EN

“Duo-Ave”: Gənc azərbaycanlı istedadlar Parisdə Azərbaycan musiqisi ifa edirlər

Bakı, 5 iyul, Anara Axundova, AZƏRTAC

AZƏRTAC mədəniyyətimizi ölkəmizin hüdudlarından kənarda tərənnüm edən Azərbaycanın gənc istedadları haqqında məqalələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətlərimiz beynəlxalq mükafatların laureatları – Parisdəki Alfred Korto adına Musiqi Məktəbində (“L'École normale de musique de Paris - Alfred Cortot”) təhsil alan fleytaçı Ağarəhim Quliyev və pianoçu Eldəniz Ələkbərzadədir. Onlar Azərbaycan musiqisinin də ifa olunduğu “Duo Avey” duetini yaradıblar. Musiqiçilərin repertuarına Azərbaycan klassikləri – Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev və başqa bəstəkarların əsərləri daxildir. Gənc istedadlar musiqi duetinin necə yaranmasından danışıblar.

Ağarəhim musiqiçi ailəsində dünyaya gəlib, nənəsi və anası pianoçudurlar. O, hələ 4 yaşında çox sevdiyi musiqi ilə məşğul olmağa başlayıb.

Gənc musiqiçi deyir: “Artıq 7 yaşım olanda nənəmin köməyi sayəsində musiqi ilə peşəkar səviyyədə məşğul olmağa qərar verdim. 2009-cu ildə Rostropoviç adına Musiqi Məktəbində Azərbaycanın Xalq artisti Müzəffər Ağamalızadənin sinfinə daxil olmuşam, 2018-ci ildən isə orada fleyta ilə məşğul olmuşam”.

Eldəniz isə 5 yaşından uşaq bağçasında musiqi dərsləri zamanı piano ilə maraqlanmağa başlayıb. Uşağın musiqiyə həvəsini görən müəllimi onun bu sahədə qabiliyyətini sınayıb və valideynlərinə oğullarını bu sənətə sövq etməyi tövsiyə edib.

Eldəniz xatırlayır: “Onun adı Vera Romanovna Koryukova idi. Bu qadın mənim ilk müəllimim oldu. Sonra Sankt-Peterburqda musiqi məktəbinə getdim. Fortepiano müəllimlərim Tamara Peçeneva, Mixail Benediktov, Alla Əfəndiyeva olublar”.

Ağarəhimlə Eldəniz təhsil almağa getdikləri Parisdə tanış olublar.

Ağarəhim qeyd edir: “Mən Bakıda BMA-da daxil oldum və ikinci və ya üçüncü kursdan sonra Avropada təhsil almaq barədə fikirləşirdim. Amma birinci kursdan sonra Parisə getdim. Dünyanın ən yaxşı fleyta məktəbi Fransada olduğu üçün çoxları mənə fransız məktəbinə getməyi məsləhət gördü. Lakin o zaman Fransaya köçmək, məsələn, Almaniya və ya İtaliyada yerləşməkdən qat-qat çətin idi. Azərbaycanlı vokalçılarımız İtaliyaya, pianoçularımız Almaniyaya gedirlər, Fransaya isə az adam yollanıb və bu ölkədəki musiqi təhsili müəssisələri haqqında o qədər də çox məlumat yox idi. Amma o vaxt, 2016-cı ildə mən hələ musiqi məktəbini bitirməmişdim, dostum, Səməd Vurğunun nəvəsi Vurğun Vəkilov İsveçrəyə müsabiqəyə getdi, orada uğur qazandı, mükafat və xüsusi təltif aldı, həm də bir il müddətinə Parisdəki Alfred Corto Musiqi Məktəbində pulsuz təhsil hüququ əldə etdi və oraya getdi. Bir müddət sonra proseslərin necə davam etdiyini başa düşən Vurğun məni də dəvət etdi. Bütün müəllimlərim dedi ki, Parisə, fleyta məktəbinin mənşəyinə getmək daha yaxşıdır. Müraciət etmək qərarına gəldim və 2018-ci ilin avqustunda canlı dinləmə üçün Parisə yollandım, müsabiqədən keçdim və gözlədiyimdən iki səviyyə daha yüksək sinfə daxil oldum”.

Parisə köçəndən sonra Ağarəhim Eldənizə də bu şəhərə gəlməyə kömək edib. Gələcək həmkarların birgə fəaliyyəti bax belə başlayıb.

Gənc pianoçu əlavə edir: “BMA-nı bitirdikdən sonra gələcək təhsilimlə bağlı sual yarandı. Mən bir çox konservatoriyalara, bir çox müəllimlərə namizədlik müraciəti göndərdim: Vyanaya, Veymara, Amsterdama, Bernə, Sürixə, Berlinə. Hər yerdə müsabiqədən keçdim və məni qəbul etməyə hazır idilər. Amma mən namizədliyimi Rene Şerşevskaya da daxil olmaqla Parisə göndərmək qərarına gəldim. Elektron poçt vasitəsilə əlaqə saxlayıb qeydlərimi göndərdikdən sonra onunla telefonla danışdıq və anladım ki, Rene məni öz sinfinə götürməyə hazırdır. Sonra sənədlər məsələsi ilə məşğul oldum. Mən heç nə başa düşmürdüm, çünki əvvəllər Paris və Fransa haqqında düşünməmişdim, bütün bunlar birdən-birə baş verdi. O vaxt Ağarəhimi də tanımırdım, amma bilirdim ki, Parisdə oxuyur, sosial şəbəkələrdə onunla əlaqə saxladım və dərhal mənə cavab verdi, hətta əvvəllər “sən”lə danışırdıq (gülür). Ondan mənə kömək etməsini xahiş etdim. Ağarəhim bütün sənədlərimə kömək etdi, lazım olan hər şeyi qaydaya saldı və mən Fransaya köçdüm”.

