EN

Ermənistanla müqaviləsiz sülh ola bilərmi? - Beynəlxalq təcrübə "HƏ" deyir

Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması regional və qlobal siyasi arenaların, o cümlədən mövzu qıtlığı yaşayan medianın müzakirə hədəfidir. Ermənistan bir aya sülh müqaviləsini imzalamağa hazır olduğunu, Azərbaycan isə Ermənistan konstitusiyasına dəyişiklik olmadan sülh müqaviləsinin imzalanmasının mümkünsüzlüyü barədə mövqelərini bildiriblər. Belə olduğu halda sülh müqaviləsinin nəinki bu ilin, hətta gələn ilin sonunadək imzalanacağı real görsənmir.

Ermənistandakı mövcud siyasi vəziyyət elədir ki, Paşinyan tərəfdən belə bir qərarın verilməsi cəmiyyət tərəfindən qəzəblə qarşılanma riski yarada bilər. Hətta neytral mövqedə dayanan erməni siyasi şərhçilər belə bu qərarı “qorxulu yuxu” adlandırırlar. Zamanla belə bir qərarın verilməsinin normal qarşılanması və “hə” deyilməsi mümkündür. Amma indiki situasiyada referenduma gedilməsi qərarı verilsə belə ona “yox” demək ehtimalı daha böyükdür. Belə olduğu halda İki ölkə arasında sülhün yaranması sənəd üzərinə köçmədən də mümkündürmü?

Beynəlxalq praktikada belə hallar olub və mövcuddur. Roma imperiyası dövründə Roma ilə Karfagen arasında 146-cı ildə müharibə bitsə də, sülh olmayıb və yalnız 1985-ci ildə Roma şəhər meri ilə Tunisdə yerləşən Karfagen meri arasında formal sülh sənədi imzalanıb. 1950-1953-cü illərdə baş vermiş Şimali və Cənubi Koreya arasında müharibə bitsə də, Cənubi Koreya bu günədək sülh müqaviləsini imzalamayıb. SSRİ ilə Yaponiya arasında da 1945-cildən bu günədək sülh müqaviləsi imzalanmayıb, amma 1956-cı ildən iki ölkə arasında diplomatik əlaqələr yaranıb və bu günədək fəaliyyətdədir. 1932-1935-ci illərdə Paraqvay və Boliviya arasında qanlı müharibə yüz minlərlə insanın ölümünə səbəb olub. Bu müharibə də başlayandan yalnız 74 il sonra rəsmən başa çatdı. 2009-cu il aprelin 27-də Buenos-Ayresdə Boliviya və Paraqvay prezidentləri dövlət sərhədinin yekun tənzimlənməsi haqqında saziş imzaladılar.

Azərbaycan faktiki olaraq ərazi bütövlüyünü bərpa edib, iki ölkə arasında sərhədlərin müəyyənləşməsi prosesi başlayıb və davam edir. İlk baxışdan Azərbaycan üçün ciddi bir problem mövcud deyil. 1000 kilometrlik sərhədin 12,7 km-i artıq delimitasiya olunub və bir sıra ərazilər istisna olmaqla, sərhədin böyük bir hissəsinin müəyyənləşməsində xüsusi fikir ayrılığı da yoxdur. Amma Cənubi Qafqazın bu iki ölkəsi arasında sülhün yaranmasına regional və qlobal güclərin yanaşması fərqli və qarşıdurma səviyyəsində olduğundan problemin son nöqtəsinin qoyulması yalnız bu iki ölkənin iradəsindən asılı deyil. Nəzərə alsaq ki, rəsmi İrəvan daha çox Qərbin təsirində olsa da, bütövlükdə Ermənistana Rusiyanın real təsir və təzyiq imkanları Qərblə müqayisədə daha real olduğu üçün sülhün yaranma şərtləri antoqonist xarakterlidir və getdikcə qəlizləşə bilər.

ABŞ-nin tezliklə sülhün yaranmasında marağı açıq hiss olunur və məqsəd Rusiyanın bölgədən tədricən də olsa siyasi-hərbi müdaxiləsini ortadan qaldırmaqdır. Sülh olduğu halda Türkiyə ilə sərhədlər açıla bilər, nəqliyyat-kommunikasiya baryerləri aradan qalxar və o zaman Türkiyə-Ermənistan sərhədində yerləşən Rusiya qoşunlarına ehtiyac qalmaz. Bu proses Rusiyanın Gümrüdəki hərbi bazasının da 2044-dən əvvəl Ermənistandan çıxmasını sürətləndirə bilər. Kreml isə bütün bu planların tam tərsini düşünür və hətta sülh müqaviləsinin imzalanması qaçılmaz olarsa, bunu yalnız Moskvanın vasitəçiliyi ilə həyata keçməsini və təminatçı ölkə kimi hüquqi müstəvidə təsir mexanizmlərini saxlayaraq Cənubi Qafqazda varlığını qorumaq niyyətindədir.

Proses bu xətlə davam edərsə, yəni sülh müqaviləsinin imzalanması gözlənildiyi kimi bu il imzalanmasa ( bu, indiki halda çox real görünür), iki ölkə arasında ən azı kommunikasiyaların açılması və delimitasiya, demarkasiya işlərinin davam etdirilməsi mümkündürmü? Ötən yazıda da qeyd etmişdim, 1995-ci ildə Serbiya-Xorvatiya-Bosniya Herseqovina arasında imzalanmış Deyton çərçivə sülh sazişi əsasən bu ölkələr arasında silahlı qarşıdurmaya son verməklə əməkdaşlığa hesablanıb və uğurla davam edir. Böyük sülh müqaviləsi olmasa da, bölgədə real sülh mövcuddur və ölkələr arasında hərtərəfli əməkdaşlıq var. Azərbaycan və Ermənistan arasında da belə bir çərçivə sülh sazişinin imzalanması mümkündür və bu saziş uzaq olmayan perspektivdə böyük sülh müqaviləsinin imzalanmasına real təkan verər. Eyni zamanda, bu saziş iki ölkə arasında etimadın yaranması üçün vacib rol oynaya bilər və bu etimad əsasında vasitəçi olmadan böyük sülh müqaviləsinin imzalanması nəinki hər iki ölkənin, bütövlükdə bölgənin maraqlarına uyğundur. Bu amil qlobal və regional güclərin bölgəyə təsir imkanlarının səviyyəsini də aşağı sala bilər. 

İlham İsmayıl

Chosen
136
50
moderator.az

10Sources