EN

İnvestisiyaların şaxələndirilməsi...

Azərbaycan və Türkiyə qarşılıqlı sərmayə qoyuluşlarını artırır

2024-cü ilin birinci rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 40 milyon dollar həcmində investisiya yatırıb. Mərkəzi Bankın (MB) məlumatına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların məbləği qardaş ölkənin ümumi investisiya portfelinin təxminən 12,1 faizini təşkil edib. Bununla da Azərbaycanın investisiyalarının payı ötənilki 6,7 faizdən 5 faiz-bənd artmış olub. Yanvar-mart aylarında Türkiyənin Azərbaycan iqtisadiyyatına yönəltdiyi sərmayələrin həcmi isə 261,4 milyon dollar təşkil edib. Bu, Azərbaycanın iqtisadiyyatına qoyulmuş cəmi investisiyaların həcmində Türkiyənin payının 17-18 faizə bərabər olması deməkdir.

Qeyd edək ki, Türkiyənin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 12,5 milyard dollar, Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 20 milyard dollara bərabərdir. Sərmayə qoyuluşlarının coğrafiyası çoxşaxəlidir və son illərdə bu tendensiya daha da artıb. Hazırda Türkiyədə 2 minə yaxın Azərbaycan şirkəti çalışır ki, onların bu ölkəyə yönəltdiyi investisiyalar tikinti, nəqliyyat, enerji, neft-kimya, sənaye və digər sahələri əhatə edir. Türkiyənin isə Azərbaycanda 4 mindən çox şirkəti fəaliyyət göstərir ki, onların ölkəmizin iqtisadiyyatına yatırdığı sərmayələr maliyyə, bank, sığorta, rabitə, nəqliyyat, infrastruktur, sənaye, enerji, ticarət, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə cəmləşib.

Azərbaycan və Türkiyə həm iqtisadi-ticari dövriyyənin, həm də qarşılıqlı xarici investisiyaların həcminin artırılmasını qarşıya əsas hədəflər kimi qoyub. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsində əks olunmuş prioritetlər sırasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Şuşa bəyannaməsi investisiyaların şaxələndirilməsi, xüsusilə də azad edilmiş ərazilərə axını üçün yeni yol açan mühüm strateji niyyətdir və Türkiyə şirkətlərinin Qarabağda sərmayə yatırmaq planları da məhz bu bəyannamənin imzalanmasından sonra praktik hal almağa başlayıb. Artıq Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarındakı filizçıxarma, sənaye, aqrar, aqrar-sənaye, “yaşıl enerji”, turizm və xidmət sahələrində türk şirkətlərinin ilk özəl layihələrinin əsası qoyulub.

Azərbaycan və Türkiyə 15 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün davamlı kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri kimi 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi qeyd edilə bilər. Bu saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək və eyni zamanda, sərmayələr üçün yeni axını təmin edəcək.

İki qardaş ölkə biznes icmaları arasında daha çox layihələrin icrasına və işgüzar münasibətlərin səmərəliliyinə xüsusi diqqət yetirərək qarşılıqlı sərmayələrin yatırılmasında bir sıra institisional və iqtisadi stimullardan, güzəşt alətlərindən də istifadə etməkdədir. 2024-cü il fevralın 19-da Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı iki qardaş ölkə arasında imzalanan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan bu sənədə imza atmaqla investisiyaların axınını artırmaq və biznesin müdafiəsinə sadiqliyini nümayiş etdirdi. Sözügedən vergi sazişinin iki ölkə arasında hüquqi-iqtisadi müstəvidə yeni münasibətlərin keyfiyyəti üçün əhəmiyyəti olduqca böyükdür. İndiyə qədər belə bir sazişin qüvvədə olmaması dövlətlərarası mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir edir, iqtisadi əlaqələrin hərarətinə maneə törədirdi. Xüsusilə də özəl sərmayələrin axınını ləngidirdi. Çünki investorlar hansısa bir dövlətdə investisiya qoymağı planlaşdırarkən kommersiya, sənaye, maliyyə və ya digər fəaliyyətlərlə məşğul olmağa başlamazdan və ya digər dövlətin hüquqi və fiziki şəxsləri ilə təsərrüfat əqdləri və əməliyyatlarına daxil olmazdan əvvəl eyni gəlirinin bu dövlətlərin hər ikisində vergiyə cəlb edilməyəcəyindən, onun üzərinə əlavə vergi yükünün düşməyəcəyindən və bütün bunların bazardakı mövqeyi və rəqabət qabiliyyətinə mənfi təsir etməyəcəyindən əmin olmağa çalışırlar. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş Türkiyə və Azərbaycanın investorlarının qeyd edilən narahatlığını da tam aradan qaldırmış olacaq, onların asan və maneəsiz sərmayə planlarını həyata keçirməsini təmin edəcək.

Saziş investisiya güzəştləri, stimullaşdırma tədbirlərini də nəzərdə tutur ki, bu da yaxın müddətdə türk sərmayəçilərinin Qarabağ və Şərqi-Zəngəzurda investisiya qoyuluşlarını optimallaşdıracaq. Hazırda Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 12 milyard dollar, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 20 milyard dollar təşkil edir. Yaxın 5 ildə qarşılıqlı sərmayə qoyuluşlarının 2 dəfə artırılması, təkcə Türkiyə şirkətlərinin Azərbaycanda yatırdığı investisiyaların həcminin 25 milyard dollara çatacağı gözlənilir. Eyni zamanda, ən ana hədəf olan ticarət dövriyyəsinin həcminin 15 milyard dollara yüksəldilməsi də mümkünləşəcək.

Elbrus Cəfərli

1Sources