"Bayquşlar" təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları sentyabrın 15-i və 22-də keçiriləcək. Ardıcıl ikinci mövsümdə beynəlxalq arenada çıxış edəcək komandanın digər rəqiblərlə müqayisədə təcrübəsi daha azdı. Görəsən, bu məqam komandaya çətinlik yaradacaqmı? Bu suala "Sabah"ın kapitanı Endər Poladxanlıya müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
“Rəqibimiz bəlli olsa da, hələ ki yaxından tanış olmamışıq. Artıq məşqlərə başlayandan sonra məşqçilər korpusu rəqibi təhlil edəcək. Tanıyandan sonra isə hazırlığa başlayacağıq. Amma mənə elə gəlir ki, bizim üçün nisbətən yaxşı püşk oldu. Daha çətin rəqiblər də ola bilərdi. Ötən mövsüm Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazandıq. Bu il bir addım daha yuxarıdayıq. Çempionlar Liqasında da əsas mərhələyə vəsiqə qazanmağa çalışacağıq. Təbii ki, bu bir qədər çətin olacaq. Güclü rəqiblər olsa da, əlimzdən gələni edəcəyik. Digər rəqiblərlə müqayisədə təcrübəmiz az olsa da, ötən mövsüm onu göstərdi ki, təcrübə böyük rol oynamır. Əsas məsələ gətirdiyimiz legionerlərin necə olacağıdı. Məşqçimiz Rimas Kurtinaytisi hər kəs tanıyır. Zəngin təcrübəsi var. İnanıram ki, o təcrübəni bizə də ötürəcək və hər şey yaxşı olacaq. Biz də əlimizdən gələni edəcəyik ki, bu il Çempionlar Liqasının müntəzəm mövsümündə oynayaq".
GÜNAY SÜLEYMANOVA