EN

Bu iynələri vurdurarkən DİQQƏTLİ OLUN -  Həkimdən KRİTİK XƏBƏRDARLIQ!

Bu Bu iynələri vurdurarkən DİQQƏTLİ OLUN -

Az öncə Hacıqabulda 55 yaşlı qadın antibiotikdən anafilaktik şok (ən güclü allergik reaksiya - red.) keçirərək ölüb. Maraqlıdır ki, ölüm halı antibiotikin həkim təyin edən dozasından yox, qoyulan sınaqdan baş verib, yəni kiçik dozadan.

O zaman sual ortaya çıxır: əgər insan sınaqdan da dünyasını dəyişə bilərsə, onda sınaq niyə qoyulur? Başqa üsul, vasitə yoxmu? Yəni sınaq qoyulmadan necə bilmək olar ki, hansısa antibiotiki bu insana vurmaq olar, ya yox? Sınağın dozası ilə bağlı tibbi normalar varmı? Xəstənin ölümündə tibb bacısının günahı nə qədərdir? 

Xatırladaq ki, müasir təbabətdə anafilaktik şok “iynə ucunda ölüm” adlanır. Belə pasiyentləri bir qayda olaraq, heç xəstəxana şəraitində də xilas etmək mümkün olmur.

İlk olaraq qeyd edək ki, bakteriyaları öldürən və ya onların çoxalmasına maneə törədən bioloji mənşəli və ya sintetik yolla alınan maddələrə antibiotik deyilir. Bakteriyalar və ya göbələklər ətrafdakı digər orqanizmlərin məhv olmasına və ya daha da böyüməsinə mane olan maddələr istehsal edir və bu maddələr işləndikdə istifadə etdiyimiz antibiotiklərə çevrilirlər.

Antibiotiklər viruslara və göbələklərə təsir göstərmir, buna görə də virus xəstəliklərinin müalicəsində istifadə edilmir. Antibiotik müalicəsi yalnız bakterial infeksiyalar üçün seçilir. Ümumiyyətlə isə gərəksiz antibiotik istifadəsi daha çox uşaqlarda antibiotik müqavimətinə səbəb olur və onların immunitet sisteminə zərər verir. Buna görə də ehtiyac olmadığı təqdirdə uşaqlarda antibiotik istifadəsindən qaçınmaq lazımdır. 

Antibiotiklərin orqanizmdən necə xaric olunmasına gəldikdə, bu dərmanların çoxunun qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən xaric olduğunu söyləyə bilərik. Gərəksiz antibiotiklər də bu orqanlara zərər verir. Antibiotiklərin təkrar istifadəsi uşaqlarda selikli qişa infeksiyası adlanan sinüzit, qulaq iltihabı, pnevmoniya, faringit və ishal kimi xəstəliklərin daha çox yayılmasına səbəb olur...

İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov “Yeni Müsavat”a mövzu ilə bağlı danışarkən dedi ki, bir sıra preparatlar var ki, onlara qarşı insanların həssaslığı yüksəkdir: “Bu səbəbdən anafilaktik şok verə, ölümlə nəticələnə bilir. Ona görə də həkimlər antibiotiklərdən istifadədən öncə kiçik dozada sınaq qoyurlar. Xüsusən antibiotiklərə qarşı həssas olanlara belə sınaqlar tətbiq edilir. Baş verən hadisədə sınaq qoyulan zaman anafilaktik reaksiyanın olması mümkündür. Sual oluna bilər ki, o zaman niyə sınaq dozası qoyulur? 

Bəzi insanlarda allergenin çox böyük dozalarına reaksiyalar ola bilir. Bəzi insanlarda isə nəinki “prob” qoymaq, həmin allergenin havada olması, qoxulamaq belə kifayət edə bilər. Hətta iynə vurulan otağın yanından keçərkən belə şoka düşüb yıxıla bilər. Bu, olduqca hipperhəssas insanlarda yarana bilir. Biz praktikada sınağın qoyulması zamanı şok hallarının baş verməsini görmüşük, bilirik. Bəs nə etmək lazımdır? Sınaq özü şok edirsə, bu, nəyə lazımdır? 

