Yayda açılan ən ləziz süfrəni yemiş-qarpızsız təsəvvür etmək çətindir. Yemiş bu fəslin ən sevilən təamlarından biridir. Çətin ki, kəsəndə onun ətrindən, yeyəndə dadından doyan tapıla.
Təndir kimi bürkülü günlərdə bostanı yanından biganə keçmək olmur. Kənddə iyul–avqust aylarına “bostançının kar vaxtı” deyirlər. Hətta məhsulun aşıb-daşan günlərində ona bəxtəvərlik oxuyanlar da olur. Onu kənddə bəxtəvər adama çevirən uzandıqca uzanan yaşıl tağların arasında dolanmağı, gündən-günə dada, şirəyə dolan sapsarı yemişi öz əli ilə saplağından üzməyi və bu gözəllik dünyasının sahibi olmağıdır. Amma bəxtəvərlik verməklə deyil ki? Onun da öz qayğıları var. Gərək gecə vaxtı bostanın müxtəlif yerlərində şirinliyindən partlayan yemişləri tapıb ətrafını təmiziləyəsən ki, səhər qurd-quş tökülüşməsin.
Günəvər yerdə bitən yemişin şirinliyindən doymaq olmaz. Doğranmış yemiş dilimləri gendən adama “gəl-gəl” deyir. Ən nəfssiz, ən tamahsız adam da ondan yan keçə bilməz. “Ölü yesə dirilər” ifadəsi elə bil onunçün deyilib. İntəhası, nəbadə onu balla yeyəsən.
Yemiş güc-qüvvət, məhəbbət rəmzidir. Onun adına şamama deyilən kiçik və ətirli bir növü də var. Oğlanlar həmişə sevdikləri qıza məhəbbət rəmzi olaraq şamama hədiyyə edirlər. Onun şifonerin başına, stolun üstünə qoyulması günlərlə xoş ətrin evdən çəkilməməsinə səbəb olur.
Yağlı və gec həzm olunan qidalardan sonra yemiş yeyilməsi maddələr mübadiləsini sürətləndirir və mədədə olan ağırlıq qısa vaxt ərzində keçib gedir. Yemiş həm də susuzluğu aradan qaldırır, sinir sistemini sakitləşdirir və su-duz mübadiləsini tənzimləyir. Lakin onun çox miqdarda qəbul edilməsi qətiyyən məsləhət deyil, çünki bağırsaqların yüklənməsinə səbəb ola bilər. Dietoloqlar yemişi başqa qida məhsulları ilə birlikdə qəbul etməyin həzm pozulmasına səbəb olduğunu deyirlər. Onlar yemişi qida qəbulundan iki-üç saat sonra yeməyi tövsiyə edirlər.
Xalq şairi Səməd Vurğunun məşhur “Vaqif” dramındakı surətlərdən biri belə bir ifadə işlədir: “Yaz ola, dovğa ola yarpız ilə, yay ola, pendir ola qarpız ilə...” Doğrudan da pendirlə soyuq qarpız ağzının dadını bilən hər kəs üçün ən ləziz təamdır. Günəşin göydən yerə od ələdiyi vaxt heç bir qida onun yerini verə bilməz.
Qarpızın qəribə bir xüsusiyyəti var. Onu kəsib günün altına qoyursan, bir az sonra baxırsan ki, bumbuz olub. Qabaqlar kənd yerlərində qarpızı samanlığa və ya soğan qapığının arasına qoyub qışa qədər saxlayardılar. Çox vaxt kiçik yaşlı uşaqlara “səhəngin işində qarpız var, sən yatandan sonra kəsəcəyik” deyib başını aldadırlar.
Qarpız böyrəkdə olan daşları, duzları əritmək üçün ən yaxşı vasitədir. El arasında əbəs yerə demirlər ki, çox qarpız yeyənin böyrəyində daş olmaz. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içəndə bəlğəmi kəsir, dənələrini isə tum kimi çırtlayırlar. Qarpız tumu böyrək daşını salır. Yaxşı qarpız adla deyilir: Sabirabad qarpızı, Şabran qarpızı, Zirə qarpızı...Hərəsinin öz şirinliyi, öz dadı var. Əbəs yerə qədim bir xalq mahnısında oxumurlar: “Qarpız kəsdim bal kimi, dilimlədim nar kimi...”
Süleyman QARADAĞLI