Olaylar xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib:
"Dövlət başçımızın " ŞƏT plyus" formatındakı toplantıda çıxışında ən vacib məsələlərdən biri həyata keçirilən beynəlxalq layihələrin nəticəsində Azərbaycanın nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi və dünya siyasətində yerinin möhkəmləndirilməsinin vurğulanmasıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri məsələsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir.
Prezident İlham Əliyev bildirdi: "Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb...
Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir."
Alim Hüseynli
Olaylar.az