Musiqiçilərin dediyinə görə, onların belə bir duet yaratmaq fikri yox idi. Eldəniz Parisə gələndən az sonra onlar birlikdə musiqi əsərləri ifa etməyə başladılar.

Ağarəhim xatırlayır: “Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzi tez-tez tədbirlər təşkil edirdi. Eldəniz təşkilatçılarla görüşdü, səfirliyin tədbirinə gəldik, soruşdular ki, ikimiz birlikdə çıxış edə bilərikmi? Biz də razılaşdıq. Proqramımız, ideyalarımız var idi, amma düşünmürdük ki, onları həyata keçirəcək və bu proqramdan konsert yarada biləcəyik”.

Nəticədə musiqiçilər ilk konsertlərini Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində, sonra ikincisi oldu, daha sonra Alfred Korto adına Musiqi Məktəbində bir neçə konsertlə çıxış etdilər, daha sonra Parisin rayonlarının meriyalarında konsertlər verməyə başlayıblar. Onlar repertuarlarında əsərlərin xeyli artdığını kəşf etdilər ki, bununla da nəsə etmək lazım gəlirdi.

Ağarəhim bu prosesləri belə şərh edir: “Belə bir repertuarı təsnif etmək lazım gəlirdi. Bir tədbirdə eyni anda bir neçə fərqli əsərin ifa edilməsi bəzən maraqlı ola bilər, amma bəzi hallarda isə yersiz olur. Düşündük ki, bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Nəticədə yay tətilində duet yaratmaq ideyası yarandı, artıq rəsmi olaraq. Çünki bu qədər uzun müddətdə biz əslində, duet kimi çıxış etmişik”.

Həmsöhbətlərimizin fikrincə, Fransada duet yaratmaq üçün müəllif hüquqlarını qoruyan sənəd əldə etmək və iştirakçıları peşəkar musiqiçi kimi qeydiyyatdan keçirməyə nəhəng sənədlər paketi toplamaq lazımdır.

Eldəniz qeyd edir: “İnkişafımıza töhfə verən, ideoloji layihələr təklif edən, hüquqi məsələlərdə kömək edən Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Aytən xanım Muradovanı qeyd etmək istərdim. Onun dəstəyi böyük idi. Aytən xanım bizə çox kömək etdi və bu günə qədər də bunu davam etdirir. Ad ideyası da ona məxsusdur: “Avey” Qazaxda olan dağdır”.

Musiqiçilər öz repertuarlarını diqqətlə seçir, proqramlarına daim Azərbaycan bəstəkarlarının əsərlərini əlavə edirlər.

Eldəniz bunu belə izah edir: “Bu, həmişə böyük uğurdur! Azərbaycan musiqisi çox parlaq, rəngarəng və dərin olduğundan, ictimaiyyət üçün həmişə maraqlıdır. Yeri gəlmişkən, Paris ictimaiyyətinin həmişə mühafizəkar və akademik hesab olunmasına baxmayaraq, bizim musiqimiz həmişə parislilərin qəlbində əks-səda verib. İnsanlar tez-tez konsertlərdən sonra bizə müraciət edir və ifa etdiyimiz Azərbaycan bəstəkarlarının yaradıcılığı haqqında ətraflı məlumat almaq istəyirlər”.

Duetin iş günlərini necə keçirməsi barədə danışanda, uşaqlar gülürlər.

Ağarəhim bununla bağlı deyir: “Adətən belə olur – Eldəniz axşam mənə zəng vurur və deyir ki, sabah səhər saat 10-11 radələrində bir neçə sonataya baxmaq üçün yanıma gələcək. Nəticə etibarilə səhər saat 8:30-da bu adam artıq mənim evimdə, böyük not yığını və yeni əsərlərlə pianonun başındadır. Həm də bu, çox uzun müddətdir davam edir!”

Eldəniz onun sözlərinə əlavə edir: “Ağarəhim yanıma bir noutbukla gəlir, orada notlar da yüklənir və biz musiqi ifa etməyə, improvizələrə, çalışmağa başlayırıq”.

Gənc musiqiçilər vurğulayırlar ki, onlar davamlı olaraq iş başında,, yaradıcılıq prosesində, inkişafda olmağı üstün tuturlar və bundan böyük zövq alırlar. Duetin gələcəklə bağlı geniş planları var.

Ağarəhim deyir ki, 2024-2025-ci illərdə Avropada və onun hüdudlarından kənarda konsertlər verməyi nəzərdə tuturlar. Eldəniz isə Bakıda da çıxış etmək arzusundadır və əlavə edir: “İnşallah, Bakıya da gedərik. Səfərin dəqiq vaxtını deyə bilmərəm, amma indi bununla məşğuluq”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
11
azertag.az

10Sources