Kənan Hacı
Buzovnanın bu sakit, bürkülü yay gecəsində ömrümün birinci fəslində - uşaqlıq çağında gördüyüm munis, doğma insanlar bir-bir gözümün önündən gəlib keçir... İndi heç biri bu həyatda yoxdular, yaddaşımda isə xatirələri çözələnir. Həmin insanlar XX əsrdə qaldılar, yeni əsrə ömürləri çatmadı. Amma yaddaş deyilən məfhum onları bu gün də yaşadır. Nə yaxşı ki, yaddaş var, söz var, qələm var, biz gedənləri xatırlaya bilirik, onların unudulmaz surətlərini sözlər vasitəsilə canlandırırıq.
Belə insanlardan biri də Heybətbəyovlar nəslinin layiqli davamçısı Heybət Məlikovdur. Kimdir Heybət Məlikov? XX əsr klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri Haşım bəy Saqibin qardaşı Kərim bəyin oğlu, səhnəmizin korifeylərindən olan xalq artisti Nəcibə Məlikovanın əmisi oğlu, Bakı mesenatlarından olmuş Hacı Ağa bəyin qardaşı oğlu, akademik Ziyad Səmədzadənin dayısı. Bu nurani kişi mənim xalam Ələviyyə xanımın həyat yoldaşı idi. Həmin nəsil Azərbaycan ictimai fikrinə, mədəni mühitinə böyük simalar bəxş edib. Bu sətirlərin müəllifi “Fəna fasiləsi” romanında Heybət Məlikovun da obrazını yaradıb. O, heç vəhclə unudulası insanlardan deyil.
Heybət Məlikov 1912-ci ildə Bakının Buzovna kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakultəsində təhsil alıb. Elə o vaxtdan ömrünü nəşriyyat işinə həsr edib.
Heybətağa əmi (biz onu belə çağırırdıq) nəşriyyat sahəsinin barmaqla sayılası mütəxəssislərindən idi. Anamla həmkar idilər. Hər ikisi filoloji təhsil almışdı. Anam uzun illər orta məktəblərdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. Uşaq vaxtı anam məni xalamgilə aparanda Heybətağa əmimin anamla klassik ədəbiyyat barədə uzun-uzadı söhbətləri başlayardı. Mən də maraqla onların söhbətini dinləyərdim. Ələviyyə xala üçün bu söhbətlər bəzən yorucu olardı. “Ay balam, bezmədiniz bu Füzulidən, Seyid Əzimdən?” – deyə yüngül giley edərdi. Heybətağa əmim gülümsəyib “belə söhbətləri hər adamla eləmək olmur axı” – deyərdi. Yazdıqca o günlər duman içindən sıyrılır, aydınlaşır. Hər şey bütün aydınlığı ilə gözlərimin qarşısından ötür.
Haşım bəy Saqibin adını ilk dəfə onun dilindən eşitmişəm. Hələ o vaxt Saqibin şeirləri insanlara əlçatan deyildi, bir-iki şeirini ədəbiyyat xiridarları əzbər bilirdi. “Kim kimədir”, “Hər kəs öz keyfindədir” şeirlərini də ilk dəfə Heybətağa əmi mənə oxuyub. Oxumayıb, əzbər deyib, mən də kağıza yazmışam.
Aləmi tutmuş cəhalət, hər kəs öz keyfindədir,
Az qalıb qopsun qiyamət, hər kəs öz keyfindədir.
Tale elə gətirəcəkdi ki, Haşım bəyin “Kim kimədir” kitabı 1996-cı ildə unudulmaz müəllimim Rəhimağa İmaməliyevin rəhbərlik etdiyi “Boz Oğuz” nəşriyyatında çapa hazırlananda redaktorluq mənə həvalə ediləcəkdi. Ondan əvvəl isə qocaman alim Cəfər Rəmzi Haşım bəy Saqibin bir neçə şeirini özünün tərtib etdiyi “Deyilən söz yadigardır” kitabına daxil etmişdi. Unudulmaqda olan bir çox Bakı şairlərinin şeirləri ilk dəfə o kitabda işıq üzü gördü. Oxucular, xüsusən yeni nəsil Ağakərim Saliki, Ağadadaş Münirini, Həsən Səyyarı, Səməd Mənsuru, Məşədi Azəri, Məhəmmədismayıl Asini, Əliağa Şərqini, Ağasəlim Fədaini, Hacıdadaş Qaibi və digər klassik şairləri ilk dəfə bu kitab vasitəsilə tanıdı. Bu yazıda onların da adını minnətdarlıq hissiylə xatırlayıram.
