Bu səlib yürüşü futbolu da hədəfə aldı
Məlum olduğu kimi, Almaniyada keçirilən AVRO–2024-ün final mərhələsində Türkiyə–Avstriya matçında rəqib qapısına 2-ci qolunu vuran türk hücumçu Merih Dəmiral “bozqurd” işarəsi göstərərək sevincini bölüşdüyü üçün UEFA tərəfindən cəzalandırılıb və diskvalifikasiya edilib. Avropanın ali futbol qurumu bunu onunla izah edib ki, guya futbolçu ümumi davranış prinsiplərinə zidd hərəkətə yol verib.
UEFA-nın ədalətsiz qərarı geniş əks-səda, biz deyərdik ki, daha çox mənfi reaksiya doğurub. Çünki “bozqurd” işarəsində elə bir qəbahət yoxdur. Bu, nə terrorçuluğu ifadə edən hərəkətdir, nə də mahiyyətində hər hansı bir ekstremizm var. Sadəcə, UEFA-nın əsassız qərarı, ilk növbədə, “Köhnə qitə”nin türk varlığını, necə deyərlər, həzm edə bilmədiyini, Türkiyə futbolunun tərəqqisinə qısqanc yanaşmasının təzahürüdür.
AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayatla bu mövzu ətrafında söhbətimiz oldu. Tanınmış alim həm UEFA-nın yanlış qərarına münasibətini bildirdi, həm də qədim türklərin inanc sistemində bozqurd motivi barədə fikirlərini bizimlə bölüşdü. Həmin müsahibəni təqdim edirik:
– Professor, məlum futbolətrafı qalmaqal cəmiyyətin müəyyən təbəqəsində gündəmi zəbt edən mövzulardandır. Hətta bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir açıqlama verib: “Kimsə deyir ki, almanların formalarında qartal var? Kimsə durub deyir ki, “fransızların formasında xoruz var, niyə xoruzlanırsan?”. Orada Merih bu görüntü ilə həyəcanını ifadə edib. Bunun üzərinə Xarici İşlər Nazirliyimiz öz rəsmilərinə zəng edib və bununla bağlı lazımi addımlar atılır”. Bir türkoloq, folklorşünas, nəhayət, bir vətəndaş kimi, bu barədə fikrinizi bilmək istərdik.
– Bəzi işarələr var ki, onlar təkcə futbolda deyil, ümumiyyətlə dini, irqi, sosial-iyerarxik ayrı-seçkilik yaradırsa, göstərilməsi qadağandır. Məsələn, Almaniyada xaç işarəsinin göstərilməsi, küçədə bir yerə cızılması, futbolda hansısa geyimin üzərinə vurulması yasaqdır. Amma “bozqurd” işarəsi (əldə barmaqların qatlanması ilə göstərilir) bu qadağalara aid deyil. Bu işarə aidiyyətlik deməkdir, yəni mən türkəm. Başqa sözlə, mifoloji olaraq qurda bağlılığın nümayişidir. Bu bir çox ölkələrdə belədir, insanlar hansısa heyvanı əcdad seçirlər. Elə xalqlar var ki, kenqurunu, atı, meymunu və s. əcdad seçirlər. Bu, xalqların yüzillər boyu yaratdığı inancdır. Türk milləti də bozqurdu özünə əcdad seçib. Burada kimsə aşağılanmır, fərqləndirilmir.
Bozqurd, qeyri-rəsmi olaraq, türk olmağı tərənnüm edir. Çünki irqi, dini və digər ayrı-seçkiliyi ehtiva etmir. Bu işarə hələ İslamdan öncə olub, dinlə də heç bir bağlılığı yoxdur.
Çox təəssüf ki, Avropada bəzi qurumlar hay-həşir salıb, bunu ayrı-seçkilik adlandırdılar. Burada erməni lobbiçiliyinin də izi görünür. Nəticədə Avropa Futbol Federasiyası türk yığmasının oyunçu Merih Dəmiralı haqsız yerə 2 oyundan uzaqlaşdırmaqla cəzalandırdı. Bu, əsassız cəza idi və Türkiyə qərəzli məsələyə yüksək tribunalarda rəsmi etirazını bildirir.
UEFA-nın verdiyi qərar onun ayrı-ayrı ölkələrin üzvlərinin səsçoxluğu ilə qəbul edilib. Burada pantürklük əlaməti deyil, daha çox siyasi dairələrin diktəsi, qısqanclıq əlaməti var. İki oyundan uzaqlaşdırılmış futbolçu 2 qol vurmuşdu, yaxşı oynayırdı. Avropalılar müasir texnologiyanı yaxşı bilsələr də, nəyinki türklərin tarixini, mən deyərdim ki, heç öz tarixlərini yaxşı bilmirlər.
– Füzuli müəllim, bildiyimizə görə, siz uzun müddət qardaş Türkiyədə çalışmısınız. Başqa sözlə, oradakı kökə bağlılıq, yüksək türkçülük əhval-ruhiyyəsinə bələdsiniz. Orada “bozqurd” işarəsinə yanaşma necədir?
– Bildim, nə demək istəyirsiniz. Bir problem də futbolçunun “bozqurd” işarəsi göstərməsinin elə Türkiyədə birmənalı qarşılanmamasıdır. Məsələ burasındadır ki, qardaş ölkədə bu işarəni hər kəs göstərmir. Bunu Millətçi Hərəkatı Partiyasının (MHP) üzvləri bir növ özəlləşdiriblər. Siz Türkiyədə bu işarəni göstərsəniz, həmin partiyanın üzvü olduğunuzu zənn edəcəklər. Amma bir məsələ də var ki, Türkiyənin ən böyük lideri Atatürk də bu işarəni göstərib, lakin bu partiyanın üzvü deyildi. UEFA-nın bu hərəkətini mən də Türkiyəyə yönəlik qeyri-legitim imza kimi qiymətləndirirəm.
– Elə bir neçə il əvvəl prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Mersin şəhərində keçirilən konqresində salondan kənarda gözləyənləri əli ilə “bozqurd” işarəsi göstərərək salamlayıb. Bu da o deməkdir ki, sözügedən işarə hansısa partiyaya deyil, bütövlükdə xalqa aid əl simvoludur. Əslində, idman həm də siyasətdir. Böyük futbol ölkələrinin, böyük klubların oynadığı siyasət. Yəni böyük dövlətlərin oynadıqları siyasi oyunlar kimi. Amma idman məxsusi olaraq siyasətə qarışmamalıdır. Təəssüf ki, UEFA özünü bu təzyiqdən sığortalaya bilmir və bəzən alətə çevrilir. Deyə bilərik ki, bu qərarla qurum nizamnaməsini ciddi şəkildə pozub...
– Elə buna görə də Türkiyənin xarici işlər, idman nazirlikləri, Türkiyə Futbol Federasiyası etirazlarını bəyan ediblər. Bəli, yersiz qərarda daha çox siyasi dairələrin diktəsi, qısqanclıq əlaməti var.
Mənə gəlincə, futbolsevər deyiləm. Amma, hər halda, Türkiyə millisinin uğurunu da öz uğurum sayıram. Görünür, Avropa hansısa müsəlman ölkə komandasının qitə yarışlarında irəli çıxmasını istəmir. Bir sözlə, komandaya haqsız cəza verilib.
– Aktual mövzuda maraqlı açıqlamalara görə təşəkkür edirik.
Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