EN

Türkiyənin dünya miqyaslı araşdırıcı jurnalist-yazar-naşiri: “Həqiqətlərə eşqlə bağlı olmaq lazımdır”

Tanınmış jurnalist- yazar, Odatv portalının sahibi, 16-cı kitabı olan “Tağut.Kutsal aldanışın soyağacı” kitabı 2 həftə əvvəl “Kırmızı Kedi” nəşriyyatında böyük tirajla çapdan çıxan Soner Yalçın Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı.

 “Bu işə eyni zamanda  ziyalı məsuliyyəti kimi baxıram”

Turan: Türkiyədən başqa Azərbaycan, ingilis, rus, alman, fransızdilli oxucular da illərdən bəri sizi dərin mövzuları  yazan qələm sahibi kimi tanıyırlar. Yanılmıramsa, jurnalistikaya ilk addımlarınızı da dərin mövzular üzərindən atmısınız. Özünüzü Azərbaycan, rus və ingilisdilli oxuculara bir daha tanıdarsınızmı?

Yalçın: Peşəkar jurnalistikaya 1987-ci ildə Ankarada başlamışam. 1980-ci illərin axırları-1990-cı illərin əvvəlləri iqtisadi və siyasi baxımdan Türkiyədə xeyli qarışıqlığın olduğu dönəm idi. Səbəbi və qatilləri məlum olmayan bir çox ölüm hadisəsi yaşansa da, bu işlərlə maraqlanan az jurnalist vardı. O dönəmdə mən jurnalistika peşəsinin tələbinə uyğun olaraq, həqiqətləri xalqa çatdırmaq məqsədilə bu məsələlərlə məşğul oldum. Məqsədim “dərin işləri yazan” jurnalist olmaq deyildi. Əslində bu işlərlə bağlı  yazmayanları jurnalist adlandırmaq olmazdı. Kəşfiyyat qurumunun mayoru Cem Erseverin etiraflarından narkotika taciri Behçet Cantürkün ölümünə qədər bir çox səbəbləri və qatilləri məlum olmayan hadisə barədə kitablar yazdım.

Turan: Türkiyə sizi həm mühüm kəşfiyyat məmurları barədə həqiqətləri,  həm də gizli təşkilatlar içindəki mübarizələri təfərrüatlarıyla yazan bir jurnalist-yazar kimi tanıdı və ilk kitablarınızdan başlayaraq oxucuları bu mövzularla arxanızca apardınız. Bu, həyatınız üçün  çox ciddi risklər yaratmışdı. Bu işlərdən vaz keçməyi düşünmüşdünüzmü?

Yalçın: Jurnalistika çətin peşədir. Bu, təkcə Türkiyəyə  yox, Orta Şərqdəki bütün ölkələrə aiddir. Təbii ki, çox böyük riskləri var, təbii ki, ölüm təhdidləri var. Həyatda təsadüfən qaldığımı düşünürəm. Ancaq təəssüf ki, qurulan bir tələ ilə həbsxanaya da düşdüm. 2 il həbsdə qalandan sonra bəraət aldım. Ancaq bizim kimi ölkələrdə  həqiqəti yazmağın mütləq bədəli olur. Heç vaxt bu işdən vaz keçməyi düşünməmişəm. Jurnalistika mənim həyat tərzim halına gəlib. Və mən bu işə  eyni zamanda ziyalı məsuliyyəti kimi baxıram. Xalqa həqiqətləri başa salmaq məcburiyyətindəyik.

Turan: Hazırda təkcə Türkiyədə yox, dünya miqyasında da türkcə ən çox oxunan və ciddi qəbul edilən media qurumlarının başında sahibi olduğunuz Odatv gəlir. Odatv-ni yaradarkən müəyyənləşdirdiyiniz prinsipləri oxucularla bölüşməyiniz mümkündürmü?

Yalçın: Odatv-nin yeganə yayım prinsipi var: həqiqətləri yazmaq. O cinahın-bu cinahın, yandaşın-candaşın nə yazdığı bizi maraqlandırmır. Biz təsəvvür yaratmaq üçün, təbliğat aparmaq üçün yox, sadəcə, həqiqəti yazmaq üçün varıq. Xalq sizdən həqiqətləri öyrənmək istəyirsə, illər uzunu xalqa həqiqətləri deyəndə etibarlı bir yayım orqanı olursunuz. Odatv-nin qazandığı uğur xalqda oyandırdığı  inamdır.

