İyunun 30-da Tarif Şurasının qərarı ilə əhalinin daha çox istifadə etdiyi Aİ-92 markalı benzin 10 qəpik bahalaşaraq 1.10 manat, dizel yanacağının qiyməti 20 qəpik artaraq 1 manat olub.
Tarif Şurası bildirir ki, qiymət artımı ilə dizeldən istifadənin daha yüksək ekoloji zərəri nəzərə alınıb, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzin ilə dizel arasındakı qiymət fərqi azaldılıb: "Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz mühərrikli avtomobillərə keçidi sürətləndirəcək".
2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 251.7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2023-ci ilin eyni dövrünə nisbətən 5 faiz çoxdur. Ən çox satılan Aİ-92 markalı benzin və dizel olub.
Müstəqil ekspertlərin fikrincə, bu qiymət artımı ilə hökumət son beş ayda azalan neft və qaz gəlirlərini kompensasiya etməyə çalışır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Turana bildirib ki, sözügedən qiymət artımlarının çox mühüm zərurəti var: “Məlumdur ki, hər birimizin istəyi vətəndaşların sağlamlığı, ətraf mühitin qoruması, ekoloji problemlərin təsirlərinin azalmasıdır. Biz görürük ki, son illər dizel mühərriki ilə işləyən avtomobillərin idxalı daha çox artıb. Havaya ən çox zərərli qazları buraxan məhz dizel yanacağıdır. Əksər ölkələrdə dizel yanacağın qiymətləri benzin qiymətindən yüksəkdir. Dizel yanacağın qiymətinin benzin qiyməti ilə demək olar ki eyniləşməsi benzindən istifadəsini şərtləndirəcək”.
Deputatın fikrincə, qiymət dəyişikliyi həm dizel yanacağı ilə işləyən avtomobillərin idxalını və onlardan istifadəsini azaldacaq, bu da birbaşa ekoloji problemlərə müsbət təsir göstərən amillərdir: “O biri tərəfdən, artıq hibrid və elektrik avtomobillərə keçid edilir və 2035-ci ildən sonra Avropa İttifaqında dizel və benzinlə işləyən avtomobillərin qeydiyyatı və istehsalı dayanacaq. Bu da bir daha perspektivləri yaradır ki, artıq biz bu çağırışlara hazır olmalıyıq, avtomobil parkımızı yeniləməliyik. Digər tərəfdən qiymət dəyişikliyi dizel yanacağı ilə işləyən kənd təsərrüfatı texnikasını və sərnişindaşımada istifadə olunan nəqliyyatları digər növ yanacağı ilə işləyən texnikaya keçidini şərtləndirəcək”.
A.Hüseynov hesab edir ki, yanacaq qiymətinin dəyişikliyi aqrar sahəyə təsir etməyəcək: “Dövlətin verdiyi subsidiyalar bu qiymət dəyişikliyi qarşılayacaq. Dövlətin fermerlərə böyük dəstəyi var, onlar bir çox vergilərdən azaddırlar, elə də subsidiyalar vasitəsilə dəymiş zərərin kompensasiya edilməsi həyata keçiriləcək. Eyni zamanda dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının qiymətini qaldırmaq istəyən möhtəkirlərin cəhdlərin qarşısı alınacaq. Digər tərəfdən, biz görürük ki, bu qiymət dəyişikliyi maya dəyərinə təsir göstərəcək o qədər də böyük amil deyil”.
Komitə üzvü qeyd edib ki, yaxın zamanda Azərbaycanda “Euro-5” standartına uyğun Aİ-95 markalı benzinin istehsalı başlanacaq, bu da həmin markalı benzinlə işləyən avtomobillərin sayının artmasına səbəb olacaq: “Eyni zamanda vergi güzəştləri hibrid və elektrik avtomobillərin sayının artmasına şərait yaradacaq”.
İqtisadçı Rəşad Həsənovun AzadlıqRadiosuna deməsinə görə, yanacağın qiymətinin artması digər sahələrdə də bahalaşmaya yol açacaq: "İstehsal və istehlak proseslərində qiymət dəyişikliyi məhsulun maya dəyərində öz əksini tapır. Bu baxımından, digər sahələrdə də qiymətlərin artımı birmənalıdır... Xüsusilə bu, nəqliyyat sahəsində müşahidə olunacaq. İkinci ən böyük asılılığı olan sahələrdən biri aqrar sektordur. Hesablamalar göstərir ki, dizel qiymətinin artması nəticəsində kənd təsərrüfatı mallarının qiymətində azı 15 faiz artım olacaq".
İqtisadçı hesab edir ki, yanacağın qiymətini artırmaqda əsas məqsəd əlavə gəlirlərin əldə olunması, xüsusilə Dövlət Neft Şirkətinin illik investisiya xərclərinin kompensasiyası məqsədilə əlavə subsidiya və dəstəyə ehtiyacını aradan qaldırmaqdır: "Yəni, burada əsas məqsəd dövlət xərclərinin maliyyələşdirilməsi üçün gəlir mənbəyi formalaşdırmaqdır və hökumət əlində olan bu resursları səfərbər etməyə çalışır. Amma, təbii ki, bu qiymət artımı ilə neft-qaz gəlirlərinin il ərzində azalmasını kompensasiya edə bilməyəcək".