EN

Ermənistanda xarici investorlara qarşı dələduzluq

“Wolnert” şirkəti səhmlərinin zorla əlindən alınmasına görə, İrəvana qarşı 1,2 milyard dollar iddia qaldırıb

“Wolnert Finance Limited” (“Wolnert”) şirkəti Ermənistan dövlətinə qarşı 1,2 milyard dollar təzminat iddiası qaldırıb. İddiada bildirilir ki, Ermənistan hökuməti şirkətin Zəngəzur Mis-Molibden Kompleksinə sərmayə qoymasının qarşısını siyasi kampaniya ilə alıb, nəticədə dövlət özü kombinatda əhəmiyyətli pay əldə edib. İsveçrənin “Concern Dialog” korporasiyasının müştərisi olan “Wolnert Finance Limited”in hazırladığı  press-relizini yayımlayaraq bildirir ki, 2024-cü il iyunun 21-də Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzinin (ICSID) baş katibi “Wolnert”in Ermənistana qarşı 3 iyun tarixində qaldırdığı arbitraj iddiasını qeydə alıb. Bu barədə məlumat Ermənistan Respublikasının Baş nazirinin Ofisinə, Xarici İşlər Nazirliyinə, Maliyyə Nazirliyinə və Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinə təqdim edilib.

Şirkət bildirir ki, İrəvan hökuməti və Kipr Respublikası Hökuməti arasında 1998-ci ildə İnvestisiyaların Təşviqi və Mühafizəsi haqqında Sazişdən irəli gələn öhdəlikləri ciddi şəkildə pozub. Belə ki, “Wolnert” Ermənistanın ən böyük mədən şirkəti olan Zəngəzur Mis-Molibden Kombinatına (ZCMC) sərmayə qoyması və müəssisədə səhmdar kimi əhəmiyyətli pay əldə etmək üçün hökumətin siyasi motivli kampaniyasına inanıb, ancaq hakimiyyətin verdiyi zəmanət yerinə yetirilməyib. Ermənistan hökuməti vaxt uzadaraq əslində “Volnert”ə bu müddətdə öz mütəxəssislərini cəlb etməsinə, fizki və maddi güc sərf edərək sərməyə planı hazırlamasına inandırıb. Ancaq bu saxtakarlığın üstü bir müddət sonra açılıb, investisiya layihəsi, ümumiyyətlə, İrəvanın iqtisadi qurumlarında müzakirə olunmayıb, seyfin hansısa küncünə atılıb və əməkdaşlıq qapısı qapadılıb.

Beləliklə, “Volnert” erməni hökumətinin ZMMK-dakı payla bağlı vədlərini əngəllədiyini və qanuni hüquqlarını pozduğu üçün ən azı 1,2 milyard dollar itki ilə qarşılaşdığını iddia edir və bu həcmdə təzminat üçün beynəlxalq müstəvidə dava açmağa qərar verib. Açıqlamaya görə, “Volnert ICSID” proseslərində yüksək ixtisaslı hüquqşünaslar qrupu ilə təmsil olunur və işə beynəlxalq səviyyəli məsləhətçilər, ekspertlər cəlb olunub.

Göründüyü kimi “Wolnert” şirkəti isə ona qarşı edilmiş bu haqsızlığı aradan qaldırmaq, daha doğrusu, investisiya imicinə vurulmuş zərbəni və ilkin iqtisadi-texniki əsaslandırma layihəsininin hazırlanmasına sərf etdiyi fiziki vaxtı və imkanlarının maddi dəyərini ən böyük təzminatla ödətdirməkdə israrlıdır. Onun bu inadı rəsmi İrəvan üçün həm başağrısı ola bilər, həm də iqtisadi reytinqini yerə vurmuş dərəcəyə gətirəcək. Nəzərə alsaq ki, iqtisadi mübahisə ən yüksək instansiyada Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzində iddia reyestrinə daxil edilib, bunun Ermənistan üçün çox ciddi fəsadlarının olacağı şübhə doğurmur.

Zəngəzur Mis-Molibden Kombinatında reketsayağı idarəetmə...