Turan: Odatv FETÖ-yə qarşı güzəştsiz mübarizə apardığına görə FETÖ-nün ən ağır şəkildə cəzalandırmağa çalışdığı qələm sahiblərinin başında siz, əməkdaşlarınız və  başında durduğunuz media qurum gəlirdi. 74 ay davam edən istintaq və məhkəmə proseslərindən sonra siz, əməkdaşlarınız və Odatv məhkəmədə qələbə qazanmışdı. FETÖ Türkiyədə tamamilə bitdimi?

Yalçın: FETÖ üçün “tamamilə bitdi” deyə bilmərik. Ancaq gücü son dərəcə azalmışdır. Tarix boyunca mövcud olmuş bütün təriqətlər kimi gələcəkdə o da parçalanacaq. Bu işlərin içinə dinə inamı çirkləndirən məfhumlar, böyük miqdarda pullar girirsə, oradan toplum üçün xeyirli nəticə çıxmaz. “FETÖ bitmişdir” deyəndə bunları hesaba qatıram.

Turan: 14 fevral 2011-ci ildə polis nəzarətinə alınanda evinizdə axtarış aparılmış və o dövrün baş naziri, bu günün dövlət başçısı Recep Tayyip Erdoğan ilə bağlı yazmağa  hazırlaşdığınız kitabın materialları və qeydləri itmişdi. Ancaq daha sonra “Erdoğanın oğurlanan qovluğu” adlı  kitabı yazıb başa çatdırmağa müvəffəq oldunuz. Bununla bağlı nə demək istərdiniz?

“Həqiqəti müdafiə etməyi vətəni müdafiə etməyə bənzədirəm”

Yalçın: Təxminən 2 həftə əvvəl “Tağut: Müqəddəs aldanmağın soyağacı” kitabım çıxdı. Bu, mənim 16-cı kitabımdır. Siyirməmdə gələcəkdə yazacağım kitablarla bağlı həmişə sənədlər, məlumatlar, qeydlər olur. O vaxt FETÖ polisləri evimi basanda siyirməmdə Erdoğanın həyatı barədə  yazacağım kitab üçün məlumatlarım, topladığım dəftərlərim vardı. Təəssüf ki, onların bir hissəsini oğurladılar. Eyni zamanda Fetullah Gülenin olduğu yerlər, ailəsinin-nəslinin keçmişi və onların yaşadığı  vilayətlər-qəsəbələrlə bağlı məlumatlar-sənədlər vardı. Onları  da yox etdilər. Yəni, həqiqətin düşmənləri həmişə məlumdur. Mən həqiqəti müdafiə etməyi vətəni müdafiə etməyə bənzədirəm. Biz jurnalist-yazarlar həqiqətləri müdafiəyə davam etmək məcburiyyətindəyik. Bu mübarizədən çıxan bütün yaxşı işlər bəşəriyyətin ən böyük qazancı olur.

“Dünyanın harasında olursa-olsun, hansı media qurumu olursa-olsun, həqiqətləri yazmaqdan vaz keçməmək lazımdır”

Turan: Azərbaycanda həm sizin,  həm də Odatv-nin geniş oxucu kütləsi var. Oranın yeganə müstəqil media qurumu olan 34 yaşlı Turan İnformasiya Agentliyi və ASTNA analizlər mərkəzi vasitəsilə həm Azərbaycan, həm də rus və ingilisdilli oxucularımıza hansı mesajları vermək istərdiniz?

Yalçın: Verə biləcəyim yeganə mesaj budur: 38 illik peşəkar jurnalist-yazar həyatım var. Əslində həqiqətləri yazanda böyük bir zirehə bürünürsünüz. O zirehi sındıra bilmək üçün həqiqi jurnalist-yazara qarşı qaranlıq qüvvələr əllərindən gələn hər şeyi edirlər. Ancaq o zireh sizə xalq tərəfindən geydirildiyinə görə sınması mümkün deyil. Jurnalistliyi-yazarlığı həqiqət qapısı kimi görmək lazımdır. Həqiqətlərə eşqlə bağlı olmaq lazımdır. Bunu etdiyiniz müddətcə vəzifənizi yerinə yetirirsiniz. Dünyanın harasında olursa-olsun, hansı media qurumu olursa-olsun, bundan vaz keçməmək lazımdır. Çünki qələbə əvvəl-axır həqiqətlər tərəfindən qazanılıb. Bunu bizə tarix göstərir, tarix deyir. Tarixi araşdıran bir jurnalist-yazar olaraq mən də bunu görürəm. Həqiqətləri-gerçəkləri yazanlar həmişə  qalib gəlib. O birilər yox olub gedib.

Türkiyənin

Türkiyənin

Türkiyənin

Türkiyənin

Türkiyənin

Türkiyənin

Chosen
38
1
turan.az

2Sources