EN

“Böyük Qayıdış: Qarabağ” filminin nümayişi olub

İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində Qarabağa qayıdışı və bu bölgədə həyatın yenidən canlanmasını, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini təsvir edən “Böyük Qayıdış: Qarabağ” sənədli filmi nümayiş etdirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə filmin müəllifi, "TRT World"un jurnalisti Oubai Şahbandar çıxış edərək ekran əsəri barədə məlumat verib. Bildirib ki, filmin ərsəyə gəlməsində əsas məqsəd yalnız münaqişənin tarixi və siyasi tərəflərini deyil, insanların ədalətli mübarizələrini və fərdi hekayələrini vurğulamaq, onların ən çətin şəraitdə belə ümid və nikbinliklə yaşamağa davam etdiklərini nümayiş etdirmək idi.

Həmmüəllif Adnan Hüseyn sənədli filmində Azərbaycan vətəndaşlarının gücünü və mübariz ruhunu göstərməyə çalışdıqlarını qeyd edib. O, həmçinin vurğulayıb ki, 30 illik işğala 44 günlük Vətən müharibəsi ilə son qoyan Azərbaycan bu gün Qarabağ bölgəsində inamlı Böyük Qayıdış proqramına start verib. Doğma yurdlarından vaxtilə didərgin düşən məcburi köçkünlər evlərinə geri dönür, kənd və şəhərlər müasir üslubda bərpa edilir, Qarabağda əsl yenilənmə prosesi gedir.

Sonra film təqdim olunub.

Ekran əsərində Azərbaycanın ən qədim tarixi bölgələrindən olan Qarabağın işğalı zamanı aparılan məqsədyönlü dağıdılma, mədəni irsin məhvi nəticəsində yerlə-yeksan edilən şəhərlərin indi - 30 illik işğaldan sonra canlanma prosesi, hazırda dirçəlməkdə olan Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilana geri dönən yerli sakinlərin təəssüratları, rəsmi şəxslərin, ekofəalların görülən işlər barədə fikirləri əksini tapıb. Filmin yekununda isə Qarabağa geri dönən insanların gələcəyə böyük ümidlə baxdığı, həyatlarını doğma torpaqlarında şövqlə davam etdirdikləri təsvir olunur.

Chosen
208
8
sia.az

10Sources