EN

Aİ-nin aparıcı rəsmiləri Macarıstanın keçirdiyi görüşləri boykot edəcək

Budapeştin Avropa İttifaqına (Aİ) altı aylıq rotasiyalı sədrliyi dövründə Avropa komissarları Macarıstanın baş naziri Viktor Orbanın keçirdiyi qeyri-rəsmi görüşləri boykot edəcəklər. Bu bəyanatı Avropa Komissiyası Orbanın Rusiya və Çin liderləri – Vladimir Putin və Si Cinpinlə Aİ ilə razılaşdırılmayan görüşlərindən sonra verib. “Macarıstanın sədrliyi ilə başlayan son hadisələr fonunda Avropa Komissiyasının rəhbəri (Ursula fon der Leyen) qərara gəlib ki, Komissiya yalnız Şuranın qeyri-rəsmi toplantılarında aparıcı rəsmi ilə təmsil olunacaq”, – fon der Leyenin baş sözçüsü Erik Mamer X platformasında yazıb. Bundan başqa, “Avrokomissiyanın kollegiyası prezidentlik edən ölkəyə (Macarıstana) səfər etməyəcək”, – Mamer deyib. Kollegiya Avropa Komissiyanın liderlərini təmsil edir, 27 komissardan ibarətdir. Macarıstan bu bəyanata etirazını bildirib. Avropa məsələləri üzrə nazir Yanoş Boka komissiyanı işləmək istədiyi institutlar və üzv ölkələr arasında seçim etməkdə günahlandırıb. “Aİ Komissiyası əməkdaşlıq etmək istədiyi institutları və üzv ölkələri istədiyi kimi seçə bilməz. İndi Komissiyanın bütün qərarları siyasi mülahizələrə əsaslanır?”, – Boka X-də sual edir. Komissiyanın bu addımından öncə isə “Politico” təsdiqlənməmiş xəbər yayıb ki, Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel blokun xarici işlər nazirlərini özünün “rəsmi” şurasına yığmağı planlaşdırır və görüş Macarıstanın avqusta saldığı oxşar toplantı ilə eyni vaxtda keçirilə bilər. Macarıstan iyulun 1-dən Aİ-də prezidentliyə başlayıb. Orban iyulun 5-də Moskvaya, daha sonra Çinə səfər edib, Putin və Si ilə Ukrayna müharibəsini bitirməyi müzakirə etdiyini açıqlayıb. Bu səfərlər haqda blok öncədən bilgiləndirilməyib. Putinlə dost münasibətləri olan Orbanın Aİ ilə əlaqələri ziddiyyətlidir, Ukraynanın işğalından dolayı Moskvaya sanksiyalara etirazını bildirir. Orban Kremldə Putinlə danışıqlardan sonra deyib ki, onun səfəri müharibə edən tərəflər arasında dialoqun bərpası üçün ilk addımdır. Amma həm Aİ, həm də ABŞ onun bu missiyasını sərt tənqid ediblər. “Putin dilə tutmaqla dayanan deyil. Yalnız birlik və qətiyyət Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə aparacaq”, — fon der Leyen Orbanın Moskvaya səfərindən sonra X-də yazıb. Ağ ev də tənqidə qoşulub. Mətbuat katibi Karin Jan-Pyer (Karine Jean-Pierre) deyib ki, bu səfər sülh məsələsini irəli aparmayacaq, “Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini möhkəmləndirməsinə ziddir”. AzadlıqRadiosu

Chosen
169
19
xural.com

10Sources