Sumqayıt, 5 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib. Kitabda 44 günlük müharibə dövründə müəllifin peşəkar fəaliyyəti əks olunub.
AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyinin, mədəniyyət işçilərinin, qazilərin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, professor Rafiq Yusif oğlu və digərləri kitab haqqında fikirlərini bölüşüb, müəllifin dövlətimizə, ölkəmizə olan sevgisindən danışıblar.
Hulusi Kılıç çıxışında kitabın ərsəyə gəlməsindən danışaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, Azərbaycanın Cənubi Qafqazda ən güclü orduya malik olmasından söz açıb. Diplomat Şuşa Bəyannaməsinin Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığı, o cümlədən müdafiə sektorunda əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırdığını diqqətə çatdırıb. O, kitabın satışından əldə olunan vəsaitin “YAŞAT” Fonduna köçürüləcəyini bildirib.
Təqdimatdan sonra Sumqayıt Teatrında yazıçı-dramaturq Hafiz Ataxanlının “Missiya” tamaşası nümayış olunub.