Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri vətəndaşların qəbulu və agentliyin struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.
Elmi müəssisələrin fəaliyyəti, ali və orta ixtisas təhsili, xaricdə təhsil və əcnəbi tələbələrin ölkəmizdə təhsili, universitetlərimizin beynəlxalq reytinqlərdə təmsil olunması və agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Elm və Təhsil Nazirliyi elm, ali və orta ixtisas təhsili sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən qurumdur. Agentlik “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı əsasında yaradılıb.