Ən çox lazım olan məsələ pasiyentdən mümkün qədər çox anamnezin toplanmasıdır. Xəstənin həyatı boyu allergik reaksiya keçirməsi olubmu? Hansısa bitkiyə, qidaya, qoxulara qarşı allergiya yaşayıbmı, əgər olubsa, artıq həssas olmasından xəbər verir. İkinci tərəfdən sınaq qoyulmasının özündə bəzən yanlışlıq olur. Bəzən gərəkli olan dozadan artıq dəri altına yeridilir. Halbuki sınaq qoyulmasında məqsəd həmin allergen ola biləcək preparatın mümkün qədər böyük olmayan dozasının orqanizmə yeridilməsindən ibarətdir. Əgər sınaq nəticəsində həmin allergenin gücü ancaq yerli bir qızartı, yəni iltihab yaratmasına gətirib çıxarırsa, böyük dozada bədənə yeritmiş olsaq dəyişikliklər böyük miqyasda olacaq. 

Sınaq nə qədər təhlükə daşımasa da,  mütləq anamnez götürülməlidir. Bu gün təbabətdə başqa üsullar da var. Preparatın bədənə uyğun olub-olmamasını yoxlamaq üçün müxtəlif üsullar mövcuddur. Yaxud həddən artıq çox kiçik doza tətbiq olunma metodları var. Bununla belə, əgər pasiyent allergenə qarşı çox hiperhəssasdırsa, biz ona milyonda bir doza vursaq belə, yenə eyni reaksiyanın şahidi ola bilərik".

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ağrıkəsicilər və antibiotiklər dünyada ən çox istifadə edilən və ən çox yan təsirlərə səbəb olan dərmanlardır. Professor Osman Erk mediaya açıqlamasında istifadə edilən antibiotiklərin mövcud xəstəlikləri müalicə etmədiyini və ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini deyib. Həkimə görə, bunlara ishal, allergik dəri çöküntüləri, qaraciyərin zədələnməsi, böyrək çatışmazlığı, anafilaktik şok və hətta infarkt daxildir. Ona görə də xəbərdarlıqların ciddiyə alınması və bu dərmanların heç vaxt həkimə müraciət etmədən istifadə edilməməsi lazım olduğunu bildirib: “Yoluxucu xəstəliklər, ümumiyyətlə, yüksək hərarətlə irəliləyir. Ancaq hər qızdırma infeksiya əlaməti deyil. 

Antibiotiklər yalnız bakteriyalara qarşı təsirlidir. Göbələklərə və viruslara qarşı təsirli deyil. Soyuqdəymə, qrip və ishal kimi yuxarı tənəffüs yolu infeksiyaları antibiotiklərin ən çox istifadə edildiyi və lazımsız olduğu xəstəliklərdir. Bütün bu kəskin xəstəlik hallarında törədici agent əsasən viruslardır (90 faiz) və antibiotiklərin istifadəsi lazımsızdır. Bir yoluxucu xəstəliklə qarşılaşdıqda, törədicinin bakteriya və ya virus olduğunu ayırd etmək son dərəcə vacibdir. Tifo, amöb, vəba və vərəmin törətdiyi ishal istisna olmaqla, hətta bakteriyaların törətdiyi ishal zamanı belə antibiotik istifadəsi lazımsızdır. İshalın müalicəsində istifadə edilən antibiotiklərin ən çox görülən yan təsiri antibiotiklərin səbəb olduğu ishaldır".

Xüsusilə uşaqlıq dövründə tez-tez antibiotik istifadə edənlərdə piylənmə, şəkərli diabet, xərçəngə tutulma hallarının artması, immun sisteminin zəifləməsi kimi halların tez-tez rast gəlindiyi bildirilir. Anafilaktik şok antibiotiklərin ən qorxulu yan təsirləridir. Antibiotik istifadəsindən dərhal sonra baş verən qaşınma, səpgi, nəfəs darlığı, təzyiqin düşməsi, bəzən ürəkbulanma, qusma və qarın ağrısı kimi əlamətlərlə müşayiət olunur. Digər ən qorxulu fəsadlardan biri qanlı ishala səbəb ola bilən nazik və yoğun bağırsaq xəstəliyidir. Bəzi antibiotiklər xüsusilə qaraciyər və böyrəklərə zərər verə, qaraciyər və böyrək çatışmazlığına səbəb ola bilər. Antibiotiklər qan hüceyrələrinin istehsal olunduğu yer olan sümük iliyinə də zəhərlidir.

E-saglam.az 

Chosen
110
50
e-saglam.az

10Sources