EN

“Acınacaqlısı odur ki, mətbuatımızdakı tənqidi materiallara dövlət orqanları çox nadir hallarda reaksiya verir...”

“Ona da təəssüf ki, bu saat Azərbaycanda müstəqil  jurnalistika yoxdur. Hər bir  mətbu orqan himayəsində olduğu klanının yüksək vəzifədə olan fərdinə xidmət edir...”
 
“Hər bir halda bu gün Milli Mətbuat günüdür və bu bayram münasibəti ilə bütün jurnalistləri təbrik edirik...”
 
“Milli Mətbuat günündə jurnalistlərimizi təbrik etməkdən öncə mediamız haqda tənqidi fikirlərimi səsləndirməyi özümə borc bilirəm. Çünki inkişafın əsas mənbələrindən biri də tənqiddir. Və həm də Milli Mətbuat ölkənin ictimai fikrinin güzgüsüdür. Orada ölkəmizdə baş verən bütün hadisələr öz əksini tapmalıdır. Mətbuatımız  müasir  dövrün tələblərinə uyğun olaraq üç səpkidə inkişaf edir: qəzet-jurnal, televiziya və elektron mətbuat. Üçüncüsü daha inkişaf etmiş sahədir və oraya daha çox  tələbat var, nəinki jurnal və qəzetlərə.  Təəssüf ki, hadisələrə düzgün qiymət verilməsi baxımından mətbu orqanların çatışmayan cəhətləri xeylidir”, - bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli ifadə edib. 
 
“Azərbaycan mətbuatında jurnalist tədqiqatı deyilən obyektiv araşdırmalar yoxdur. Ən dəhşətlisi odur ki, qəzetlərdə, saytlarda çap edilən, telekanallarda nümayiş etdirilən tənqidi materiallara və yazılara dövlət orqanları çox nadir hallarda reaksiya verir. Odur ki, xalq məmur özbaşınalıqlarının qurbanı olur... 
 
Ona da təəssüf ki, bu saat Azərbaycanda müstəqil  jurnalistika yoxdur. Hər bir  mətbu orqan himayəsində olduğu klanın yüksək vəzifədə olan fərdinə xidmət edir. Onların isə xalqla əlaqəsi olduğunu düşünmək ağılsızlıq olardı... 
 
Dövlət mətbu orqanları özlərinə uyğun fünksiyalarını, demək olar ki, yüksək səviyyədə yerinə yetirir və öz informasiyalarını yaymaqla məşğuldurlar”, - deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb. 
 
Analitiki təəssüfləndirən hallardan biri də bir çox mətbu orqanların ölkəmizdə mənəviyyatsızlığın təbliğat maşınına  çevrilmişlər.
 
“Acınacaqlı hallardan  biri də odur ki, bir çox mətbu orqanlar ölkəmizdə mənəviyyatsızlığın təbliğat maşınına çevrilmişlər. Yazılarının, verilişlərinin əsas məğzi-mənası ondadır ki, filan aktrisa və yaxud müğənni özünə filankəsi sponsor eləyib, digəri Türkiyədə, yaxud çimərlikdə və s. klip çəkdirib, başqa birisi 5-ci dəfə ərindən boşanıb. Bu cür xalq üçün, dövlət üçün lüzumsuz hadisələri, əsasən telekanallar elə qələmə verirlər ki, sanki böyük bir tarixi hadisə baş verib... 
 
Son vaxtlar Qarabağ savaşını, torpaqlarımızın düşmən işğalından azad edilməsi əməliyyatlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış Azərbaycan Əsgərləri və Sərkərdələri haqqında verilişlər çox nadir hallarda gözə dəyir. Elə düşüncə yaranır ki, xalqın dərdi-səri elə aktyorlar və müğənnilərdir...
 
Və çox-çox təəssüflər olsun ki, Azərbaycan telekanallarının çoxu mənəviyyatsızlıq ocağına çevrilməkdədir. Yarımçılpaq aparıcı və müğənnilərin milli-mənəvi və dini dəyərlərimizə zidd olan primitiv davranışları və geyimləri azərbaycanlıların  mənəviyyatına toxunduqlarından, demək olar ki, milli heysiyyatı olan heç kəs belə kanallarımızı açıb baxmır. Çünki onların mənəvi  dəyərlərimizə, uşaq və gənclərimizə, gələcəyimizə vurduqları  zərbələr göz qabağındadır... 
 
Telekanallarda Azərbaycan poeziyasının və klassik musiqisinin izi belə yoxdur.    Dünya şöhrətli kompozitor və musiqiçiləri faktiki olaraq unudublar, daha düzünü desək, primitiv musiqinin təbliğatı ilə məşğuldurlar. Odur ki, gənclər Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun və s. heç kim olduqlar bilmirlər. Qəzetlərdəki kimi TV-lərdə də səviyyəli verilişlər  gözə dəymir”, -deyə şərhçi təəssüflə bildirib. 
 
“Mətbu orqanların səviyyəsinin aşağı enməsini göstərən onların baxış və satış statistikasıdır. Demək olar ki, qəzet və jurnallar nadir hallarda satılır. Xalq informasiya qıtlığını elektron qəzet və saytlara baxmaqla aradan qaldırır...
 
Xarici dillərdə, ilk növbədə, ingilis, fransız, alman və s. dillərdə mətbu orqanların olmaması səbəbindən Azərbaycan haqqında bu ölkələrdə informasiya qıtlığı mövcuddur. 10 il bundan əvvəl İngilis və rus dillərində “Obyektiv-reallıq” adlı elektron qəzet buraxırdıq. Qarabağla və Azərbaycanla bağlı obyektiv məlumatları dünyaya yayırdıq. Bizə kömək olmadığından qəzet bağlandı...    
 
Azərbaycanın xaricidilli mətbu orqanlarının çox az olması səbəbindən Avropa ölkələri Azərbaycana münasibəti Ermənistandan gələn informasiyalar əsasında qururlar. Gəlin razılaşaq ki, bu sahədə ermənilər bizi bu sahədə qabaqlayırlar.
 
Azərbaycan mətbuatının inkişafı üçün dövlət yardımının olması da göz qabağındadır. Bu yardım ilk növbədə Azərbaycançılıq ideologiyasının təbliğatına yönəldilməlidir. 
 
Hər bir halda bu gün Milli Mətbuat günüdür və bu bayram münasibəti ilə bütün jurnalistləri təbrik edirik”,- deyə analitik yekunlaşdırıb.
 
Sultan Laçın    
 
Chosen
170
50
moderator.az

10Sources