EN

TDT-nin tarixində yeni ənənə - ŞƏRH

Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin inteqrasiyasında və inkişafında oynadığı rola verdiyi qiymət hamıya məlumdur.Təşkilata üzv ölkələr və onların rəhbərləri dövlətimizin başçısının bu istiqamətdəki fikirlərini nəinki bölüşür, həmçinin özləri də imkanları çərçivəsində təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Lakin, heç şübhəsiz, Azərbaycan Liderinin bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.

Bu gün ölkələrarası əlaqələr siyasi sahədən başqa, humanitar, təhsil, mədəniyyət və digər istiqamətlərdə də inkişaf etməkdədir. Türk dünyası ölkələrinin rəhbərləri bir-birinə qardaşlıq dəstəyini əsirgəmirlər. Ötən ilin əvvəlində Türkiyədə baş verən zəlzələ ilə əlaqədar martın 16-da paytaxt Ankarada Türk Dövlətləri Təşkilatının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşkilata üzv ölkələrin həmrəyliyini bir daha nümayiş etdirdi. Bundan başqa, Azərbaycanın Türk dünyasının birliyinə töhfələrini, etibarlı tərəfdaş və yaxşı dost olmasını nəzərə alan Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın işğaldan azad olunmuş ərazilərimizdə öz vəsaitləri hesabına məktəb, incəsənət mərkəzi və məscid inşa etmələri ölkəmizə dəstəyin əyani nümunələrindəndir. Qardaş Türkiyə şirkətləri isə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında fəal iştirak edirlər.

Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas həlqələrində biri hesab edilir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi məqsədilə öz ərazisində zəruri infrastrukturu təmin edir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni, Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların mallarının Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.

Ölkəmizin Türk dünyası ilə əlaqələrini nümayiş etdirən amillərdən biri də intensiv qarşılıqlı səfərlərdir. Bir neçə gün əvvəl dövlətimizin başçısı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə qeyd etdiyi kimi, o, son iki ildə Qazaxıstana dörd dəfə, Qazaxıstan Prezidenti isə həmin müddətdə Azərbaycana üç dəfə səfər edib. Bundan əlavə, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr prezidentləri, həmçinin Macarıstanın Baş naziri ötən iki ildə Azərbaycana səfərlər ediblər. Prezident İlham Əliyev də sözügedən ölkələrdə səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Azərbaycanın qardaş Türkiyə ilə münasibətləri isə həm iki ölkə, həm də Türk dünyası üçün müstəsna əhəmiyyətə malikdir. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.

Prezident İlham Əliyev ölkəmizin Türkiyə ilə əlaqələrini, rəsmi Ankaranın həm ölkəmiz, həm də bölgəmiz üçün əhəmiyyətini belə xarakterizə edib: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir”.

Bu gün Şuşada Türk Dövlətləri Təşkilatının tarixində yeni bir ənənənin əsası qoyulur. Belə ki, bu il ilk dəfə olaraq TDT-yə üzv dövlətlərin başçıları qeyri-rəsmi Zirvə görüşündə bir araya gəlirlər. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha vurğulayır. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

Cavid MUSTAFAYEV,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Chosen
175
1
sesqazeti.az

10Sources