Əvvəlcə mübahisənin hüquqi obyekti olan Zəngəzur Mis-Molibden Kompleksi və yaranma tarixi barədə qısa məlumat verək. Azərbaycanın əzəli torpağı olan və 1989-cu ilə qədər soydaşlarımızın yaşadığı, qurub-yaratdığı, sənayeləşmənin iri mərkəzi kimi inkişaf etdiyi Qafan rayonuna məxsus Kacaran şəhərində yerləşən Zəngəzur Mis-Molibden Kombinatı (ZMMK) 1952-ci ildə keçmiş SSRİ-nin layihəsi kimi qurulub. Hasilat rayonunda mütəxəssislərin və işçilərin böyük bir qismi də azərbaycanlılar olub. Adından da göründüyü kimi Zəngəzur Mis-Molibden Kombinatı tarixi Azərbaycan etimalogiyasını hələ də qoruyub saxlayıb. Əvvəlcə mədən yeraltı və açıq mədən üsullarının kombinasiyası ilə, 1957-1960-cı illərdə isə açıq mədən üsulları ilə istismar prosesinə başlanmaqla müəssisə iri filizçıxarma mərkəzinə çevrilib. İllik hasilatı ildə təxminən 25 milyon ton olam kombinat Ermənistanın ən böyük mədən şirkəti kimi reyestrə düşüb və dünyanın 10 ən böyük molibden istehsalçısından biri hesab olunur. Hasilat hazırda azalaraq təxminən 18-20 milyon ton filiz təşkil edir.

Hazırda Ermənistanda istismar olunan səkkiz mis-molibden yatağından ən böyüyü  Zəngəzur Mis-Molibden Kombinatıdır və zavodun bazar payı 80 faizi ötür. Xammal Bolqarıstan, İsveçrə, Çin, Kanada və digər ölkələrə ixrac olunur.  Molibden ixracatının təxminən 90 faizi Hollandiya və Rusiyanın payına düşür. Həmçinin İsveçrə, Belçika, Çin və digər ölkələrə də molibden ixrac olunur.

2022-ci ildən Zəngəzur Mis-Molibden Kombinatının əksər səhmləri rusiyalı biznesmen Qleb Trotsenkonun “Geopproning” şirkətlər qrupuna, 22 faizi Ermənistan rəhbərliyindəki məmur oliqarxiyasına verilib.

Halbuki İrəvanın İqtisadiyyat Nazirliyinin xarici investisyalar departamenti 2 il əvvəl “Walnort Finance Limited”lə müqavilə bağlamışdı. Cəmi bir il sonra, 2021-ci ilin  sentyabr-oktyabr aylarında kombinatda süni şəkildə daxili gərginliklər yaradılır, səhmdarlar, işçilər və hökumət arasında qarşıdurma meydana çıxır. Hətta baş nazir Nikol Paşinyan Mis-Molibden Kombinatının işçilərindən siyasi məqsədlər üçün istifadə olunmasına işarə edərək müəssisənin idarə heyətinin cəzalandırılacağını bildirir. Sözsük ki, bu şou rusiyalı milyarder Roman Trotsenkonun yeni səhmdar kimi təxribat planının bir hissəsi idi və İsveçrə şirkətini qovmağa hesablanmışdı. Cəmi bir neçə ay ərzində “Wolnert” şirkətinin səhmləri qanunsuzcasına Roman Trotsenkonun oğlu Qlebin adına rəsmiləşdirilib. Nəticədə “Wolnert Finance Limited” ölkədən uzaqlaşdırılıb. 

Xarici investorları aldatmaq İrəvanın iqtisadi vərdişinə çevrilib...

Bu, biabırçı hadisə və beynəlxalq investora “atmaq” Ermənistanın iqtisadi qanunlarının reket idarəçiliyinə əsaslandığını, ölkənin Nazirlər Kabineti və iqtisadi administrasiyasının xarici investorları ələ salmaq üçün dolandırıcı bir mərkəzə çevrildiyini isbatlayır. Ölkədə xarici sərmayəçilərə olan bu münasibət ilk hal deyil və ötən ilin sonlarında “Sanitech International Group” korporasiyası da İrəvana qarşı investisiya iddiası qaldırıb. Mübahisə Ermənistan hökumətinin ayrı-seçkilik və mülkü ələ keçirmə hərəkətlərindən qaynaqlanıb və şəhər bələdiyyəsi bağlanmış müqavilə öhdəliklərini yerinə yetirməyib və nəticədə “Sanitech International Group”la müqavilələrinin müddəti bitmədən xitam verilib. Başqa sözlə, “Saintech” qovulub. Şirkət yaydığı bəyanatda bunu siyasi motivli qərar adlandırıb və xarici investorlara qarşı ayrı-seçkiliyin əlaməti kimi təqdim edib. Bu hadisə ilə bağlı “Saintech”in Avropa iqtisadi instansiyalarında 40 milyon dollarlıq kompensasiyası hələ də həll olunmamış qalır.

