Respublika Klinik Xəstəxanasının Endokrinologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, həkim-endokrinoloq Aynur Hümbətova Kuşinq sindromu haqqında məlumat verib. O bildirib ki, “Kuşinq sindromu bədəndə kortizol hormonunun həddindən artıq istehsalı nəticəsində ortaya çıxan bir vəziyyətdir.
Kortizol normal olaraq böyrəküstü vəzlər tərəfindən hazırlanan hormondur və həyat üçün vacibdir. Bu hormon insana xəstəlik kimi stresli vəziyyətlərə cavab verməyə imkan verir və bədənin demək olar ki, bütün toxumalarına təsir göstərir. Bədəndə həddindən artıq kortizol istehsalına səbəbindən asılı olmayaraq kuşinq sindromu deyilir.
Kuşinq sindromunun simptomları
• Narahatlıq
• Yuxusuzluq
• Zəiflik
• Baş ağrısı
• Emosional nəzarətin itirlməsi
• Sızanaqlarda artım
• Üz qırmızılığı
• Osteoklazi
• Sümüklərin asanlıqla qırılması
• Həddindən artıq susuzluq
• Tez-tez sidiyə getmək
• Yüksək qan şəkəri səviyyəsi
• Həddindən artıq kilo alma nəticəsində piylənmə
• Təkrarlanan infeksiyalar
• Dərinin incəlməsi və asan göyərmə
• Yaraların və infeksiyaların yaxşılaşmasında gecikmə
• Qadınlarda həddindən artıq tük artımı
• Düzənsiz dövr
• Kişilərdə erektil funksiyanın itirilməsi
• Uşaqlarda böyümənin yavaşlaması kimi
Diaqnoz necə qoyulur?
24 saatlıq sidikdə kortizol səviyyəsi: bu test 24 saat ərzində sidiyinizi toplayaraq sərbəst kortizol səviyyəsinin ölçülməsinə əsaslanır.
Deksametazon testi: bu testdə saat 11-də deksametazon olan bir həb qəbul etməyiniz istənir. Səhəri gün qan kortizol səviyyəsi yoxlanılır.
Gecə yarısında tüpürcək kortizol səviyyəsinin ölçülməsi: bu test gecə yarısı testidir. Tüpürcək kortizol səviyyəsi yoxlanılır. Edilən testlər nəticəsində Kuşinq sindromu diaqnozu qoyulursa, səbəbini tapmaq üçün böyrəküstü vəzin və beyin MRT-si kimi əlavə testlər aparılır.
Müalicə üsulları
Kuşinq sindromunun müalicəsinin məqsədi bədəninizdəki yüksək kortizol səviyyəsini azaltmaqdır. Müalicə xəstəliyin səbəbinə görə planlaşdırılır.
Kuşinq sindromunun səbəbi kortikostreoid dərmanlarının uzunmüddətli istifadəsidirsə, həkiminiz dərmanın dozasını bir müddət azaltmağı düşünə bilər.
Xəstəliyin səbəbi bir şişdən qaynaqlanırsa, cərrahi müalicə varinatları qiymətləndirilir.
Əgər şiş toxuması cərrahi yolla tamamilə götürülə bilmirsə, radioterapiya tətbiq olunur.
Radioterapiya kifayət deyilsə, kortizol istehsalını azaldan dərmanlardan istifadə olunur.
Bu müalicə seçimlərindən heç biri uyğun və ya effektiv deyilsə, həkiminiz böyrəküstü vəzlərin cərrahi yolla çıxarılmasını tövsiyə edə bilər. Bu prosedur kortizolun həddindən artıq istehsalını müalicə edir, lakin ömürboyu bəzi dərmanlardan istifadə etmənizi tələb edir”.