EN

"Ordumuz müharibədən sonrakı illərdə də beynəlxalq reytinqini hər il yaxşılaşdırır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ordu qüvvələrimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsindən əldə etdiyimiz qələbə Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılıb. Bu il zəfər ili kimi hər il qeyd olunur. Bu zəfərin memarı silahlı qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev, onun icraçısı isə qəhrəman Azərbaycan əsgəridir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, məhz Silahlı Qüvvələrimizin bu möhtəşəm qələbəsi nəticəsində 30 illik işğal tarixinə malik Ermənistan dizi üstə çökdürüldü və bu qələbə bizi uzun onilliklər boyu həsrətini çəkdiyimiz doğma yurd yerlərimizə qovuşdurdu: "Çox çətin ərazi, relyef və iqlim şəraitində düşmənin 30 illik müdafiə sərhədlərini cəmi bir neçə saat ərzində darmadağın edən Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində tarix boyu unutmayacağımız böyük qəhrəmanlıq nümunələri göstərdilər. Bir çox ərazilərimizin azad olunmasında qəhrəman Silahlı Qüvvələrimizin göstərdiyi şücaət bu gün dünyanın bir çox hərbi-elmi araşdırma mərkəzləri tərəfindən öyrənilməkdədir. Bir çox xarici hərbi mütəxəssislər bizim ordumuzun Hadrut, Şuşa, Cəbrayıl, Füzulidə göstərdiyi yüksək döyüş potensialının bu gün də sirrini tam aça bilməyiblər.

Vətən müharibəsindən sonrakı sərhəd toqquşmalarında antiterror tədbirlərində Azərbaycan bir daha beşinci nəsil müharibəni apara bilən Silahlı Qüvvələrə malik olduğunu dünyaya nümayiş etdirib. Vətən müharibəsində möhtəşəm qələbə çalan Azərbaycan Silahlı Qüvvələri ilə Türk ordu modelinə keçid kifayət qədər sürətlə davam edir. Azərbaycan müharibədən sonrakı dövrdə də ordu quruculuğu və Silahlı Qüvvələrin təminat və təchizatında çox mühüm addımlar atır. Bu gün Azərbaycan ordusu Türkiyədə istehsal olunan istənilən vasitələri istənilən miqdarda əldə etmək imkanları əldə edib. Digər tərəfdən isə hərbi-texniki sahədə əməkdaşlıq həm Türk Dövlətləri Təşkilatı üzvləri ilə, həm də digər müttəfiq və dost ölkələrlə uğurla davam etdirilir. Ordumuz müharibədən sonrakı illərdə də öz beynəlxalq reytinqini hər il daha da yaxşılaşdırır. Ermənistan ilə güc balansında kifayət qədər irəlidə olan Azərbaycan bu gün dünyanın ilk əlliliyə daxil olan güclü bir qalib ordusuna malikdir".

"Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatında Müdafiə Sənayesi Nazirliyinin də böyük rolu var. Hazırda Azərbaycanda beşinci nəsil tank qırıcısı üçün ehtiyat hissələr istehsal olunur. Azərbaycan ilə Türkiyə və digər müttəfiqlərlə birgə müəssisələrin yaradılması hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu addımlar atılır. Bu il Bakıda keçiriləcək ADEX sərgisində Azərbaycanla Türkiyənin birgə müəssisələrində istehsal olunan bəzi məhsulları da görə biləcəyik. Yaxın 3 ildə isə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi məhsullar artıq ixrac olunacaq.

İstənilən halda Ali Baş Komandan İlham Əliyev üçün Azərbaycan Silahlı Qüvvələrinin təminatı və təchizatı onların ən müasir silahlar və texnikalarla təchiz olunması daim prioritet olaraq qalır. Gələcəkdə də bu prioritetlər dəyişməyəcək. Azərbaycan regional gücdən qlobal gücə çevrilmək istiqamətində addımlarını uğurla davam etdirir.

Silahlı Qüvvələrimizin döyüş potensialının artırılması üçün dövlət büdcəsi mütəmadi olaraq artırılır. Zəruri olan bütün vasitə, avadanlıq, texnikanın ən yaxşı nümunələri Azərbaycan əsgərinin istifadəsinə verilir və bu gələcəkdə Azərbaycana qarşı olan revanşist qüvvələrin baş qaldırmaması üçün çox vacib məsələdir. Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti Ali Baş Komandanımızın istənilən əmrini istənilən anda yerinə yetirməyə tam hazırdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
208
3
sia.az

3Sources