Digər iddia “Amulsar Investor Venture” MMC-nin Vayots Dzor bölgəsində qızıl tərkibli kvarsit mədənində faydalı qazıntıların çıxarılmasına icazəni almasından sonra hasilat prosesindən kənarlaşdırılması ilə bağlıdır. Təxminən 280 milyon dollar sərmayəsi boşa çıxan bu şirkətin də iddiası hələ təmin edilməyib. Bu 3 fakt Ermənistanın mövcud investisiya obrazının acı da olsa, gerçək təsviridir. Dünənə qədər bu ölkəni “islahatçı”, “iqtisadi azadlıqların təmin olunduğu” və “yaxşı sərmayə mühiti” ölkə kimi təqdim edən beynəlxalq təşkilatların da üzqarası deməkdir.

İqtisadi bürokratiya, məmur özbaşınalığı, korrupsiya...

Yuxarıdakı faktlar bir daha  Ermənistan iqtisadiyyatını idarə edənlərin mahiyyətini ifadə etmək üçün kifayət edir. Ölkədəki iqtisadi bürokratiya, məmur özbaşınalığı, korrupsiya, azad biznesin boğulması barədə Ermənistanın yerli mediası və ictimai sektoru aylardır ki, car çəkir. Bir müddət əvvəl “Ermənistanın səsi” qəzetində dərc edilən yazıda qeyd edilirdi ki, hakimiyyət  korrupsiya ilə mübarizə adı altında hökumət insanların başını aldatmaqla məşğuldur. Proteksionizm, antikorrupsiya aksiyaları müəyyən bir qrup “toxunulmazlar”ın - Paşinyanın yaxın çevrəsindən olan şəxslərin mövcudluğunu qorumağa xidmət edir.

Ölkədə çoxmilyonluq tenderlər Paşinyan komandasında yer alan şəxslərə verilir. Məsələn, hökumət komandasında yüksək vəzifə tutan Alen Simonyanın qardaşı tenderlərdə əsil korrupsiya sxemi qurub. Eləcə də digər məmur Tiqran Avinyanın rabitə və internet sahəsindəki maxinasiyaları, bank sektoru, Kacaran mis-molibden zavodu ilə bağlı qaranlıq işləri ölçüyəgəlməz dövlət korrupsiyasının nümunəsidir. 

Səhiyyə sektorunda baş verən korrupsiya halları, xüsusilə də koronavirusla mübarizə üçün Səhiyyə Nazirliyinə ayrılmış vəsaitlərin mənimsənilməsi barədə Ermənistanın Hesablama Palatası tərəfindən hesabat dərc olunub. Palatanın şöbə müdirləri Xaçik Papazyan və  Atom Cancuqazyanın təqdim etdiyi faktlara görə, ümumilikdə əhalinin tibbi preparatlarla təchizatı üçün 26,5 milyard dram (68 milyon dollar) ayrılsa da, vəsaitlərdən səmərəli istifadə olunmayıb, əksər hissəsi silinib. Təhsil xərclərində də buna oxşar sxemlərdən istifadə olunub. Həmçinin yol-kommunla təsərrüfatına ayrılan pulların da bələdiyyə və meriya tərəfindən mənimsənildiyinə dair Hesablama Palatasının hesabatında materiallara rast gəlmək mümkündür. Təqdim edilən bu materiallara hüquqi qiymət verilməməsi və hökumətin təkidi sayəsində həmin sahədə yoxalamaların dayandırılması isə Ermənistanda korrupsiyanın dövlət səviyyəsində dəstəkləndiyini göstərir.

Ermənistanın Helsinki Komitəsinin sədri Avetik İşxanyanın da fikirləri maraq doğurur. O, bildirib ki, əvvəlki rejimdə də korrupsiya tüğyan edirdi, indiki hakimiyyətin səyləri isə öz siyasi rəqiblərini cəzalandırmaq və onların əmlakını öz tərəfdarlarının xeyrinə yenidən bölüşdürmək üçün siyasi alətə çevrilib.

Göründüyü kimi Cənubi Qafqazın hərtərəfli saxtakar bir ölkəsi olan Ermənistanın saxtakarlıqla islahatlar adı altında yürütdüyü siyasət, o cümlədən iqtisadi tədbirlərin əsil mahiyyəti xalqı və sahibkarlığı, xarici biznes icmasını deyil, birbaşa məmur korrupsionerizminin maraqlarının qorunmasına xidmət edir.

ELBRUS CƏFƏRLİ

1Sources