Heybətağa əmi sözün əsl mənasında köhnə kişilərdən idi. Müharibə görmüşdü, XX əsrin 30-40-50-ci illərində yaşamış ziyalılar nəsliylə yaxından tanış idi, bəziləri ilə möhkəm dostluq əlaqələri olmuşdu. Çox heyif ki, yaddaşında olanları yazıya almadı. Yüzlərlə kitabın redaktoru, korrektoru olmuşdu, dövrün tanınmış yazıçıları ilə sıx ünsiyyəti olmuşdu. Uzun illər “Qızıl Şərq”, “26 Bakı komissarı” mətbəələrində çalışmışdı. Onu nəşriyyat sahəsinə tanınmış türkoloq alim Fərhad Zeynalov gətirmişdi. O da bir daha heç vaxt bu sahədən ayrılmadı. Öz peşəsinin vurğunu idi. Onun mətn üzərində işi sözün əsl mənasında fədakarlıq idi. Gözünün nurunu kitablara bəxş etmiş insanlardan idi. Zahirən olduqca ağayana, kübar görünüşlü insan idi. Mən onu həmişə eynəkli görmüşdüm. O vaxt internet yox idi, izahlı lüğətləri tapmaq o qədər də asan deyildi, kitablardan oxuduğumuz çox mətləbləri ondan öyrənirdik,mənasını bilmədiyimiz sözləri yorulmadan, usanmadan bizə izah edərdi. XX əsrin tipik ziyalılarından idi və mən həm də ona təəssüf edirəm ki, yetkin yaşlarımda o, artıq həyatda yox idi.
Heybət müəllim 1987-ci ilin payız günlərindən birində dünya ilə vidalaşdı. O vaxt mənim on iki yaşım vardı. Ölümün mahiyyətini dərk etmədiyim vaxtlar idi. Təsəvvür edə bilmirdim ki, daha bir də heç vaxt Heybətağa əmini görməyəcəyəm, heç vaxt təbəssümü ilə qarşıma çıxmayacaq, başıma sığal çəkməyəcək. Həyatın sərt üzü ilə hələ tanış deyildim...
Qızı Umxanım Məlikova atasının ixtisasını seçdi, filoloq oldu. Danışır ki, atam Bakı və bakılılar haqqında çap olunan kitabları, qəzetləri, jurnalları dəstələyib kitab rəfinə düzərdi. Oxuduqları haqqqında öz həmkəndlilərinə həvəslə danışar, onları bilgiləndirərdi. Bibilərim Qızlar Gimnaziyasında təhsil alıblar. Böyük bibim Umxanımın adını mənə qoyublar. Atam qızlarının hamısına ali təhsil verdi.
Belə deyir Umxanım. Mən isə düşünürəm ki, oğlu Ağakərimə də ədəbiyyat sevgisi məhz atasından keçib. Ağakərim yaşca məndən xeyli böyükdür. Uşaq vaxtlarımdan onu daim mütaliə edən görürdüm. Xüsusən, Nizaminin “Sirlər xəzinəsi” əlindən düşmürdü. Ağakərimin Nizami sevgisi heyrətamizdir. Hər dəfə görüşəndə mənə Nizaminin şeiriyyətini fərqli prizmadan izah edir, Nizaminin həyat fəlsəfəsini o qədər dərindən mənimsəyib ki, doğrudan da heyrət etməmək mümkün deyil. Təbii, bu da irsən keçən bir xüsusiyyətdir. Heybət müəllimin təsiri danılmazdır. Bu sətirləri yazdıqca Heybətağa əmigildə keçən uşaqlıq günlərimin qırıntıları adda-budda yaddaşımdan boy verir.
Əncir vaxtıdı, anam məni hansı iş üçünsə xalamgilə yollayıb. Heybətağa əmi bir vedrə götürüb həyətin başındakı əncir ağacına tərəf gedir, az keçməmiş əncir dolu vedrəni mənə verir, “gedəndə bunu da apar, ağır olmaz ki?” – deyir. Ağzınacan dolu vedrə ağır olsa da, özümü sındırmıram: Apararam, - deyirəm. Onda cəmi 7-8 yaşım vardı. Hıqqına-hıqqına əncir dolu vedrəni evimizə gətirib çıxarıram, vedrənin dəstəyi ovcumun içi kəsib. Bu da uşaqlıq yaddaşımdan kiçik bir fraqmentdir.
