EN

Əli Kərimlinin nəticəsi olmayan “mübarizəsi”

Əli Kərimli iddia edir ki, hakimiyyət onu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri kimi görmək istəmir.

O, bu qənaətə  ötən ilin iyununda keçirdikləri qurultayın nəticələrinin məhkəmə tərəfindən etibarsız hesab edilməsindən sonra gəlib. 

Xatırlatma üçün qeyd edək ki, məhkəmə AXCP-nin Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Əliyevin şikayəti əsasında qurultayın nəticələrini tanımayıb. Bu isə Əli Kərimlinin iddia etdiyi “hakimiyyət məni AXCP sədri görmək istəmir” iddiasını deyil, “AXCP üzvləri Əli Kərimlini sədr olaraq görmək istəmir” məsələsini gündəmə gətirməlidir. 

Əvvəla, Aydın Əliyev AXCP-dəki postuna məhz qurultay nümayəndələri tərəfindən seçilib. Sonradan qanunsuz olaraq, yənu qurultay çağırılmadan Aydın Əliyev AXCP üzvlüyündən çıxarılıb. Aydın Əliyev isə məhkəməyə müraciət edərək AXCP-dən qanunsuz çıxarıldığını sübut edib və partiyaya üzvlüyü bərpa olunub. 

Əli Kərimli isə iddia edir ki, qurultay demokratik, mətbuata və xalqa açıq şəkildə keçirilib. Tutaq ki, bunlar doğrudur və olmalı olan da elə budur, amma... Amması da odur ki, Əli Kərimli həmin qurultayda alternativsiz namizəd idi, sədrlik postu uğrunda tək mübarizə aparırdı. Qurulmuş tamaşanı seçki adı ilə “mətbuata, xalqa açıq şəkildə keçirmişik” pafosu ilə təqdim etməyə nə var ki?! 

Məhkəmənin qərarına gəlincə, əslində məhkəmə qurultayın nəticələrini etibarsız hesab etməklə, yenidən Əli Kərimlini gündəmə gətirib. Hazırda  əsas siyasi hadisələrdən biri hesab olunan növbədənkənar parlament seçkiləri dönəmində heç kimin yadına düşməyən Əli Kərimli məhkəmənin bu qərarı ilə gündəm yer alımağa çalışır. Yəni Əli Kərimli əslində məhkəmənin bu qərarına sevinməlidir, çünki yenidən onun varlığını xatırladıblar. 

Digər tərəfdən, Əli Kərimli 2001-ci ildən, yəni 23 ildir AXCP-yə rəhbərlik edir. Bu illər ərzində nəinki müsbət nəticələr qazanıb, əksinə, AXCP-nin dəfələrlə parçalanmasına, gücsüzləşməyinə səbəb olub. AXCP-nin qurucu üzvlərindən isə (həyatda olanlar nəzərdə tutulur-müəll.) heç biri Əli Kərimlinin yanında deyil. Bütün bunlar Əli Kərimlinin iddiasının əslində tərsinə olduğunu göstərir. 

Yəni Əli Kərimlinin iddia etdiyi kimi, hakimiyyət deyil, AXCP üzvləri onu sədr görmək istəmirlər. Onun siyasi zorakılıqla sədrliyi zəbt etməsinə etiraz olaraq,  kimlərsə siyasi fəaliyyətdən küsüb geri çəkilib, kimlərsə partiyadan uzaqlaşıb, kimlərsə partiyanı xilas etməyə cəhd edib. Lakin Əli Kərimlinin “dəstəkçiləri” hesabına AXCP-nin xilasına nail ola bilməyiblər. Nəticədə, AXCP yenə Əli Kərimlinin inhisarında qalıb. 

Ona görə də görünənlər və yaşananlarla Əli Kərimlinin dedikləri bir-birindən tamamilə fərqlidir...  

Əli Kərimli AXCP-nin indiki durumuna görə tək məsuliyyət daşıyan adamdır. Partiyanı bu günə qoymaqla, bir zamanların ən demokratik təşkilatını bir şəxsin iradəsindən asılı quruma çevirməklə, Xalq Cəbhəsinə ən böyük zərbəni də o vurub.

Bu gün AXCP sıradan bir partiyadır və ictimai rəyə təsir gücünə görə digər partiyalardan heç nə ilə seçilmir. Əli Kərimli isə 23 ildir öz ampluasında öz xətti üzrə fəaliyyət göstərir. Ona etiraz edənləri şantaj etməklə, “satqın”, “xain” deməklə siyasi gündəmdə olmağa çalışır. 

Nəticəsi olmayan “mübarizə” buna deyirlər...

Chosen
123
11
cebheinfo.az

10Sources