EN

“Beşiktaş”ın ilk toplanışda rəqibləri bəlli oldu - Van Bronkhorst bazadakı şəraiti təriflədi

Qabriel Paulista və Rafa Silva kimi təcrübəli oyunçuları transfer edən “Beşiktaş”la bağlı xəbərlər var. Öncə İstanbul nəhənginin Salih Uçanla müqaviləni yenilədiyini bildirək. Təcrübəli yarımmüdafiəçi ilə “2+1” illik müqavilə imzalanıb. Onun illik qazancı 30 milyon lirəyə bərabər olacaq. 2021-dən komandada olan 30 yaşlı futbolçu indiyə qədər “ağ-qaralar”ın heyətində 85 rəsmi oyuna 8 qol vurub.

Bu arada “Beşiktaş” iyulun 1-dən etibarən yeni mövsümün hazırlığına start verib. Dünən futbolçular “Nevzat Dəmir” bazasında toplaşaraq tibbi müayinədən keçiblər. Komanda ayın 10-na qədər burda hazırlıq keçəcək. İyulun 10-20-si aralığında “Qartal”ı Sloveniyanın Maribor şəhərində ilk toplanış gözləyir. Komanda həmin toplanış zamanı iyulun 13-də Zaqreb “Dinamo”su, 17-də “Şaxtyor”, 20-də Avstriya təmsilçisi QAK ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Bu arada hazırlıq dönəminin startından bir gün öncə, yəni iyunun 30-da yeni məşqçilər korpusu ilə klubun işçiləri arasında tanışlıq xarakteri daşıyan yemək süfrəsi təşkil olunub. Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Burda yeni baş məşqçi Covanni van Bronkhorst ilə yanaşı, onun köməkçiləri – Jan Pol van Qastel, Sərdar Topraktəpə, eləcə də baş əlaqələndirici Samet Aybaba və baş məsləhətçi Bred Fridel iştirak edib. Ziyafətin ardından Van Bronkhorst klub saytına açıqlamalar verərək bunları deyib:

“Bazamız mükəmməldi. Bura daxil olan kimi bunu hiss etmək mümkündü. Futbol üçün hər şey ən yüksək səviyyədə təşkil olunub. Bazadakı şərait və ab-hava insana əlavə enerji verir. Oyunçularımın mümkün qədər tez hazır duruma gəlməsini istəyirəm. İlk gündən etibarən mövsümə ən yaxşı şəkildə hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümə superkubok oyunu ilə start verəcəyik. Transferlər davam edəcək. Paulista ilə Silvanı bu komandaya təcrübə qatmaları üçün transfer etdik. Ən üst səviyyədə oynamış futbolçulardı. “Beşiktaş”ı daha da güclü edəcəklər. Fanatlar məni gözəl qarşıladı. İmza günü və sonrakı günlərdə fanatların reaksiyası çox xoşuma gəldi. Karyeram boyunca - istər futbolçu, istərsə də baş məşqçi ikən fanatlarla, klub işçiləri ilə münasibətlərə xüsusi önəm vermişəm. Ona görə də burda da yaxşı ab-hava yaranacağına inanıram. Çünki mövsümboyu fanatlarımıza çox ehtiyacımız olacaq. Onları qürurlandırmaq istəyirik. Onlara mesajım budu ki, gözəl iz buraxmaq və titullar qazanmaq üçün köməkçilərimlə birlikdə durmadan çalışacağıq”.
Chosen
83
football-plus.az

1Sources