Dünən birdən-birə iki klubumuz loqosunu yenilədi. Öncə “Sabah”, ardınca “Neftçi” müasirləşdirilmiş emblemini təqdim etdi.
İnsafən, hər iki klubun dəyişikliyini müsbət qarşılamaq olar. “Sabah” loqosundakı “futbol topu”nu “bayquş”la əvəzlədi ki, bunun da səbəbi var. Klubun basketbol komandası da mövcuddur və “futbol topu” həmin komanda üçün uyğun deyildi. İndi isə “Sabah”ın bütün komandaları üçün eyni loqodan istifadə oluna biləcək. “Bayquş” klubun rəmzi olduğundan, emblemdən “boylanması” yerinə düşdü.
“Neftçi”nin etdiyi dəyişiklik də qəbulediləndir. Bakılılar köhnə emblemdəki neft buruğunu da “N” hərfi formasına salıb. Beləcə daha müasir və anlamlı loqo alınıb. Bəlkə daha çox varianta müraciət olunsa, ondan da yaxşısı ərsəyə gələrdi, amma indiki ən azı əvvəlkindən gözəl görünür.
“Neftçi”nin yeni rəhbərliyinin işə loqonu dəyişməklə başlaması heç də tarixi silmək cəhdi deyil. Belə islahatlar zaman-zaman olub. Paytaxt klubu 20 ildir köhnə emblemdən istifadə edirdi və 5-ci dəfə dövrə uyğun olaraq müasirləşdirildi. Əsas odur ki, ənənələrdən imtina edilmədi, sadəcə, forma dəyişikliyi lazım bilindi.
Bura qədər hər şey gözəldir. Amma və lakin… İndi hamını loqolara görə nə qədər xərcləndiyi düşündürür. “Neftçi”nin altırəqəmli məbləği büdcədən çıxartdığı haqda söhbətlər dolaşır ki, bu səbəbdən həqiqəti bilməkdə fayda var.
Klubun yeni loqosunun müəllifinin adını və xərclənən məbləği öyrənmək üçün Emin Əfəndi ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri səlahiyyətli şəxslərlə məsləhətləşib geridönüş edəcəyini dedi və gözləmədəyik. Ümid edirik ki, paytaxt təmsilçisi reallığı dilə gətirəcək.
“Neftçi”nin həqiqəti açıqlayaraq yayılan şayiələri aradan qaldıracağına ümid edirik. Çünki bakılıların loqodakı kiçik dəyişikliyə görə 100 min manat xərclədiyi haqda xəbərlər var. Klub tender elan etmədən, edibsə də bunu gizli şəkildə reallaşdırmaqla dostlarını sevindirib. Tezliklə AFFA-da işə başlayacaq Aysu İbrahimli əvvəllər çalışdığı “Endorfin” üçün belə şərait yaradıb. Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentində məsləhətçi vəzifəsini icra edən xanım, gethagetdə əvvəllər də müxtəlif layihələrdə büdcəni yönəltdiyi “Endorfin”ə pul qazandırıb. AFFA prezidenti Rövşən Nəcəfin Aysu xanımı arxasınca assosiasiyaya apardığını nəzərə alsaq, belə proseslər tezliklə həmin qurumda da yaşanacaq.
Ölkənin ən böyük büdcəli klubunun avrokuboklardan kənar qalmasının səbəbi bu kimi əməliyyatlardır. Maliyyə klubun güclənməsinə yox, dostların əsl qiymətdən onqat artığına sevindirilməsinə sərf olunursa, deyiləcək başqa söz yoxdur. Bu kimi işlərin reallaşdırılması 4-10 min manata başa gəlir, “Neftçi”nin xərclədiyi məbləğ isə…
Dövlət şirkətindən maliyyələşən “Neftçi”nin lazımsız bilinən, üzə çıxmayan himninə xərclənən vəsait, təşkil olunan məqsədli mətbuat konfransları, müxtəlif layihələr – il ərzində klubun büdcəsinin dağıdılmasına dair çoxsaylı faktlar var. Ümid edirik, Emin Əfəndi bizə həqiqi rəqəmləri sənədlərlə açıqlayacaq və yazdıqlarımızın azarkeşlər arasında gəzən yersiz söz-söhbət olduğunu isbatlayacaq. Klub sussa, 100 min manat haqqında deyilənlərin həqiqət olduğu aydınlaşacaq.
Dünən loqosunu dəyişən “Sabah”ın da xərcləri ilə maraqlandıq. Məlum oldu ki, “bayquşlar” xərc çəkməyib, emblemdəki yeniləmə media-marketinq komandasının “əl işidir”. 0 manat və 100 min manat fərqi bir yana, “Sabah” son mövsümdə 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanıb, “Neftçi” isə 10 komanda arasında 5-ci olaraq qitə yarışlarından kənar qalıb.
Baş məşqçisi ukraynalı, baş icraçı direktoru türkiyəli, idman direktoru isveçli – “Neftçi” daha “xalqın komandası” deyil, beynəlmiləlçiliyin fontan vurduğu, marketinqin idman nəticələrinin önünə keçdiyi oyuncaq klubdur.(futbolinfo)
TEMPİNFO