EN

ABŞ və Qərbin Ukraynada ehtiyat etdiyi MƏSƏLƏ: Rusiya bundan istifadə edə bilər – Silsilə terror aktları

“Ukrayna məsələsi ilə bağlı bir sıra hallarda mətbuatın təqdim etdiyi yanlış mənzərə formalaşdırılır. Çünki Birləşmiş Ştatların Ukraynaya verdiyi dəstək şişirdilir. Əslində, Ukrayna prezidenti Volodimir Zelenski də bir sıra hallarda bununla bağlı öz narazılığını ifadə edib”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi Rusiya daxilində baş verən silsilə terror aktlarının arxasında Ukraynanın dayanması amili ilə bağlı Rusiya mediasının iddialarından, habelə müharibənin hazırkı durumundan söz açıb.

Onun sözlərinə görə, bu gün ABŞ-nin və Qərbin ehtiyat etdiyi bir məsələ varsa, bu da Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalıdır:

“Çünki Moskva açıq şəkildə və ən yüksək səviyyədə bəyan edib ki, əgər Rusiyanın Ukrayna savaşı kontekstində dövlətçiliyi sual altına düşəcəksə, o zaman nüvə silahından istifadə edəcək. ABŞ də bundan ehtiyat etdiyi üçün Ukraynaya yalnız təslim olmamaq üçün dəstək verir və müharibənin ömrünü uzatmaqla Rusiyanın iqtisadi çökməsi planlarının üzərində dayanıb. Çünki Vaşinqton ehtiyat edir ki, əgər onun verdiyi silahlarla Rusiya üçün ciddi problem yaranarsa, o zaman, Rusiya Qərb dövlətlərini nüvə silahı ilə vura bilər. Bu baxımdan, o, özünü sığortalayır və nəticə də Ukrayna xalqının və dövlətçiliyinin dağıdılması hesabına Rusiyanı zəiflətmək siyasəti yürüdür”.

Ə. Zülfüqaroğlunun fikrincə, ABŞ rəsmiləri hesab edir ki, daha çox rus əsgərinin öldürülməsi ilə yanaşı, iqtisadi cəhətdən problemlərin artması ilə onlar Rusiyada hakimiyyət dəyişikliyini formalaşdıra bilərlər:

“Beləliklə də Rusiyada marionet hökuməti qurmaqla bu dövləti Qərbin vassalına çevirə bilər. Burada isə Ukrayna bir element kimi istifadə olunur. Artıq Ukraynanın dövlətçiliyi də yoxdur, eyni zamanda, Ukrayna xalqının çox ciddi problemləri mövcuddur. Yəni əhalinin kütləvi köçü baş verir və ölümlərin sayı çoxalır. Əgər Qərb istəsəydi, Ukraynaya kifayət qədər ciddi dəstək verə və Rusiya üçün daha ciddi problemlər yarada bilərdi. Amma məhz nüvə faktoruna görə Qərb buna getmədi”.

O əlavə edib ki, ABŞ bu gün Rusiyada terror dalğası ilə xalqda psixoloji problemlər yaratmaq, habelə hökumətə inamı sarsıtmaq və beləliklə də xaotik bir mənzərə yaratmaq hədəfini güdür:

“Təbii ki, burada Ukraynanın hədəf götürülməsi Rusiyanın planlarından biridir. Çünki Rusiya Ukraynaya növbəti hücum dalğasını əsaslandırmaq üçün bunu Ukraynanın üzərinə atmağa çalışır. Lakin düşünmürəm ki, ötən gün Dağıstanda baş verənlərin arxasında Ukrayna faktoru olsun. Bilirik ki, bundan öncə də terror hadisələri oldu və bunu arxasında da Qərb dayandı. Məqsəd isə Rusiyaya qarşı formalaşdırılan təzyiqlərin ölkəni daxilinə daşımaqla onun çökdürülməsi istəyidir”.

“Ona görə də bu cür hallar bundan sonra da davam edəcək. Rusiyanın həssas bölgələrində etnik münaqişələrin qızışdırılması, o cümlədən, strateji əhəmiyyət daşıyan şəhərlərdə silsilə terror aktlarının davam etdirilməsi ehtimalı yüksəkdir. Mənə elə gəlir ki, Rusiya-Ukrayna müharibəsi fonunda, eyni zamanda, Birləşmiş Ştatlardakı seçkilərə qədər cəbhədə vəziyyət daha da gərginləşəcək, həmçinin, Rusiyanın daxilində bir sıra problemlərin yaradılmasına cəhdlər göstəriləcək”, – deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Chosen
85
50
yenicag.az

10Sources