Heybətağa əminin sadiq ömür-gün yoldaşı Ələviyyə xalam... Heç unutmaram, əsgərliyə yola düşəndə gizlincə ovcuma pul basdı ki, yolda lazım olar, nəyəsə xərcləyərsən. Anam ondan əvvəl dünyasını dəyişsə də bu xəbəri ömrünün sonunadək ondan gizlətdilər. Yaddaşını itirmişdi axı... Onun ölümü məni sarsıtmışdı, şeir yazmışdım:
Yağış yağıb, yumşaldıbdı torpağı,
Qəbrini qazmaq asan olacaq...
Ölüm xəbərini
Öncə özünü var gücüylə sınıq pəncərəmə çırpan
Dəli külək gətirdi,
Sonra qəfil telefon zəngi,
Sonra...
Qan gəldi payızın yanaqlarına,
Üzündə-gözündə ağappaq bir kədər çiçəklədi...
Sabah anama qovuşacaqsan,
Doğma bacına,
Məni səndən soruşsa,
Deməyə söz tapmayacaqsan,
İtmiş yaddaşınla nə söyləyəsən?!
Ömür-ölüm oyunu
Neçə ildi heç-heçəylə bitirdi,
Nəhayət hesab açıldı
Ölümün xeyrinə -
Oyunun 85-ci ilində...
Yağış yerini yumşaltdı,
Külək xəbər dalınca qaçdı.
Sübhün alatoranında
Qəbirqazan çiynində bel-kürək,
Üz-gözündə gizli sevinc
Yollandı qəbristana;
Bu oyunun son fitini çalmağa...
Sən heç həyatında oyun bilmədin,
Ömründə bir dəfə oyun oynadın,
Onu da ölümə uduzub getdin...
Bu şeirdə Heybətağa əminin də ağrısı var. Nəşriyyat xadimi, XX əsr ziyalılar nəslinin son nümayəndələrindən olan Heybət Məlikovun ölümü ilə bizim üzümüzə sanki bəlli bir dövrün qapıları bağlandı. O dövr ki, orda Əli Sultanlı vardı, Əkrəm Cəfər vardı, Cəfər Rəmzi vardı, Mircavad vardı, Əli Fəhmi vardı, Aydın Qaradağlı, Soltan Nəcəfov vardı...
Bir dəfə söhbət əsnasında Heybət müəllimin qızı Məhliqa xanım yüngül giley elədi ki, atamı unudublar. Unudulası kişi deyildi axı!... Bu sözlər içimdə bir sızıltı buraxdı, xeyli müddət fikrimdən çıxmadı, zaman-zaman beynimi məşğul elədi. O insanlar ki, ömrünü şam kimi elm, zəka yolunda əridiblər, cild-cild kitabların üzərində gözlərinin nurunu sərf ediblər ki, yeni nəsillər kitabdan, bilikdən məhrum olmasın, bu qəbil insanları heç vəchlə unutmaq olmaz! Onları unutsaq, ruhları bizi bağışlamaz, tarix və zaman bizi cəzalandırar.
Bu yazı mənəvi borc kimi yazıldı. Heybət Məlikovun yoxluğundan bizi otuz yeddi illik zaman ayırır. Onu tanıyanların böyük əksəriyyəti dünyadan köçünü çəkib gediblər. Onun əmisi, klassik şairlərimizdən olan Haşım bəy Saqib haqqında roman üzərində işləyərkən, Heybət müəllim bir neçə dəfə yuxuma girdi. Bir dəfə yuxuda mənə dedi ki, “bu kitabı mütləq bitir, sənə inanıram!”. Bu sözlər mənə o qədər güc, enerji verdi ki! “Fəna fasiləsi”ni yazdıqdan sonra mənəvi rahatlıq tapdım. Elə zənn etdim ki, Heybət müəllimin də ruhu qarşısında mənəvi borcumu ödəmiş oldum. Sağ olsaydı, heç şübhəsiz, hədsiz sevinərdi.
Ruhun şad olsun, köhnə kişi! Biz səni unutmadıq..