür və həkimlərdən ibarət konsilium qərar verirsə, bu zaman uşaq tələf edilir. Əgər bu qüsurun uşaq doğulduqdan sonra müalicəsi mümkündürsə, o zaman doğuşdan sonra müvafiq tədbirlər görülür. Elə qüsur var ki, sadə pəhrizlə onun qarşısını almaq olar. Lakin elə qüsurlar da var ki, ciddi beyin yaxud ürək əməliyyatlarına ehtyac duyulur. Buna görə də hər kiçik qüsura görə, hamiləliyi sonlandırmaq məsləhət görülmür”.
Fidan Vəlisoy