Taksilərlə bağlı iyulun 1-dən tətbiq olunan yeni qaydalardan sonra dövriyyədən çıxarılan maşınların kütləvi satışa çıxarılması müşahidə olunur. Belə ki, “Toyota Prius”, “Honda Civic” və “Honda İnsight” kimi əksər olaraq taksi fəaliyyəti zamanı istifadə olunan modellərin bir çoxu buraxılış ili və digər səbəblərdən artıq bu seqmentdə istifadəyə yararsızdır.
Bu isə avtomobil bazarında sadalanan modellərin olduqca ucuz satılmasına gətirib çıxarır. Avtomobil satıcılarının bir çoxu bunun digər maşınların bazarına olduqca mənfi təsir göstərdiyini qeyd edir. Bəs görəsən, satışa çıxarılan “Prius”ların kütləvi alışı gözlənilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, həmin avtomobillər sadəcə şəhər mühiti üçün nəzərdə tutulub:
“Prius” və bu qəbildən olan avtomobillərin istifadəsi daha çox şəhər mühiti üçün nəzərdə tutulub. Ümumiyyətlə Azərbaycan əhalisi faktiki olaraq, daha çox aktiv həyat tərzi sürən əhalidir. Yəni mütəmadi olaraq, iş, səyahət, istirahət və digər məsələlərlə bağlı maşınlardan istifadə edirlər. Lakin “Prius”un daha az yanacaq sərfiyyatı ilə yalnız şəhər mühitində istifadə ediləcək nəqliyyat vasitəsidir. Buna görə də, bu maşın “yolsuzluq avtomobili” hesab edilmir”.
Ekspertin fikrincə, “Prius”lar kütləvi satışa çıxarılsa da, alıcı potensialı o qədər də yüksək deyil:
“Xüsusən soyuq aylarda “Prius”un elektrik sistemlərində müəyyən problemlərin yaranması istisna deyil. Digər tərəfdən, hazırda ölkədə hibrid maşınların yanacaqdoldurma məntəqələrin sayı kifayət qədər azdır. Ən əsası isə, sürücülərimizi hər zaman narahat edən rəsmi diller və ehtiyat hissələrinin çətin tapılması bu maşınlara marağı olduqca azaldır. Bütün bunları nəzərə alsaq, “Prius”ların vətəndaşlar tərəfindən daimi istifadə üçün kütləvi şəkildə alınacağını düşünmürəm. Sadəcə, hazırda taksi dövriyyəsindən çıxan maşınların kütləvi satışı müşahidə olunur. Alıcı sayı isə o qədər də çox deyil”.